Məhkəmə qərarları › İş №2-1(114)-4577/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4577/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4577/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizəyə yenidən baxılıb müsbət qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizəyə yenidən baxılıb müsbət qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsi dövründə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə məlumat Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəsmi məktubda mövcuddur. Həmçinin döyüş yoldaşları da bu faktı təsdiq edirlər. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə rəsmi ərizə ilə müraciət etmiş, lakin cavabdeh məktub yazaraq müsbət qərar qəbul edilmədiyini qeyd etmişdir. Odur ki, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-2343 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən sonrakı dövrdə İddiaçı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1724/2021 nömrəli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 46. İddia ərizəsinin məzmunu 46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər — ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi — imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizəyə yenidən baxılıb müsbət qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı daha əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(114)-1724/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarından apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdan hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, tələb isə “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olmalı idi. Məhkəmə İPM-in 78-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması ilə əlaqədar olaraq qeyd olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı hüquqi yardımın göstərilməsini zəruri hesab etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizəyə yenidən baxılıb müsbət qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizəyə yenidən baxılıb müsbət qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar