Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4606/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində yaradılmış 1 nömrəli müsahibə komissiyasının xx.xx.2025-ci il tarixli 2 nömrəli protokol-qərarının X2 münasibətdə ləğv edilməsi və müsahibə qaydalarının tələblərinə əməl edilməklə X1 barəsində yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 21 may 2025-ci il tarixli müsahibənin 1 nömrəli protokolu ilə 1 nömrəli müsahibə komissiyasının üzvləri A.Ə.İsmayılova, İ.B.Cəfərova və N.A.Qasımova tərəfindən X1 xx.xx.2025-ci il tarixdə keçirilmiş müsahibədə 5 meyarın hər biri üzrə (1. Fikrə münasibət bildirir; 2. Ünsiyyət zamanı fikrini sərbəst ifadə edir; 3. Ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir; 4. Özü, ailəsi və vətəni haqqında məlumat verir; 5. Təqdim etdiyi şəkil və ya hadisə haqqında danışır və ya şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) cavabı mənfi qiymətləndirilmişdir.
2. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 21 may 2025-ci il tarixli müsahibənin 2 nömrəli protokolu ilə 1 nömrəli müsahibə komissiyasının yekun qərarı ilə X1 nəticəsi qeyri-məqbul hesab edilmişdir.
3. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 27 may 2025-ci il tarixli müsahibənin 1 nömrəli protokolu ilə apellyasiya komissiyasının üzvləri N.Ş.Paşayeva, Ü.F.Dəmirova və L.R.Əlizadə tərəfindən X1 xx.xx.2025-ci il tarixdə keçirilmiş müsahibədə 5 meyarın hər biri üzrə (1. Fikrə münasibət bildirir; 2. Ünsiyyət zamanı fikrini sərbəst ifadə edir; 3. Ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir; 4. Özü, ailəsi və vətəni haqqında məlumat verir; 5. Təqdim etdiyi şəkil və ya hadisə haqqında danışır və ya şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) cavabı qeyri-məqbul hesab edilmişdir.
4. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 27 may 2025-ci il tarixli müsahibənin 2 nömrəli protokolu ilə apellyasiya komissiyasının yekun qərarı ilə X1 nəticəsi qeyriməqbul hesab edilmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3209/2024 nömrəli işi ilə əlaqədar olaraq məhkəmə sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktublarında bildirilmişdir ki, apellyasiya komissiyası tərəfindən yenidən müsahibə həyata keçirilmir, ilkin müsahibənin videogörüntüsü əsasında qərar verilir. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müsahibənin nəticəsi barədə qiymətləndirməyə dair protokolun dəyişdirilməsi və nəticəsindən asılı olaraq xx.xx.2019-cu ildə anadan olmuş qızı X1 rus bölməsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə anadan olmuş qızı X4 bu tədris ilində 1-ci sinif rus bölməsində təhsil alması üçün keçirilən müsahibə nəticəsinə görə qızı 1-ci sinif rus bölməsinə qəbul olunmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 14:00-da və xx.xx.2025-ci il tarixdə saat 18:00-da keçirdiyi imtahanlarda iştirak etmişdir. Lakin hər iki imtahanın keçiriliməsinə dair qəbul olunanların siyahısında, imtahanın nəticələrinə dair protokollarda adı keçmir. Hesab edir ki, qızının imtahanlardan keçməməsinin səbəbi onun aldığı travma ilə bağlı cərrahiyyə olunarkən bir ay əvvəl narkoz qəbul etməsi ilə əlaqədar olaraq həyəcanlanması ilə bağlı olmuşdur. Bununla əlaqədar olaraq cavabdeh orqana müraciət etsədə, ona bildirilmişdir ki, xx.xx.2025-ci il tarixli imtahana imtina verilmiş, ancaq xx.xx.2025-ci il tarixli imtahandan isə qızının keçmədiyinə görə cavab verilmədiyi, qərardan narazı olduğu halda isə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, o məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli imtahan nəticələrinə dair protokolun dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadla İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilmiş və iddia tələbi “2025/206-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində yaradılmış apellyasiya komissiyasının xx.xx.2025-ci il tarixli 2 nömrəli protokolqərarının X2 münasibətdə ləğv edilməsi və müsahibə qaydalarının tələblərinə əməl edilməklə X1 barəsində yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizələr icraata qəbul edilmişdir.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində yaradılmış 1 nömrəli müsahibə komissiyasının xx.xx.2025-ci il tarixli 2 nömrəli protokol-qərarının X2 münasibətdə ləğv edilməsi və müsahibə qaydalarının tələblərinə əməl edilməklə X1 barəsində yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi müdətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində yaradılmış komissiyanın xx.xx.2025-ci il tarixli 2 nömrəli protokolqərarından verdiyi şikayətə apellyasiya qaydasında xx.xx.2025-ci il tarixdə baxılaraq “qeyri-məqbul” qərarı qüvvədə saxlandıqdan sonra yekun qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsinə dair cavabdeh orqan tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.
14. Cavabdeh orqanın yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Tərəflər məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
20. İddiaçının qanuni nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
21. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, qızı Dilək bağçada rus dili üzrə təhsil alıb və dili bilir. Evdə böyük qardaşı da orta məktəbdə rus bölməsində təhsil alır. Sadəcə uşaq həyəcanlı olduğundan suallara tam cavab verə bilməmişdir.
22. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, texniki nasazlıq səbəbindən xx.xx.2025-ci il tarixli imtahanın video görüntüsü qeydə alınmamışdır, ona görə də apellyasiya komissiyası yenidən imtahan təşkil etmiş və X1 həmin günki müsahibəsinin nəticəsi qeyri-məqbul qiymətləndirilmişdir. Yəni, apellyasiya komissiyasının götürdüyü müsahibə zamanı da əvvəlki komissiyanın qərarının, yəni iddiaçının müəyyən olunmuş 5 meyardan heç biri üzrə mənfi qiymətləndirilməsinin doğruluğu bir daha təsdiqini tapmışdır. Odur ki, komissiyanın iddiaçının imtahan nəticəsinə dair qiymətləndirməsini əsaslı hesab edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ilkin müsahibə komissiyasının apardığı müsahibənin nəticəsində şikayət daxil olan zaman apellyasiya komissiyası görüş təyin edərək, uşağın və valideynin iştirakı ilə həmin müsahibənin videogörüntüsünə baxaraq, yekun qərar qəbul edir. Lakin texniki nasazlıq və ya bu kimi digər səbəblərdən videogörüntü olmadığı halda apellyasiya komissiyası yenidən uşağı müsahibəyə cəlb etmək səlahiyyətinə malikdir və buna müvafiq olaraq da valideynin şifahi razılığı əsasında iddiaçının barəsində yenidən müsahibə götürməklə qeyri-məqbul qərarı qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmri ilə yaradılmış komissiyasının 21 may 2025-ci il tarixli 1 və 2 nömrəli protokollarından çıxarışlar; - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmri ilə yaradılmış komissiyasının 27 may 2025-ci il tarixli 1 və 2 nömrəli protokollarından çıxarışlar; - Məhkəmənin sorğusu əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş apellyasiya komissiyasının müsahibənin keçirilməsi ilə bağlı videogörüntülərə dair CD diski; - Analoji işlə bağlı məhkəmənin sorğusuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubları.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
27. Azərbaycan Respublikasının “Təhsil haqqında" Qanununa görə: Maddə 2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Məktəbəqədər təhsil haqqında", "Ümumi təhsil haqqında", "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Maddə 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Maddə 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. Maddə 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. Maddə 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) təhsil müəssisələrinin tiplərinə aiddir. Maddə 19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Maddə 19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
28. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ümumi təhsil - təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.3. ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; Maddə 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Maddə 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Maddə 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Maddə 13.22. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdənsinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 22.2. Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır: 22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək;...
29. Sadalanmış qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də ümumi təhsil hesab olunur. Bu təhsil pilləsində təhsilalanlar elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını öyrənirlər. Ümumi təhsilin birinci səviyyəsini ibtidai təhsil təşkil edir ki, bu təhsil səviyyəsinə uşaqlar 6 yaşları tamam olduqda qəbul olunurlar.
30. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik təhsilalanlara ümumi təhsil sahəsində təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək hüququnu vermişdir. Lakin ümumi təhsil sahəsində tədris dilini seçmək təhsilalanın sərbəst seçimi olsa da, qanunvericilikdə, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Bu müsahibənin keçirilməsi qaydası isə müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
31. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 14 aprel 2025-ci il tarixli 3-29/3-2-180F/2025 nömrəli əmrinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırılmışdır ki: 3.1. 2025/2026-cı tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil etsin; 3.2. şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsini təmin etsin.
32. Həmçinin, həmin əmrlə Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarların təsdiq edilməsi və Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılması qərara alınmışdır.
33. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmri ilə 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı uşaqların rus dili üzrə şifahi bacarıqlarının qiymətləndirilməsi üçün 2 müsahibə və apellyasiya komissiyaları təşkil olunması əmr edilmişdir.
34. “2024/2025-ci tədris ili üzrə müsahibələrin keçirilməsi barədə Təlimat”a görə: - Müsahibələrlə bağlı regional təhsil idarələri tərəfindən aşağıdakı işlər görülməlidir: - RTİ-nin müvafiq əmri ilə vahid müsahibə və paralel olaraq apellyasiya komissiyaları yaradılmalıdır. Müsahibə komissiyasınn tərkibi müsahibə aparılan dildə tədris aparan, təcrübəli, pedaqoji bacarıqları yüksək, yaradıcı, səbrli, nəzakətli, uşaqlarla işləmə bacarığı olan 2 nəfər müəllimdən və rus dili biliklərinə malik 1 nəfər RTİ əməkdaşından ibarət olmalıdır. Həmçinin müsahibə prosesində rus dilli psixoloqun (qiymətləndirmədə iştirak etmir) da iştirakı mütləqdir. - Müsahibənin vaxtı 10 dəqiqədən artıq olmamalıdır. - Hər bir komissiya üçün ayrıca 1 otaq, videoçəkiliş üçün avadanlıq, hard disk, 1 ədəd notbook və uşaqların marağını, sərbəstliyini təmin etmək üçün müxtəlif ləvazimat və əşyalar (rəngli rəqəmlər, həndəsi fiqurlar, əvvəlcədən hazırlanmış rəngli şəkillər, yumşaq və bərk oyuncaqlar və s.) RTİ tərəfindən təmin edilməlidir. - Videoçəkiliş TEAMS platforması ilə yanaşı, videokamera ilə aparılmalı, hər bir uşağın müsahibə videosu yaddaşa yazılmalıdır və video yazılar arxivdə saxlanılmalıdır. Müsahibə videosu olmayan uşağın nəticəsi etibarsız hesab ediləcək.
35. Göründüyü kimi, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “2025/2026cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 14 aprel 2025-ci il tarixli 3-29/3-2-180F/2025 nömrəli əmrinə əsasən Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət 2 (iki) müsahibə və apellyasiya komissiyalarının təşkil edilməsi; şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsinin təmin edilməsi; Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulunun müsahibə komissiyasının müsbət yazılı rəyi əsasında aparılması əmr edilmişdir.
36. Həmin 1 nömrəli müsahibə komissiyası tərəfindən təlimat əsasında Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu üzrə iddiaçının sual-cavab şəklində müsahibəsi həyata keçirilmiş, müsahibənin nəticəsində iddiaçı Komissiya tərəfindən 5 meyarın hər biri üzrə (1. Fikrə münasibət bildirir; 2. Ünsiyyət zamanı fikrini sərbəst ifadə edir; 3. Ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir; 4. Özü, ailəsi və vətəni haqqında məlumat verir; 5. Təqdim etdiyi şəkil və ya hadisə haqqında danışır və ya şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) cavabı mənfi qiymətləndirilmiş və yekunda X1 nəticəsi qeyri-məqbul hesab edilmişdir.
37. Məhkəmə xüsusilə qeyd edir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid məsələ olmuşdur.
38. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
39. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
40. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ("İnzibati icraat haqqında" Qanunun 16.2-ci maddəsi).
41. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Belə yoxlama zamanı müəyyən edilmişdir ki, 1 nömrəli müsahibə komissiyası tərəfindən 21 may 2025-ci il tarixdə X4 ilə aparılmış müsahibənin videogörüntüsü mövcud deyildir.
42. Cavabdehin nümayəndəsi texniki nasazlıq səbəbindən müsahibənin videogörüntüsünün qeydə alınmadığını bildirmişdir.
43. 1 nömrəli müsahibə komissiyasının yekun qərarından iddiaçının valideyninin verdiyi apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə baxılan zaman həmin müsahibənin videogörüntüsünün qeydə alınmadığı aşkar edilmiş, yenidən sual-cavab formasında 5 meyarın hər biri üzrə (1. Fikrə münasibət bildirir; 2. Ünsiyyət zamanı fikrini sərbəst ifadə edir; 3. Ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir; 4. Özü, ailəsi və vətəni haqqında məlumat verir; 5. Təqdim etdiyi şəkil və ya hadisə haqqında danışır və ya şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirmə aparılmış və nəticədə qeyriməqbul qərarı qəbul edilmişdir.
44. Halbuki, “2024/2025-ci tədris ili üzrə müsahibələrin keçirilməsi barədə Təlimat”ın tələblərinə görə, müsahibələrlə bağlı yaradılmış hər bir komissiya üçün ayrıca 1 otaq, videoçəkiliş üçün avadanlıq, hard disk, 1 ədəd notbook və uşaqların marağını, sərbəstliyini təmin etmək üçün müxtəlif ləvazimat və əşyalar (rəngli rəqəmlər, həndəsi fiqurlar, əvvəlcədən hazırlanmış rəngli şəkillər, yumşaq və bərk oyuncaqlar və s.) təmin edilməli olması, videoçəkilişin TEAMS platforması ilə yanaşı, videokamera ilə aparılmalı və hər bir uşağın müsahibə videosunun yaddaşa yazılmalı, video yazıların arxivdə saxlanılmalı olması, xüsusilə müsahibə videosu olmayan uşağın nəticəsinin etibarsız hesab ediləcəyi ilə bağlı göstəriş olmuşdur.
45. Cavabdehin nümayəndəsi iclas zamanı ilkin müsahibə komissiyasının apardığı müsahibənin nəticəsində şikayət daxil olan zaman apellyasiya komissiyasının görüş təyin edərək, uşağın və valideynin iştirakı ilə həmin müsahibənin videogörüntüsünə baxaraq, yekun qərar qəbul etdiyini, lakin texniki nasazlıq və ya bu kimi digər səbəblərdən videogörüntü olmadığı halda apellyasiya komissiyasının yenidən uşağı müsahibəyə cəlb etmək səlahiyyətinə malik olduğu və buna müvafiq olaraq da valideynin şifahi razılığı əsasında iddiaçının barəsində yenidən müsahibə götürməklə qeyri-məqbul qərarının qəbul edildiyini bildirmişdir.
46. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, apellyasiya komissiyasının belə bir səlahiyyətinin olmasına dair cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Digər tərəfdən,“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, apellyasiya komissiyası müsahibə komissiyalarının qərarlarından şikayət instansiyası olaraq şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğunu araşdırmalı idi. Bu zaman, videogörüntü olmadığı üçün aktın qanunauyğunluğu və məqsədəuyğunluğunu araşdırmaq mümkün olmadığından onun nəticəsi ya etibarsız hesab (ləğv) edilməklə, yeni akt qəbul edilməli, ya da yenidən müsahibə götürülməsi üçün müsahibə komissiyasına göndərilməli idi.
47. Lakin işin hallarından məlum olur ki, apellyasiya komissiyası 21 may 2025-ci il tarixdə keçirilmiş müsahibənin nəticəsini etibarsız saymadan, bununla bağlı hər hansı protokol-qərar qəbul etmədən yenidən qiymətləndirmə aparmışdır.
48. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan apardığı qiymətləndirmə zamanı diskresion səlahiyyətini düzgün həyata keçirməmiş, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmamışdır.
49. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir.
50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində yaradılmış 1 nömrəli müsahibə komissiyasının xx.xx.2025-ci il tarixli 2 nömrəli protokolqərarı X2 münasibətdə ləğv edilsin. Müsahibə qaydalarının tələblərinə əməl edilməklə X1 barəsində yenidən müsahibə keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva