Məhkəmə qərarları › İş №2-1(114)-4586/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4586/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4586/2025 15.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X2 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə Gəncə İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, 085ç saylı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətə bərpa edilməsi və bərpa olunan dövrə kimi əmək haqqının hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsi verilməsi üçün buraxılan prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, barəsində olan cinayət işi üzrə yekun qərar qəbul edilməsini gözlədiyi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Zənn etmişdir ki, onun əməlində cinayət tərtkibinin olmadığı təsdiqin tapandan sonra məhkəməyə müraciət edilməsi daha məqsədəmüvafiq olar. Eyni zamanda çoxlu sayda cavabdeh orqana müraciətlər etmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 085ç saylı əmr mübahisələndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir. İddiaçının həmin əmrdən 2023-cü ildən məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək, Müdafiə Nazirliyinə qanunsuz ehtiyata buraxılması ilə əlaqədar müraciətlər etdiyini, habelə, barəsində olan cinayət işinin nəticəsini gözlədiyini, ona görə də vaxtında məhkəməyə müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir. Həmin əmrin hüquqi nəticəsidir ki, o, əmrdən sonra bir daha hərbi xidmətə buraxılmamış, yəni hərbi xidmətini dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə göstərir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır və üzrlü sayılması üçün real əsaslar təqdim edilməmişdir. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (Bənd 2.3 və 9.). Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar