Məhkəmə qərarları › İş №2-1(114)-458/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-458/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-458/2022 16.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərbi biletində qeydin ləğv edilməsi və müvafiq düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 xx.xx.2019-cu il tarixli, 68 ş/h nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddia icraata qəbul edilmişdir. Tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, ehtiyata buraxıldıqdan bir müddət sonra atası rəhmətə getmiş, sonra qardaşının xəstəliyi ilə bağlı onun mülicəsi ilə, həmçinin ailənin digər problemləri ilə məşğul olmuş, bu səbəbdən prosessual müddəti ötürmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 xx.xx.2019-cu il tarixli, 68 ş/h nömrəli əmrinin surətindən görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini xx.xx.2019-cu il tarixdə bilmiş və məhkəməyə əmrin mübahisələndirilməsi barədə ərizəni müddət ötürülməklə təqdim etmişdir. Həmçinin müddətin ötürülməsinin səbəbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Başqa sözlə, iddiaçının atasının ölümü və yaxud qardaşının xəstələnməsi faktı 2 ildən artıq müddət ərzində məhkəməyə müraciət etməsinin məhdudlaşdırılması baxımından inandırıcı deyildir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar