Məhkəmə qərarları › İş №2-1(114)-4540/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4540/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4540/2025 21.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə rayon Mənzil İstismar Hissəsinə qarşı “ünvan 1 ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərində hüquqların qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1963-cü il tarixdə Goranboy rayonu, Goranlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayır.

2. İddiaçı xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissədə mülki işçi kimi işləyir (Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, A-83 nömrəli arayışına əsasən).

3. Goranboy Rayon İcra Hakimiyyəti Goranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 30 nömrəli arayışına əsasən iddiaçı nümayəndəlikdə qeydiyyat olsa da, uzun müddətdir ki, ərazidə yaşamır, adına heç bir ev yoxdur.

4. Gəncə rayon Mənzil İstismar Hissəsinin 2 nömrəli Mənzil-İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 114/1-N-108/2025 nömrəli arayışına əsasən iddiaçı həqiqətən ünvan 1 ünvanda ailəsi ilə birlikdə sənədsiz və qeydiyyatsız yaşayır.

5. İddiaçı yaşadığı mənzilə dair sənədlərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir.

6. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-25-114/2-1139/2025 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən yaşayış sahəsinə ilk növbədə zabit, gizir heyəti təmin edilir. İddiaçı mülki vətəndaş olduğuna görə yaşadığı mənzilin onun adına sənədləşdirilməsi Gəncə rayon Mənzil- İstismar Hissəsinin səlahiyyətləri xaricindədir.

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərində hüquqların qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı cavabdehin balansındadır. Mənzil 2 (iki) otaqlı olmaqla 28,0 kv.m yaşayış sahəsindən ibarətdir. İddiaçı ailə üzvləri ilə birlkdə uzun müddətdir bu mənzildə yaşayır. Həmin tarixdən bu günə kimi yaşadığı mənzilə aid mənzil və kommunal xidmətlərə görə haqları cavabdehə ödəyir, o cümlədən yaşadığı müddət ərzində mənzildə təmir işləri aparmışdır. İddiaçı 12 il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində əvvəl qabyuyan, sonra aşbaz vəzifəsində işləmiş və hal-hazırda da Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə aşbaz vəzifəsində işləyir. İddiaçının əri X1 2011-ci il may ayının 5-də ürək xəstəliyindən vəfat etmişdir. İddiaçı 3 övladı ilə birlikdə çox çətinliklə yaşayır. Bütün bunlara baxmayaraq sözü gedən mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin hağlanması və mənzilə şəxsi hesab vərəqəsinin açılması üçün aidiyyatı üzrə Gəncə rayon Mənzil-istismar hissəsinə şifahi və yazılı müraciətlər etmiş, lakin cavabdeh tərəfindən mtina edilərək bildirilmişdir ki, mövcud qanunvericiliyə görə hərbi qulluqçular üçün nəzərdə tutulmuş evlərlə ilk növbədə növbəlilik qrafiki nəzərə alınmaqla zabit və gizir heyəti təmin olunurlar, lakin hal-hazırda iddiaçı mülki vətəndaş olduğuna görə iddiaçıya kömək etmək onların səlahiyyətləri xaricindədir. Bu barədə cavabdehin rəsmi məktubu da vardır.

10. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

11. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-25-114/2-1380/2025 nömrəli məktubunda bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak onun balansındadır, açıq tipli hərbi şəhərcikdə yerləşir, xidməti mənzildir, göstərilən mənzilə dair order və kirayə müqaviləsi verilməmiş və mənzilə köçməyə dair heç bir sənəd yoxdur. Halhazırda həmin mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır.

12. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı Gəncə rayon Mənzil-İstismar Hissəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2025-ci il tarixli imtina məktubu müraciətdən imtina etmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə, 30 günlük müddətə riayət etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hаzırkı iddiа ilə iddiаçı оnun istifаdəsində оlаn mənzilə dаir kirаyə müqаviləsini bаğlаmаq bаrədə аrzulаdığı inzibаti аktın – qərarın qəbul edilməsi və şəxsi hesab vərəqəsinin açılması vəzifəsinin cаvаbdеh Gəncə rayon Mənzil İstismar Hissəsinin üzərinə qоyulmаsını tələb еdir. İddiaçı bununla bağlı cavabdeh quruma müraciət etsə də, cavabdeh orqan “İnzibati İcraat haqqında” Qanunun tələblərinə zidd olaraq yaşayış sahəsi ilə ilk növbədə zabit, gizir heyətinin təmin edildiyini, iddiaçının isə mənzil növbəsi çatmadığını əsas gətirərək onun ərizəsinin təmin edilməsindən imtina etməsi barədə məktubla cavab verməklə kifayətlənmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. 21.5-ci maddəsinə görə, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Qeyd olunan normanın məzmunundan aydın olur ki, hərbi qulluqçuya dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir. İş materialları ilə də təsdiq olunur ki, iddiaçı uzun müddətdir ki, sözügedən mənzildə yaşayır. Mövcud mənzil qanunvericiliyinin tələblərinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan yaşayış sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin etməmiş, inzibati akt qəbul etməmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar