Məhkəmə qərarları › İş №2-1(114)-46/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-46/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-46/2022 13.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Şəmkir şəhər Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “X9 və ölçüsü” sənədinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçı Şəmkir şəhər Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 adına qeyd edilmiş Seriya A№480562 saylı, xx.xx.2015-ci il tarixli “X9 və ölçüsü”-nün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X1 şəhəri H.Aslanov küçəsi ev 93 ünvanında yaşayır. Şəmkir şəhəri “Kraz Yolu” adlanan ərazidə Şəmkir şəhər Bələdiyyəsinin mülkiyyətində əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları vardır. 2020-ci ilin dekabr ayının əvvəllərində Şəmkir şəhər sakinlərinin müraciətinə əsasən həmin örüş torpaq sahələrini icarə müqaviləsi əsasında icarəyə vermək istəyərkən məlum olmuşdur ki, örüş torpaq sahəsinin 600 kv.m hissəsi saxta yollarla X2 adına sənədləşdirilmişdir. Qeyd olunan halların dəqiqləşdirilməsi üçün cavabdehə müraciət edilmiş, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Şəmkir şəhər Bələdiyyəsinə təqdim edilmiş 25 dekabr 2020-ci il tarixli, **********75 saylı arayışdan məlum olmuşdur ki, Şəmkir şəhər Bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinin 600 kv.m hissəsi “DT və XK”nin Şəmkir rayon Şöbəsi tərəfindən Milli Arxiv İdarəsi X13 Filialının xx.xx.2013cü il tarixli, 768 nömrəli arxiv arayışı əsasında Seriya A№480562 saylı, xx.xx.2015-ci il tarixli “X9 və Ölçüsü” əsasında X2 adına qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahəsinin torpağı olmaqla, qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməzdi. Mübahisəli torpaq sahəsi X2 adına qeyd edilərkən torpaq sahəsinin təyinatı müəyyən edilmədən sonuncunun adına rəsmiləşdirilmişdir. İddiaçının nümayəndəsi X6 iddianı müdafiə etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin, həmçinin üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət olunmuş, üçüncü şəxsin adı arxiv arayışında çıxmamışdır. Həmin torpaq sahəsi örüş yeridir, üçüncü şəxs tərəfindən zəbt olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********75 №-li arayışından görünür ki, Şəmkir şəhəri inzibati ərazi dairəsi üzrə ləğv edilmiş «DT və XK»nin Şəmkir rayon şöbəsi tərəfindən X2 adına Milli Arxiv İdarəsi X13 Filialının xx.xx.2013-cü il tarixli, 768 nömrəli arxiv arayışı ilə 600 kv.m torpaq sahəsinə Seriya A №480562, xx.xx.2015-ci il tarixli “X9 və ölçüsü” sənədi tərtib edilmişdir. -işə əlavə edilmiş 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********33 №-li məktubundan görünür ki, xx.xx.2015-ci il tarixli, seriya A, №480562 saylı “X9 və ölçüsü” sənədi əsasında X2 adına verilmiş Şəmkir şəhərində yerləşən 600.0 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Qeyd olunan torpaq sahəsi “Elektron kadastr məlumat bazası”nda kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş A № 480562 “X9 və ölçüsü” sənədindən görünür ki, Milli Arxiv İdarəsi X13 Filialının xx.xx.2013-cü il tarixli, 768 nömrəli arxiv arayışı ilə 600 kv.m həyətyanı məqsədi üçün torpaq sahəsi 03 fevral 2015-ci il tarixdə X10 kitabında 5046 nömrəsi ilə uçota alınmışdır. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, seriya A№480562 saylı, xx.xx.2015-ci il tarixli “X9 və ölçüsü” sənədi ilə müəyyən edilmiş 600 kv.m torpaq sahəsi və həmin sahənin yerləşdiyi ərazi xx.xx.2014-cü il tarixdə bazaya işlənmişdir. Şəmkir rayonu Şəmkir şəhəri “Nərimanov” adına Təsərrüfatın Ərazisində Aparılan Torpaq İslahatına dair Kompleks Yerquruluşu xəritəsinə əsasən həmin sahənin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Yuxarıda qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edildi ki, «DT və XK»nin Şəmkir rayon şöbəsi tərəfindən X5 adına Milli Arxiv İdarəsi X13 Filialının xx.xx.2013-cü il tarixli, 768 nömrəli arxiv arayışı əsasən 600 kv.m torpaq sahəsinə Seriya A№480562, xx.xx.2015-ci il tarixli “X9 və ölçüsü” sənədi tərtib edilmişdir. Lakin mütəxəssis rəyindən görünür ki, həmin sahənin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. İddiaçı həmin sənədin ləğvi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir: - həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərindəndir. - həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - həmin Qanunun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz - həmin Qanunun 2.4-cü maddəsinə əsasən, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Komitənin funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə verilmişdir. “X9 və ölçüsü” sənədindən görünür ki, X4 “DT və XK”nin Şəmkir rayon Şöbəsi tərəfindən Milli Arxiv İdarəsi X13 Filialının xx.xx.2013-cü il tarixli, 768 nömrəli arxiv arayışı ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin məqsədli təyinatı “həyətyanı” olsa da sahə faktiki olaraq kənd təsərrüfatı təyinatlı örüş sahəsindən verilmiş və texniki göstəriciləri də örüş sahəsinə işlənmişdir. Bu hal işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə bir daha təsdiqini tapır. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli, xx.xx.2015-ci il tarixli A №480562 “X9 və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Milli Arxiv İdarəsi X13 Filialının xx.xx.2013-cü il tarixli, 768 nömrəli arxiv arayışı ilə X4 ayrılmış 600 kv.m torpaq sahəsi üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli, A №480562 “X9 və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar