Məhkəmə qərarları › İş №2-1(114)-4575/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4575/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4575/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, Çaparidze küçəsi, 6-cı dalan, 38 nömrəli yaşayış evinə çəkdiyi 45000 manat və məişət əşyaları üçün 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 4 nəfər ailə üzvləri ilə birlikdə ünvan 1 evdə yaşayır. 17 noyabr 2020-ci il tarixdə saat 12:45 radələrində ona məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evindən 20-30 metr məsafədə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən atılmış raket nəticəsində evi yaşamaq üçun tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin yaşayış evinin dam örtüyündən evin içərisinə düşən qəlpələr iddiaçının sağ ayağını kəsib-qırıb, çatlatmış və nəticədə 64 gün Gəncə şəhər X1 və 3 nömrəli Gəncə Şəhər Xəstəxanasında stasionar müalicələrdə olmuşdur. Bu barədə ekspert rəyləri də vardır. Onun evinə düşən raket nəticəsində özünün xəsarətlərindən başqa, ev və məişət əşyaları, mebel dəstləri o cümlədən, daxili tikinti hissələri, tavan və döşəmələr, evin çardağı və şəxsi əşyaları dağılaraq yararsız vəziyyətə düşmüşdür. Baş vermiş hadisə ilə əlaqədar FHN-nin, Gəncə şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti Dövlət qurumlarının təmsil olunduğu Komissiya tərəfindən ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən tarixi cinayət işi üzrə yerli baxışlar keçirilmişdir. Onun fərdi yaşayış evi tam yararsız hala düşdüyü və cavabdeh tərəfindən evinin sökülüb yenidən tikilmədiyi üçün bankdan 35-40 min məbləğində kredit götürüb öz evini təmir etdirmişdir. Onun qonşularına dəyən zərərin əvəzində kompensasiya ayrılıb ödənilmişdir. İddiaçının aidiyyəti üzrə dəfələrlə müraciət etməsinin nəticəsində ona 1200 manat köməklik edilmişdir. İddiaçı qarşılaşdığı problemin həlli ilə əlaqədar olaraq dəfələrlə aiddiyyəti qurumlara və Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısına müraciət etsə də, həmin müraciətlərin icra olunacağına dair söz verilsə də, icra olunmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda o, ikinci qrup əlildir və hesab edir ki, onun hüquqları pozulmuşdur. İşin halları Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, yaradılmış işçi qrup tərəfindən Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılmış,yaşayış evlərinə ziyan dəymiş mülki əhalinin siyahısı hazırlanmışdır. Onun yaşadığı ev ziyan çəkmiş evlərin siyahısına salınaraq, ev sahibinin imzası ilə texniki baxış aktı tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2292 nömrəli Sərəncamı 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın.

2. Dövlət Komissiyası: 2.1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin etsin; 2.4. görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə qərara alıram:

1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilsin: 1.1. dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində; 1.2. digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etsin.

3. Aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etsinlər.

“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci tarixli sərəncamı "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nöməli Sərəncamından irəli gələn məsələlərin tərkib hissəsi olaraq, dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə:

1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görsünlər. 3 . Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı onun yaşayış evinə, məişət əşyalarına, şəxsi əşyalarına dəymiş ziyan üzrə maddi yardımın ödənilməsini xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına, şəxsi əşyalara və digər dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsini aidiyyəti yerli icra hakimiyyəti orqanları təmin edirlər. Göründüyü kimi, yaşayış evlərinə dəymiş ziyanla bağlı təşkilati işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, məişət əşyalarına, şəxsi əşyalara və digər dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bundan əvvəl edilməli olan hərəkət isə, yəni dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi isə Dövlət Komissiyasına həvalə edilmişdir. Ona görə də iddiaçı əvvəl dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üçün Dövlət Komissiyasına müraciət etməlidir. Digər tərəfdən iddiaçı iddia ərizəsinə hazırkı tələblə cavabdeh orqana müraciət etməsini və (və ya) cavabdeh orqanın tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənəd əlavə etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar