Məhkəmə qərarları › İş №2-1(114)-455/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-455/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-455/2022 27.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X8 katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X2, X3 və X4) qarşı çıxarışlarda düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, 16.10.2017-ci il tarixli, RX ******* nömrəli və 17.10.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışlarda adlarının müvafiq olaraq “İddiaçı1” və “İddiaçı2” kimi düzəliş edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların adları müvafiq olaraq “Nazilə” və “Emin” olduğu halda 16.10.2017-ci il tarixli, RX ******* nömrəli və 17.10.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışlarda səhvən “Nazimə” və “Elçin” kimi göstərilmişdir. Bu yalnışlıq onlara bəzi hüquqi məhdudiyyətlər yaradır. Bu səhvin aradan qaldırılması məqsədilə cavabdehə müraciət etsələr də, müsbət cavab ala bilməmişlər. Cavabdeh **********60 nömrəli, 16.08.2021-ci il tarixli məktubunda iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verimişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, plan və ölçü sənədinin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İddiaçıya və ailə üzvlərinə məxsus Bərdə rayonu Əmirli kəndində yerləşən torpaq sahərinə dövlət reyestrindən verilmiş çıxarışlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında qeydiyyata alınmışdır. Həmin sənədlərdə hüquq sahibləri adlarının hansı səbəbdən göstərilən kimi səhv yazılması cavabdehə məlum deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh və üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1-ci, 6.1-ci və 6.2-ci bəndində Plenum məhkəmələrə izah etmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçıların hazırki işdə hüquqi marağı ad, soyad, ata adının “İddiaçı2” və “İddiaçı1” kimi deyil “X1” və “X5” kimi səhvən yazılmış 16.10.2017-ci il tarixli, RX ******* nömrəli və 17.10.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışların onlara məxsus olmasının müəyyən olunmasıdır. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, inzibati orqanın publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu cür mübahisələrə məhkəmələrdə baxılması qaydası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməmlidir (üstüstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçi hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırıaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdə göstərilən hallar mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı 16.10.2017-ci il tarixli, RX ******* nömrəli və RX ******* nömrəli çıxarışlarda adlarının müvafiq olaraq “İddiaçı1” və “İddiaçı2” kimi düzəliş edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar