Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4552/2025 16.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - iddiaçıya xx.xx.2002-ci il tarixdə ümumi xəstəlik səbəb əlaqəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin AR 139121, AR 264118, AR 327381 və AR 546283 seriya nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən, İddiaçı barəsində əlilliyin səbəbi qrafasında “uşaqlıdan əlil” qeyd edilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2025-ci il tarixli, 207 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən 1987-1988-ci tədris ilində kar uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin 11-ci sinfində oxumuşdur; - xx.xx.2024-cü il tarixli, AZ-T 260975 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, “atası” qrafasında X4 və “anası” qrafasında X5 qeyd edilmişdir; - xx.xx.2001-ci il tarixli, AZ-İ 004752 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X4 ilə X2 nikahları xx.xx.2001-ci il tarixdə ləğv edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Hüseynov” və qadına “Rüstəmova” soyadı verilmişdir; - 19.12.2015-ci il tarixli, AZ-İ 787546 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2015-ci il tarixdə kəskin ürək qan damar çatışmazlığı səbəbi ilə ölmüşdür; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-71-126395/2025 nömrəli “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktuba əsasən, təqdim etdilən müayinə aktından çıxarışa əsasən vətəndaş İddiaçı ilkin əlilliyi xx.xx.1999-cu il tarixində (18 yaşınızdan sonra) müəyyən edildiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 172281/2025 nömrəli “məhkəmə sorğusunun cavablandırılması haqqında” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 12.02.2024-cü il tarixli, 3-17-1/1-H-30093/2024 nömrəli “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərara əsasən, vətəndaş İddiaçı ilkin əlilliyi xx.xx.1999-cu il tarixdə təyin edildiyi üçün (30 yaşında) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunauyğun hesab olunmur; - 16.05.2025-ci il tarixli, 3-17-1/1-H-103715/2025 nömrəli “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1.2-ci maddəsinə əsasən İddiaçı 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olmadığı üçün adıçəkilən şəxsə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunauyğun hesab olunmamışdır. Sosial müavinət alır.
3. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X14 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-20948/2025 nömrəli “vətəndaşın əlillik vəziyyatı haqqında” məktuba qoşma şəklində əlavə edilmiş Azərbayca Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2002-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2002-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin müəyyən olunmaslı meyarlarında “2.2 İkinci dərəcəli əlillik => DİGƏR: Sol said sümüklərinin sınığından sonrakı deformasiyası. Sol mil bilək oynağının və barmaqlarının bükülmə kontrakturası. Sol mil dirsək sümüyünün postravmatik nevritinin qalıq əlamətləri. Anadangəlmə lal-karlıq” qeyd edilmişdir.
4. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-172281/2025 nömrəli “məhkəmə sorğusunun cavablandırılması haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X12 xx.xx.2025-ci il tarixli, 3-17-4/2-20948/2025 nömrəli “vətəndaşın əlillik vəziyyatı haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər. b) Tərəflərin ərizəsi, etirazı, iştirakı və aralıq məhkəmə aktları
5. İddiaçı cavadbeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ailə başçısını itirməyə görə pensiyanın xx.xx.2024-cü il tarixdən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı sağlamlıq imkanı məhdud uşaq kimi qeydiyyatda olmuş, anadangəlmə eşitmə qüsurludur və anası X5 xx.xx.2015-ci il tarixdə anam vəfat etmişdir. İddiaçı bildirir ki, o, ailə başçısını itirməyə görə pensiya verilməsi üçün müraciət etmiş, lakin 18 yaşadək sağlamlıq imkanlarının məhdudluğu barədə tibbisosial ekspert komissiyasının sənədinin aşkarlanmaması səbəbindən bundan imtina edilmişdir. O bildirir ki, dövlət tərəfindən daima ona sağlamlıq imkanı məhdud uşaq kimi müavinət verilmiş, hətta 1999-cu il tarixdə ona ikinci dərəcəli əlillik təyin edilməsi haqqında TSEK-in müayinə aktından çıxarışda əlilliyin səbəbinin “uşaqlıqdan əlil” olması göstərilmiş və ona qoyulan bütün diaqnozlarda “anadangəlmə lal-karlıq (DSMF-nin məlumatlarına əsasən)” qeyd edilir. İddiaçı qeyd edir ki, deməli, bu məlumatlar var və əlçatandır. Lakin cavabdeh orqan bu məlumatlardan istifadə dib onun hüququnu həyata keçirməyə mane olur.
7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.
8. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərcüməçinin köməyi ilə iddia tələbini müdafiə etmiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının dövlət hesabına olan vəkili iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, hüquqlarının müdafiə etdiyi iddiaçının tələbinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmiş, imtina məktubuna oxşar izahat verərək iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
11. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
12. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır.
13. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1- 1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
21. İddiaçı xx xxxxxx 1969-cu ildə doğulmuş, 33 yaşı olduqdan sonra Gəncə 3 saylı Şəhər poliklinasının göndərişi əsasında barəsində xx.xx.2002-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmış, əlilliyin müəyyən olunması meyarlarında “anadangəlmə lal-karlıq” qeyd edilmişdir.
22. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir və o, həmin pensiyanı almaqda davam edir. 18 dekabr 2015-ci ildə iddiaçının anası vəfat etdiyindən pensiya növünün dəyişdirilərək əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilməsi barədə cavabdehə müraciət etmiş, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmaması əsası ilə cavabdeh ailə başçısını itirməyə görə pensiya təyin etməkdən imtina etmişdir.
23. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğundan, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
24. Cavabdehin şikayətinin dəlillərinə əsasən, iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.
25. İşdə olan sənədlərə əsasən iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır.
26. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 21 noyabr 2002-ci il tarixdə çap edilmiş məlumatında iddiaçının əlilliyi - “ikinci dərəcə”, xəstəliyin diaqnozu - “anadangəlmə lal-karlıq”, əlillik müddəti - “müddətsiz”, əlillik səbəbi - “ümumi xəstəlik”, əmək zəmanəti - “yüngül işlərdə işləyə bilər” qeyd edilmişdir.
27. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın qərarlarında göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, iddiaçının əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.
28. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunvericilik isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.
29. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə lal-karlığı təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.
30. İddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarın 21 noyabr 2002-ci ildə (18 yaşdan sonra) qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı məhkəmə təsdiq edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.
32. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilir.
33. Məhkəmə qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir.
34. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar.
35. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Məhkəmə qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqdan, yəni iddiaçıya əlilliyin təyin edilməsi barədə xx.xx.2002-ci il tarixdə qəbul edilmiş qərarda, 1999, 2000,2001 və 2002-ci ildə verilmiş TSEK-də müayinə aktından çıxarışlarda iddiaçının xəstəliyinin anadangəlmə lal-kar olması öz təsdiqini tapdığlndan, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Yuxarıda qeyd edilən yanaşma iddiaçıya münasibətdə tətbiq edilməlidir.
36. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.
37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”).
38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır.
39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
41. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir
42. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir.
43. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur.
44. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.
45. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar.
46. Belə ki, işin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticəsinə görə iddiaçının diaqnozu anadangəlmə lal-karlıq kimi göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, 21 noyabr 2002-ci il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar 21 noyabr 2002-ci il ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur.
47. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.
48. Məhkəmə hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.
49. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2925/2023 nömrəli qərarında da oxşar mövqe əks etdirilmişdir.
16. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. 08 fevral 2024-cü il tarixdən hesablanmaqla İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov