Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4571/2024 24.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Nəsimi” firmasının cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə və qeyrilərinə qarşı dövlət aktının və çıxarışın etibarsız hesab edilməsi, tikintinin sökülüb əvvəlki vəziyyətə gətirilməsi, cavabdehin üzərinə düşən vəzifələri yerinə yetirməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı “Nəsimi” firmasının cavabdehlər Azərbaycan Respublikasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə, Tovuz rayon bələdiyyəsinə və Yüzbaşıyev İsrayıl Qənbər oğluna qarşı dövlət aktının və çıxarışın etibarsız hesab edilməsi, tikintinin sökülüb əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlərin üzərlərinə düşən vəzifələrini yerinə yetirmələri tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı “Nəsimi” firması cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə, Tovuz rayon bələdiyyəsinə və Yüzbaşıyev İsrayıl Qənbər oğluna qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Tovuz bələdiyyəsinin Yüzbaşov (Yüzbaşyev) İsrayıl Qənbər oğluna 0.02 ha torpaq sahəsinin satılmasına dair 30 iyun 2003-cü il tarixli 7/1 saylı qərarının, həmin qərar əsasında verilmiş 08 noyabr 2003-cü il tarixli JN-0007 KOD 50300001 saylı dövlət aktının və 22 sentyabr 2006-cı il tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən MH seriyalı 00004487 saylı çıxarışın etibarsız hesab edilməsi, tikintinin sökülüb əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərin üzərlərinə düşən vəzifələrini yerinə yetirmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yüzbaşyev İsrail Qənbər oğluna 1990-cı il Tovuz rayon XDS İcrayyə Komitəsi tərəfindən X1 bazarının yaxınlığında M.Musayev küçəsində ticarət obyekti tikmək üçün 52.5 kv.m torpaq sahəsi ayrılması üçün qərar vermişdir. 15 oktyabr 1996-cı il tarixində Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər nümayəndəsinin sərəncamı ilə (onlara eyni nömrəli eyni tarixli, eyni məzmunlu iki sərəncam təqdim edilmişdir. Biri əl yazısı ilə 2 (iki) yerdən həm sərəncam yazılan yerdən, həm də sonda möhürlənmişdir. İkinci sərəncam isə makinada yazılmış və sonda imzalanmışdır. Əl ilə yazılan sərəncamla makinada yazılan sərəncamları eyni adam imzalasa da imzaların eyni olmaması adi göz ilə də görünür.) Tovuz rayonu Əlibəyli kənd sakini Yüzbaşıyev İsrayıl Qənbər oğlunun Mərkəzi Bazarın yaxınlığında 15mx8.5m ölçüdə tikdirmiş olduğu ticarət obyekti onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. (nə əsasla 52.5 M2 yox 127.5M2 tikmişdir. XDS-nin qərarını niyə pozurdu.) Ancaq 15 oktyabr 1996-cı il tarixində Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər nümayəndəsinin sərəncamı ilə Yüzbaşıyev İsrayıl Qənbər oğlunun Mərkəzi Bazarın yaxınlığında 15mx8.5m ölçüdə, yəni sahəsi 15mX 8.5m= 127.5 m olan tikdirmiş olduğu ticarət obyekti onun adına rəsmiləşdirilməsi qərara alınması göstərilsə də, Tovuz Bələdiyyəsinin 30 iyun 2003-cü il tarixli 7/1 saylı qərarı ilə Yüzbaşyev İsrail Qənbər oğluna 0.02 ha toraq sahəsinin satılmasını qərara almışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən sahələrinin satılması haqqında Əsasnamənin 4-cü bəndinin mənasına görə özəlləşdirilmiş müəssisə obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüquq vardır. Necə olur ki, Yüzbaşyev İsrailin tikmiş olduğu obyetin altındakı torpaq birbaşa ona təklif edilməmiş, Tovuz bələdiyyəsinə verilmiş bələdiyyədə qanun pozuntusu ilə torpağı ona satır. Bundan əlavə, Yüzbaşıyev İsrayıl Qənbər oğluna 22 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MH seriyalı,0004487 saylı çıxarışından görünür ki, Musa Musayev küçəsində onun mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 4 girişli, 102.5 m2 ümumi, 50.1 m2 əsas, 52.4m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (mağaza) var. Bu isə 15 oktyabr 1996-cı il tarixində Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər nümayəndəsinin sərəncamı ilə Yüzbaşıyev İsrayıl Qənbər oğlunun Mərkəzi Bazarın yaxınlığında 15mx8.5m ölçüdə, yəni sahəsi 15mX 8.5m= 127.5 m" olan tikdirmiş olduğu ticarət obyekti onun adına rəsmiləşdirilməsi qərarında göstəriləndən tam fərqlidir. Aydınlaşdırılmalıdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, iddia ərizəsində cavabdeh qismində fiziki şəxs olan Yüzbaşıyev İsrayıl Qənbər oğlunun göstərilməsi, halbuki, inzibati məhkəmə icraatında baxılan tələb üzrə fiziki şəxsin cavabdeh qismində göstərilməsinin mümkünsüzlüyü, digər tərəfdən, tələbin bir neçə hissədən ibarət olmaqla, qeyri-müəyyən olması, tələbdə qeyd etdiyi tikintinin sökülməsi hissəsinin inzibati icraatda baxılan tələb olmadığı, eyni zamanda, dövlət aktı və çıxarış inzibati akt olmadığından onların etibarsızlığının da predmet ola bilmədiyi bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. İddia ərizəsində cavabdeh qismində fiziki şəxs olan Yüzbaşıyev İsrayıl Qənbər oğlu göstərilmişdir. Halbuki, inzibati məhkəmə icraatında baxılan tələb üzrə fiziki şəxs cavabdeh ola bilməz.
8. Digər tərəfdən, iddia tələbi bir neçə hissədən ibarət olmaqla, qeyri-müəyyəndir. Tələbdə qeyd edilən tikintinin sökülməsi hissəsi inzibati icraatda baxılan tələb deyildir. Eyni zamanda, dövlət aktı və çıxarış inzibati akt olmadığından onların etibarsızlığı da predmet ola bilməz.
9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu qərardadın 7 və 8-ci bəndlərində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
10. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
11. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
12. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva