Məhkəmə qərarları › İş №2-1(114)-4574/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4574/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4574/2025 04.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Meyarların 7.6.2.2-ci bəndinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1989-cu il tarixdə Qazax rayonu, DağKəsəmən kəndində anadan olmuş, hazırda Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçıya Dövlət Sosial Müdafiə Fondun keçmiş Ağstafa rayon şöbəsinin xx.xx.2008ci il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən onun əlilliyə görə əmək pensiyası növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçmişdir. İddiaçıya xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı yenidən əlilliyin təyini ilə bağlı cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli qərarla göndərişin natamam doldurulması, xx.xx.2024-cü il tarixli qərarla Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina cavabı verilmişdir. İddiaçının əlilliyi sonuncu dəfə X1 xx.xx.2024-cü il tarixli, Q00239690XİH nömrəli göndəriş əsasında xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və “Əlillik verilməsindən imtina edilmişdir – Səbəb: Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. İddiaçıya məxsus ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə Q00239690XİH nömrəli göndəriş natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri qaytarılması barədə SMS bildiriş göndərilmişdir. İddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixdə (poçta təqdim etdiyi tarix) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil Müşafiq oğlu tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Meyarların 7.6.2.2-ci bəndinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4574/2025 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə təqdim etdiyi ərizəsində bildirmişdir ki, həmin mübahisə üzrə cavabdeh orqanın xx.xx.2025-ci il tarixdə qəbul etmiş olduğu qərar mövcuddur ki, həmin qərardan ümumiyyətlə iddiaçı məlumatsızdır. Çünki cavabdeh orqan məhkəmənin elektron kabinetinə yükləmiş olduğu sənədlərdən görsənir ki, iddiaçının hal-hazırda və göndərilən vaxtdan belə istifadəsində olmayan mobil nömrəsinə SMS vasitəsi ilə bildiriş göndərdiyini və onun da həmin bildirişi almadığını bildirir. Əksinə olaraq iddiaçı həmin sənədlərinə müsbət cavab gələcəyini gözlədiyini, sonradan cavabdeh orqana zəng vurduqda onların imtina etdiklərindən xəbərdar olaraq daha da pis bir duruma düşmüşdür. Onun xəstəliyi ilə əlaqədar olaraq xəstəxanalarda stasionar və ambulator müalicələr aldığı üçün həmin qərardan xəbərsiz olmuşdur. Biz həmin qərarın olmasından məhkəmə iclasında xəbərdar olmuşuq, xx.xx.2025-ci il tarixli qərardan iddiaçı xəbardar olmadığından buraxılmış olan müddətin üzürlü səbəbdən ötürüldüyünü nəzərə alaraq müddəti bərpa olunmasını xahiş edir. Daha sonra xx.xx.2025-ci il tarixdə təqdim etdiyi ərizəsində iddiaçının nümayəndəsi bildirmişdir ki, icraatınızda olan həmin iş üzrə müddətin bərpa edilməsi barədə ərizədə iddiaçının müalicə olunması səbəbindən qərardan xəbərsiz olduğunu qeyd etmiş, iddiaçının məhz ev şəraitində müalicələr apardıqları üçün və müalicələrini həkim məsləhəti ilə etdikəri üçün həmin qərarın verildiyi vaxt ərizədə xəstəxanada stasionar qaydada yatmamışdır. Amma ki, həqiqətən də cavabdeh orqanın sms vasitəsi ilə ünvanlamış olduğu bildiriş üzrə telefon nömrəsi olan ***-***-**-** nömrəsi ümumiyyətlə onun adına olmayan sim nömrə olmuş, ümumiyyətlə həmin nömrə xx.xx.2025-ci il tarixdə aktivləşdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İş materialları müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti X1 xx.xx.2024-cü il tarixli, Q00239690XİH nömrəli göndəriş əsasında xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və həmin göndəriş əsasında - göndərişinin natamam doldurulması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı həmin qərarı inzibati qaydada mübahisələndirməmişdir. İddiaçı barəsində tibbi göndərişin üzərindən 6 aya yaxın müddət keçdikdən sonra hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur. Göründüyü kimi, iddiaçı uzun müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi poçta xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçı mübahisələndirilən qərardan məlumatsız olmuş, ***-***-**-** nömrəsi ümumiyyətlə iddiaçının adına olmayan sim nömrə olmuş, ümumiyyətlə həmin nömrə xx.xx.2025-ci il tarixdə aktivləşdirilmişdir. Məhkəmə iddiaçının ərizəsində göstərdiyi arqumentlərlə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olduqda isə bu hal üzürlü səbəb hesab edilə bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, hazırkı qərarla bağlı məlumat ***-***-**- ** mobil nömrəsinə deyil, iddiaçının adına olan (AZEMİS – onun adına olan) ***-***-**-** mobil nömrəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçı onun barəsində əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin mövcudluğunu ehtimal etdiyi halda, bu barədə “Forma- 88” tibbi göndərişin rəsmiləşdirilməsi və həmin tibbi göndərişin cavabdeh inzibati orqana göndərilməsi məqsədilə müvafiq tibb müəssisəsinə müraciət etmək, habelə əlilliyinin həmin tibbi göndəriş əsasında yenidən qiymətləndirilməsi zamanı onun müraciətindən imtina olunduğu halda, cavabdeh inzibati orqana qarşı qanunla müəyyən edilmiş qaydada və şərtlərdə (30 gün müddətində) yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Meyarların 7.6.2.2-ci bəndinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar