Məhkəmə qərarları › İş №2-1(114)-4599/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4599/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4599/2023 13.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respulikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona Qarabağ veteranı adı və veteran vəsiqəsi verilməsinə görə ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və qardaşı X2 1991-1992-ci illərdə vaxtı ilə yaşadıqları Umudlu kəndinin Özünü müdafiə dəstəsinin tərkibində erməni quldur dəstələrinə qarşı müharibədə canlarından, qanlarından, ailə uşaqlarından və ölümlərindən keçərək təmiz vicdanları əsasında Qarabağ torpaqlarının müdafiəsində düşmənə qarşı müharibədə vuruşmuşlar. Həmin vaxtlar qardaşı X2 erməni atəşinə düçar olaraq Şəhid olmuşdur. O, həmin illər Umudlu kənd özünün müdafiə dəstəsində erməni quldurlarına qarşı döyüşmüşdür. “Fosfar-23” əməliyyat qrupunun üzvü olmuşdur. Bundan sonra 1993cü il tarixdən 1995-ci ilə qədər N saylı hərbi hissəyə keçərək Qarabağ torpaqlarının müdafiəsində ermənilərə qarşı müharibədə atəşə düçar olaraq ağır dərəcədə baş nahiyəsindən, qolundan və ayaq hissəsindən yaralanmışdır. Həmin vaxtlar onu Ağdam şəhərinə aparıblar. Ağdam şəhərində bir gün müalicə edəndən sonra ağır xəsarətinə görə Bakı şəhəri Papanin Hərbi Qospitalına aparıblar. Həmin vaxtlar o özündə olmadığı üçün hara aparıldığını bilməmişdir. Həkimlər uzun müddət müalicə edib, özünə gələndən sonra valideynləri tərəflərindən ona söyləyiblər. Hal-hazırda özünü çox-çox pis hiss edərək şiddətli ağrılarla yaşayır. Ona ömürlük əlili adı və vəsiqəsi verilib. Lakin ona bu günə qədər veteran adı və vəsiqəsi verilməyib. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu ərizəsi yazıb göndərmişdir ki, o 1991-1992-ci il tarixlərdə vaxtı ilə yaşadığı Umudlu kənd özünü müdafiə dəstəsində erməni quldurlarına qarşı “Fosfar-23” əməliyyatı qrupunun üzvü olaraq müharibədə iştirak etməyi barədə və 1993, 1994 və 1995-ci il tarixlərdə N saylı hərbi hissəyə keçərək Qarabağ müharibəsində iştirak etməyi barədə ona məlumat verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ona rəsmi cavab verilmişdir ki, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında və hərbi hissənin “yaralıların qeydiyyat” kitabında heç bir məlumat yoxdur. N nömrəli hərbi hissə və “Fosfar-23” kəşfiyyat qrupunda 27 nəfər şəxs, o cümlədən Şəhid olan qardaşı X1 torpaqlarında vuruşmuşlar. Müharibə illərində sərişdəsiz, savadsız komandirlər tərəfindən Müdafiə Nazirliyinə məlumat vermədiklərinə görə, o və siyahıda göstərilən şəxslər cavabdeh deyillər. O vaxtlar hərbi rəhbərliyin sərişdəsizliyi ucbatından onun kimi və ondan başqa minlərlə vətəndaşların insan hüquqları kobud surətdə pozulub.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

5. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

6. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməmiş, birbaşa məhkəmədə iddia qaldırmışdır.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

12. İddiaçı tələbində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir.

13. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi müvafiq olaraq İPM-nin 2.2.3cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciəti və cavabdehin müraciətdən imtinası isə iş materialları ilə müəyyən edilmir.

14. İddiaçı da iclas zamanı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmədiyini, birbaşa məhkəmədə iddia qaldırdığını bildirmişdir.

15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə:

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar