Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4594/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arayışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun Şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il tarixdə Şuşa şəhərində anadan olmuşdur. 1985-ci ilin dekabr ayının əvvələrində qaynar su qazanı üzərinə tökülmüş və o güclü yanıq xəsarətləri almışdır. Onu dərhal xəstəxanaya aparmışlar, 3 ay Şuşa şəhər xəstəxanasında, sonra Bakı şəhərinə Semaşko adına xəstəxanaya aparıblar. Orada 3 ay müalicə almışdır. O, həmin vaxt Suşa şəhərində xəstəxanada olarkən xx.xx.1985-ci ildə fotoşəkil çəkilmişdir. Həmin şəkildə həkimin və sonra da şəhid olan atasının görüntüləri vardır. 1992-ci ilin may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman atası döyüşlərdə şəhid olmuşdur. Bundan sonra onlar Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gənc kosmanavt uşaq düşərgəsində məskunlaşmışlar. Atası şəhid olmuş, anası isə onkoloji xəstədir, o özü uşaq olduğu üçün əlilliyin sənədləşdirilməsi ilə bağlı vaxtında həkim komissiyasına müraciət edə bilməmişdir. 1998ci ildə hərbi xidmətə çağırılarkən həkimlər ona hərbi xidmətə yararsız olmağını və ona əlillik dərəcəsi verilməli olmasını bildirmişdirlər. Həmin komissiya ona təyinat verib VTEK-ə göndərmiş və orada ona 3-cü dərəcə əlillik qrupu təyin edilmiş, sonra isə 2-ci qrupa keçirmişdirlər. Sonradan isə yenidən 3-cü qrup müddətsiz əlillik statusu verilmişdir. Həmin ərəfə onun 19 yaşı var idi. 3-cü qrup əlili kimi hər ay 150 manat pul alır. Onun şəhid ailəsinin üzvü hesab edilməyinə mane ola biləcək hal odur ki, əlillik dərəcəsi ona 18 yaş deyil, məhz 19 yaşında verilibdir. Halbuki, onun yanıqları 5 yaşında olmuşdur. Hazırda ona şəhid ailəsi statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müraciət edilmişdir. İnzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktbu göndərilərək, tələbinin icrasından imtina edilmişdir. Hesab edir ki, sözügedən imtina formal mülahizələrə əsaslanır və onun konstitusion hüquqlarını pozur.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
5. İddiaçının faktiki məskunlaşdığı ünvana bildiriş göndərilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq iddiaçıya çatdırılmışdır.
6. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
7. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvamlayaraq, işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.
8. Məhkəmə aidiyyatla bağlı məsələyə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
12. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.
13. Hazırkı işdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla, səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir.
14. İş materialları ilə iddiaçının rəsmi yaşayış yerinin (qeydiyyatda olduğu) Şuşa rayonu, ünvan 1 ünvanın Şuşa şəhəri, bina 2, mənzil 10 (Böyük Qayıdış) olması müəyyən edilmişdir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
17. İddiaçının faktiki yaşayış yeri olan Şuşa rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
18. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün kimi faktiki olaraq Şuşa şəhəri, bina 2, mənzil 10 (Böyük Qayıdış) ünvanında məskunlaşıb yaşadığından onun işinə Sumqayıt şəhərində yerləşən inzibati məhkəmədə baxılması şəxslərin məhkəməyə əlçatanlığının və işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi, habelə ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün daha əlverişlidir.
19. Odur ki, İddiaçı cavabdeh onun Şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aiddiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
20. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh onun Şəhid ailəsi hesab edilməyi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva