Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4585/2024 01.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı patronaj təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı xx.xx.1992-ci il təvəllüdlü X1 onun patronajı (köməkçisi) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1992-ci il təvəllüdlü X1 onun patronajı (köməkçisi) təyin edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın 18 sentyabr 2024-cü il tarixli 3/1046 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, üzərində patronaj (köməkçi) təyin edilməsi üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, tələb olunan sənədləri təqdim edə bilmədiyi əsas gətirilərək, Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir.
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü X1 onun patronajı (köməkçisi) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1972-ci ildə Kəlbəcərdə anadan olmuşdur və məlum hadisələr zamanı Göygöl rayonu Murovdağ qəsəbəsində məcburi köçkün kimi məskunlaşmışdır. Həyat yoldaşı 17 sentyabr 2020-ci ildə vəfat etmişdir. Onların birgə nikahlarından xx.xx.1992-ci ildə oğlu X3 anadan olmuşdur, qızı isə bir neçə il bundan əvvəl ailə həyatı qurub və başqa ünvanda yaşayırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-sı tərəfindən xx.xx.2002-ci ildə 2-ci qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Bundan əlavə əlillik dövrundə böyrəklərində problemlər yaranmış və eyni zamanda 2021-ci ildə müayinə olunarkən bədənində "Qırmızı qurd eşənəyi" müəyyən edilmişdir. Xəstəlikləri ona hədsiz dərəcədə əziyyət verir və kənar köməklik olmadan özünü idarə etməyə çətinlik çəkir. Xəstəlikləri onun sağlamlıq imkanını məhdudlaşdırır. Oğlu Babək "Vətən Müharibəsi" veteranıdır və hal-hazırda da Naxçıvan şəhərində yerləşən MN-nin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edir. Oğlunun daima onun yanımda olub ona kömək etməsi mümkünsüzdür və ona görə də belə qərara gəlmişdir ki, oğlunun xidmət etdiyi Naxçıvan şəhərinə gedib onunla birlikdə tutduğu kirayə evdə yaşasın. Belə olan halda oğlunun ona köməklik etməsi mümkün olacaq. Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə ilə müraciət edib, oğlu Babəkin onun üzərində patronaj (köməkçi) təyin olunmasına dair qərar qəbul etmələrini xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası 18 sentyabr 2024-cü ildə ona imtina məktubu vermiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də xüsusi icraat qaydasında Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 22 mart 1992-ci təvəllüdlü X2 onun ptronajı təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından) geri özünə qaytarılmışdır. Məhkəmə qərardadda ona izah etmişdir ki, inzibati orqan olan Cavabdeh şəxsin üzərində patronaj təyin edilməsindən imtinası ilə bağlı inzibati orqanı yer üzrə inzibati məhkəməyə - Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Ona görə də aidiyyət qaydalarına riayət edərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı hazırkı tələbində xx.xx.1992-ci il təvəllüdlü X1 onun patronajı (köməkçisi) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir və bu mübahisə cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir.
8. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -39.1-ci maddəsinin tələbinə əsasən, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. -39.2-ci maddəsinin tələbinə əsasən, yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. -39.3-cü maddəsinin tələbinə əsasən, patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.
9. Göründüyü kimi, hazırkı mübahisə Mülki Məcəllənin tələblərinə əsasən tənzimlənən mübahisədir və fiziki şəxsin üzərində patronaj təyin edilməsi ilə bağlı məsələ “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmiş məsələlərin dairəsində deyildir. Bu isə həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir.
10. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı ərazi aidiyyət qaydalarına uyğun olaraq müvafiq ümumi (rayon) məhkəməyə müraciət edə bilər.
11. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva