Məhkəmə qərarları › İş №2-1(114)-457/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-457/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-457/2024 15.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X3) qərarın hissəvi ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 26 nömrəli qərarının X2 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3924/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3924/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı qərarın hissəvi ləğv edilməsi tələbinə dair iş üzrə X3 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum atası Hüseynov Mustafa Məhərrəm oğlundan qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən iki otaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evə və 0.25 ha həyətyanı torpaq sahəsinə tərəfindən mirasın faktiki qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda qardaş və bacıları müxtəlif ünvanlarda yaşayırlar. Atasından miras qalmış əmlakı o idarə etmiş, eləcə də atasının dəfn xərclərini o çəkmişdir. Ata və anasından qalmış evdə o yaşamışdır. Anası xx.xx.1999-cu il tarixdə, atası isə xx.xx.2000-ci il tarixdə vəfat etmişlər. Həmin ev mərhum atası Hüseynov Mustafa Məhərrəm oğlunun adına olmuşdur. Atası vəfat etdikdən sonra, miras qalmış evi təmir etmiş, evdə yaxşılaşdırma işləri aparmışdır. Həmin evi öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Gədəbəy rayon Notariat Kontoruna və eləcədə DƏDRX-nin 11 saylı ərazi icarəsinə müraciətlər etmiş, lakin Gədəbəy Rayon Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 55 saylı imtina məktubu verilmişdir. Mübahisəli evin təsərüfatbaşına kitabdan çıxarışı var və həmin çıxarışda ev və həyətyanı torpaq sahəsi barədə qeydlər aparılmışdır. O, sənədlərini DƏDRX-nin 11 saylı Şəmkirə Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də, sənədləri qəbul etməmişlər və həmin əmlakın mülkiyyət kimi qeydiyyatdan keçməməsini və eləcə də həmin evlə bağlı heç bir hüquqi sənədin olmadığını bildirmişlər. Ona görə də, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-688/2021 saylı qətnaməsi ilə İddiaçı mərhum atası Hüseynov Mustafa Məhərrəm oğlundan miras qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən iki otaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evi və 0.25 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməyi faktı müəyyən edilmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsi və onun üzərində yerləşən evlə bağlı hüquqların dövlət qeydiyyatına alınıb çıxarışın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əirlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müraciəti ilə bağlı verilmiş imtina cavabında bildirilmişdir ki, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və torpağın koordinatlarını elektron xəritəyə daxil edən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 26 nömrəli qərarı ilə digər şəxsin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün digər şəxsin notarial qaydada razılıq ərizəsi tələb olunur. Əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilmiş, iddiaçı və üçüncü şəxs gəlmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehin nümayəndəsi ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-688/2021 nömrəli qətnaməsi ilə İddiaçı mərhum atası Hüseynov Mustafa Məhərrəm oğlundan miras qalmış Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən iki otaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evi və 0.25 ha həyətyanı torpaq sahəsi İddiaçı tərəfindən qəbul edilmişdir. Həmin qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs qismində X3 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1515/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ərizə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1313/2024 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1515/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı mübahisələndirilən torpaq sahəsinə vərəsəlik hüququ məhkəmənin qərarı ilə tanınmamışdır. Bu hal isə hazırkı iddia tələbi üzrə İddiaçı subyektiv hüququnu istisna edir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X3) qərarın üçüncü şəxsə aid olan hissəsinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı qərarın üçüncü şəxsə aid olan hissəsinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X3) qərarın üçüncü şəxsə aid olan hissəsinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar