Məhkəmə qərarları › İş №2-1(114)-459/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-459/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-459/2021 25.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin 31.05.2017ci il tarixli, 1/Ə-6037 saylı məktubu ilə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1967-ci il təvəllüdlüdür. 03 dekabr 1993-cü il tarixdən 01 fevral 1996-cı il tarixədək Bərdə rayonunda və Tovuz rayonunda könüllü olaraq xidmət edərək özünümüdafiə dəstələrinin şəxsi heyətinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Lakin dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinə və digər aidiyyəti qurumlara müraciət etsə də, ona müharibə veteranı statusu verilməmişdir. Müharibə veteranı statusunu başqa cür əldə edə bilmir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinə müraciət etdikdə isə bildirmişlər ki, onun 10 fevral 1994cü il tarixdən 19 iyul 1995-ci il tarixədək hansı hərbi hissədə olmağı ilə bağlı heç bir məlumat yoxdur. O, NZ №-5070764 saylı hərbi biletini naməlum səbəblərdən itirmiş olduğu üçün yenidən əvvəlki hərbi biletinin əvəzinə 29 aprel 2014-cü il tarixdə SX №- 0187603 saylı hərbi bileti almış, lakin yeni hərbi biletdə fərarilik etdiyi yazılmış və 31 dekabr 1994-cü ildə N saylı hərbi hissənin siyahısından fərariliyə görə çıxarılmağı qeyd olunmuşdur. Halbuki o, N saylı hərbi hissə dağıldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinə müraciət etmiş və onlar isə onu Tovuz rayonunda N saylı hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərmişlər. Onun N saylı hərbi hissə ilə heç bir əlaqəsi olmadığı halda onun xidmət etdiyini orada yoxlayırlar. Həmçinin o, Qarabağ Hərbi Prokurorluğuna 2014-cü il tarixdə fərari olmamağı ilə bağlı müraciət etdikdə bildirmişlər ki, cinayət işi istintaq olunmur və heç bir təqsirləndirici material araşdırılmır. Lakin o, 1993-cü il tarixdən 1996-cı il tarixədək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canla başla iştirak etdiyinə baxmayaraq ona veteran statusunu verməkdən imtina edirlər. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə 08.04.2021-ci il tarixli etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, iddia ərizəsi əsassızdır. Arxiv idarəsindən verilən 2014-cü il tarixli 9/2-672 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin əmr kitabında 03.12.1993-cü il tarixdə 328 nömrəli əmrdə (paraqraf-1-də) Bərdə rayonu hərbi komissarlığından səfərbər edilmiş şəxsi heyətin ümumi sayı göstərilmişdir. Əmrdə əlavə edilmiş siyahıda İddiaçı adı (sıra 64) qeyd edilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin əmr kitablarında İddiaçı 10.12.1994-cü il tarixlərdə sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun N saylı hərbi hissələrin tərkibində xidmət etməsi, döyüş əməliyyatlarda iştirak etməsinə və qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. İddiaçı əvvəlki şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti; - SX ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - Qarabağ hərbi prokurorluğunun 17.06.2014-cü il tarixli 16/2098 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin 31.05.2017-ci il tarixli, 1/Ə-6037 saylı məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09.03.2021-ci il tarixli, 9/2-2064 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 29.05.2014-cü il tarixli 673 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 01.04.2014-cü il tarixli, 14/672 nömrəli və 18.05.2017-ci il tarixli 9/2-9634 nömrəli məktubları; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.05.2021-ci il tarixli, 012-7912-1221 nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının öhdəliyin icrası haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 01.04.2014-cü il tarixli, 14/672 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin əmr kitabında 03.12.1993-cü il tarixdə 328 nömrəli əmrdə (paraqraf-1-də) Bərdə rayonu hərbi komissarlığından səfərbər edilmiş şəxsi heyətin ümumi sayı göstərilmişdir. Əmrdə əlavə edilmiş siyahıda İddiaçı adı (sıra 64) qeyd edilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin əmr kitablarında İddiaçı 10.12.1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09.03.2021-ci il tarixli, 9/2-2064 nömrəli məktubundan görünür ki, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 19.07.1995-ci il tarixli 56 nömrəli əmrilə (əsas: səh. 30, § 1, sıra 22) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş tuşlayıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin 24.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edildiyi üçün əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin 01.02.1996-cı il tarixli 32 nömrəli əmrilə (əsas: səh. 71, § 3, sıra 28) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxardılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-na göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 29.05.2014-cü il tarixli 673 nömrəli məktubu da yuxarıda qeyd edilənlərlə analoji məzmunda olmuş, İddiaçı 10.12.1994-cü il tarixdən 19.07.1995-ci il tarixədək hansı hərbi hissədə olması barədə məlumatın verilmədiyi göstərilmiş, eləcə də, İddiaçı fərarilik etməsi 08.02.1996-cı ildə Bərdə rayon hərbi komissarlığında qeydiyyata alınarkən itirmiş olduğu NZ ******* saylı hərbi biletdən uçot kartına köçürüldüyündən 29.04.2014-cü il tarixdə verilmiş SX ******* saylı hərbi biletə də fərarilik etməsi yazılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının 10.12.1994cü il tarixdən 19.07.1995-ci il tarixədək hərbi xidməti barədə məlumat olmadığını, eyni zamanda fərarilik etdiyini əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, bunun hüquqi nəticəsini əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 01.04.2014-cü il tarixli, 14/672 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin əmr kitabında 03.12.1993-cü il tarixdə 328 nömrəli əmrdə (paraqraf-1-də) Bərdə rayonu hərbi komissarlığından səfərbər edilmiş şəxsi heyətin ümumi sayının göstərildiyi, əmrdə əlavə edilmiş siyahıda İddiaçı adının (sıra 64) qeyd edildiyi göstərilmişdir. Eləcə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09.03.2021-ci il tarixli, 9/2- 2064 nömrəli məktubunda xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 19.07.1995-ci il tarixli 56 nömrəli əmrilə (əsas: səh. 30, § 1, sıra 22) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş tuşlayıcı vəzifəsinə təyin edilməsi, Müdafiə nazirinin 24.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edildiyi üçün əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin 01.02.1996-cı il tarixli 32 nömrəli əmrilə (əsas: səh. 71, § 3, sıra 28) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxardılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-na göndərilməsi qeyd edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. X1 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Adıçəkilən Əsasnamənin 1-ci maddəsinin qeydində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.05.2021-ci il tarixli, 012-7912-1221 nömrəli məktubundan görünür ki, İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyi və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında məlumat yoxdur. Yəni iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Eləcə də, Qarabağ hərbi prokurorluğunun 17.06.2014-cü il tarixli 16/2098 nömrəli məktubu ilə İddiaçı barəsində cinayət işinin istintaq olunmadığı və heç bir təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş şərtlər mövcuddur. Lakin cavabdeh iddiaçıya «Müharibə veteranı» adının verilməsindən imtina etmiş və imtinasını yuxarıda açıqlanan məzmunda əsaslandırmışdır. Halbuki iddiaçının 27.10.1993-ci il tarixdə N saylı hərbi hissəyə daxil olması və 01.02.1996-cı il tarixdə N saylı hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi hissəyə daxil olmasını və qanuni əsaslarla ehtiyata buraxılmasını təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. İddiaçıya məxsus hərbi biletdə onun 31.12.1994-cü il tarixdə fərariliyə görə şəxsi heyət siyahısından çıxarılmasına dair qeydə də qiymət verən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Fərarilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cü maddəsinə əsasən cinayət sayılır və həmin maddənin dispozisiyasına əsasən fərarilik hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmamasıdır (gəlməməsidir). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin V hissəsinə əsasən məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, fərarilik Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən cinayət əməli hesab edildiyindən, İddiaçı da hər hansı bir cinayət əməli törətməsi, cinayət məsuliyyətinə cəlb edilməsi, həmin əmələ görə məhkum olunması, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi sübuta yetirilmədiyindən cavabdeh inzibati orqanın hərbi hissəni özbaşına tərk etdiyi üçün iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar