Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4579/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun mərhum atası barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum atası X1 Qarabağ müharibəsinin əlili olmuşdur. Ona əlillik dərəcəsi təyin edilən zaman "hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travması (xx.xx.1993), keçirilmiş qapalı kəllə beyin travması, sağ bud sümüyü başının mərkəzi çıxığı, sirkə kasasının və qasıq sümüyünün sınığı nəticəsində sağ bud çanaq oynağının deformasiyaedici osteoartrozu və kontrakturası, funksiyanın pozulması ilə. Sağ qamış sümüyünün yuxarı 1/3-nin deşilmiş sınığından sonrakı ocaqlı osteosklerozu. Sağ aşağı ətrafın gödəkliyi, axsama, ətraf əzələlərin atrofiyalaşması, yeriş funksiyasının pozulması" diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının mərhum atasına əlillikdən imtina ilə bağlı məktub gəlmişdir. Onun atası xx.xx.2022-ci ildə yenidən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunmuşdur. İmtina qərarından məhkəmədə iddia qaldırmağı düşünsə də, lakin həmin vaxt iddiaçının atası barəsində AR CM-nin 234.4.3. maddəsi ilə cinayət işi başlanılmışdır. Ona görə də qeyd edilən imtinadan məhkəməyə şikayət verə bilməmişdir. İddiaçının atası X6 xx.xx.2022-ci ildə vəfat etmiş və ölümündən sonra AR CM- nin 234.4.3. maddəsi ilə bəraət qazanmışdır. Onun atasının ölümündən sonra ona xx.xx.2024-cü il tarixədək, bacısı X2 isə xx.xx.2026-cı il tarixədək mərhum atalarının təminat xərcliyinin 50% məbləğində hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası verilməyə başlanılmışdır. İddiaçıda olan sənədlərə əsasən onun atasına xx.xx.2004-cü il tarixdən 3cü dərəcəli, xx.xx.2009-cu il tarixdən isə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bu da onu göstərir ki, onun mərhum atası 17 ildən artıq əlil olmuş, bunun 10 ildən artıq müddətində isə 2-ci dərəcəli əlil olmuşdur. İddiaçı hazırda Azərbaycan Dövlət Aqrar Universitetində ödənişli əsaslarla təhsil alır. Onun atası ölən zaman əlilliyi ləğv edildiyindən təhsil aldığı universitet onu təhsil haqqından azad etmir. İşin halları X4 xx.xx.2016-cı il tarixdən “Bud sümüyünün aşağı ucunun sınığı, mina partlayışı travması, sağ bud sümüyü başının mərkəzi çıxığı, sirkə kasasının və qaşıq sümüyünün sınığı nəticəsində bud-çanaq oynağının deformasiya edici osteoartroz. Oynaqların kontrakturası, Sağ bud sümüyünün kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə, sağ qalmış sümüyünün yuxarı 1/3 deşilmiş sınığından sonrakı oçaqlı osteosklerozu funksiyanın pozulması ilə. Xolesistitin digər formaları, Xr.hepatoxolesistit” diaqnozu ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travması (xx.xx.1993), keçirilmiş qapalı kəllə beyin travması, sağ bud sümüyü başının mərkəzi çıxığı, sirkə kasasının və qasıq sümüyünün sınığı nəticəsində sağ bud çanaq oynağının deformasiyaedici osteoartrozu və kontrakturası, funksiyanın pozulmaması ilə. Sağ qamış sümüyünün yuxarı 1/3-nin deşilmiş sınığından sonrakı ocaqlı osteosklerozu. Sağ aşağı ətrafın gödəkliyi, axsama, ətraf əzələlərin atrofiyalaşması, yeriş funksiyasının pozulmaması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə X4 əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli AZ – İİ 280629 nömrəli ölüm haqqında Şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh inzibati orqanın onun mərhum atasına əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının atası X4 xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Yenidən qiymətləndirmə zamanı xx.xx.2021-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. X6 tərəfindən həmin imtina məhkəmədə mübahisələndirilməmişdir. Sonuncu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəfindən iddianın əsaslılığının yoxlanılmasından əvvəl həmin iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia üzrə subyektiv hüququnun olub-olmamasıdır. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik deyil. Başqa sözlə iddiaçı mərhum atasının sözügüdən pozulmuş hüququnun məhkəmə müdafiəsi üçün öz adından iddia qaldıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva