Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4573/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq orqanizm funksiyalarnın pozulmasının faiz və müddətinə uyğun əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli xxxxxxx0013 saylı qərarı ilə İddiaçı əlillik vəziyyəti qiymətləndirilmiş, əlillik verilməsindən imtina olunaraq, imtina səbəbi “Diaqnoz öz təsdiqini tapmaması” qeyd olunmuşdur. II. Məhkəmədə icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin müəyyən edilərək pensiya təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, döyüş zonasında Hərbi xidmət keçərkən 1992 ci ildə yaralanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komisyasının xx.xx.2016 cı il tarixli qərarı ilə onun aldığı travmalar Hərbi travma olmaqla Azərbaycan Respublikasının Müdafiəsi zamanı alması təsdiq edilmişdir. Tibbi Sosial Ekspert Komisyasının sənədlərindən görünür ki, o, döyüş zamanı aldığı baş-beyin travmalar nəticəsində onda psixi pozuntular yaranmış və Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar nəticəsində onun əl və baş nahiyəsində qəlpələr qalması qeyd edilmişdir. Bununla bağlı onun dəfələrlə Psixatrik xəsdəxanalarında müalicələr almağına baxmayaraq onun baş beyin zədələnməsi nəticəsində yaranan digər psixi pozuntular keçirmiş və ağır kəllə-beyin travmasının kontuziyasının davamlı qalıq əlamətləri onun özünə suiqəst fikirləri psixatrik hallarla müşaidə edilməsi komissiyaların rəyində qeyd edilmişdir. Onun hüquqlarını rəsmi qaydada müdafiə edən Rəşid Həsənov tərəfindən yenidən onu pensiyasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2025 ci il tarixdə müraciət etməsinə baxmayaraq bu günə kimi müraciətə baxılmamış və onun əlilliyinin dərəcəsi müəyyən edilməyərək pensiya təyin edilməmişdir.
4. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, xx.xx.2023-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər
5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
7. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
8. Cavabdehin nümayəndəsi X3 iddia müddəti ötürüldüyündən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
10. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi ona xəstəliyinə uyğun əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir. Həmin növ iddianın mümkün sayılması üçün isə xüsusi mümkünlük şərti kimi müddətə dair şərtə riayət edilməsi tələb olunur.
12. İPM-ə görə: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
13. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və onun barəsində “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Həmin qərar barədə sistemə xx.xx.2023-cü il tarixdə daxil edilməklə, iddiaçıya məlumat verilmişdir.
14. Qeyd edilən imtina barədə iddiaçıya məlumat göndərildikdən xeyli keçdikdən sonra iddiaçı hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
15. Göründüyü kimi, iddiaçının ona əlillik təyinatından imtina edilməsindən xx.xx.2023-cü il tarixdən məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmaması və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
16. İddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, bildirilmişdir ki, həm iddia tələbini düzgün qeyd etməli olduğu, eyni zamanda tələbinin məcburetmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməli olduğu, həmin maddəyə görə isə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla biləcəyi izah olunmuş və iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb ötürülməməsi məsələsinin aydınlaşdırılmasının zəruriliyi bildirilmiş və xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir
17. İddiaçı tələbin düzgün ifadə edildiyi ərizə məhkəməyə ünvanlasa da, müddətlə bağlı ərizə ünvanlamayaraq, müddətə münasibət bildirməmişdir.
18. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürdüyündən və müddətin bərpasına dair ərizə vermədiyindən iddia mümkün sayılmamalıdır.
19. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva