Məhkəmə qərarları › İş №2-1(114)-461/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-461/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-461/2022 31.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1, cavabedeh İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı sərəncamın ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işdən azad olunması barədə İddiaçı2 10.04.2014-cü il tarixli, 77 nömrəli sərəncamının ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunası və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 16.09.1996-cı il tarixdə 153 nömrəli sərəncamla İddiaçı2 Başçısı Aparatında Ərazi İdarəetmə orqanları ilə iş üzrə şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuş, 02.08.1999-cu il tarixdə 160 nömrəli sərəncamla həmin vəzifədən azad edilib, İddiaçı2 Başçısı Aparatında Ümumi şöbə müdiri vəzifəsinə təyin olunmuş, 14.11.2003-cü il tarixdə 128 nömrəli sərəncamla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır. 10.04.2014-cü il tarixdə İddiaçı2 77 nömrəli sərəncamı ilə iddiaçı işdən azad edilmiş, bununla bağlı cavabdehə müraciət etsə da ona müsbət cavab verilməmişdir. İddiaçı1 məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, ərizəni onunla əsaslandırmışdır ki, hüquqi savadsızlığı ilə əlaqədar iddia qaldırmalı olduğu müddəti ötürmüş, iki dəfə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə eyni tələblə bağlı iddia ərizəsi vermiş, lakin hər iki ərizəsinə inzibati aktın ləğv edilməsi üçün buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə əlavə etməmişdir. Bundan əlavə bildirmişdir ki, məhkəməyə müraciət etməyə İddiaçı2 tərəfindən ona imkan verilməmiş, sonra isə pandemiya şəraitinə görə iddia verə bilməmişdir. Cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan 06.07.1979-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı1 10.04.2014-cü il tarixdən İddiaçı2 Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri vəzifəsindən öz ərizəsinə əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanununun 33-cü maddəsinin 33.12-ci bəndinə əsasən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, mübahisələndirilən sərəncam 10.04.2014-cü il tarixdə qəbul edilməsinə baxmayaraq iddiaçı hazırki iddia ilə 14.12.2021-ci i tarixdə müraciət etmişdir. Deməli iddiaçı sözügedən sərəncamı – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı işdən azad edilərkən onunla cavabdeh arasındakı əmək mnasibətlərinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1113/2019 nömrəli 14.05.2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı əvvəllər də hazırki tələblə məhkəməyə müraciət etmiş və hər iki halda iddia mümkünsüz sayılmışdır. İddiaçı həmin vaxtdan 3 il keçdikdən sonra yenidən eyni iddianı qaldırmaqla müdətin ötürülməsini hüquqi savadsızlığı ilə əlaqələndirmişdir, lakin Ali Məhkəmənin sözügedən qərarından görünür ki, hər iki işə baxılarkən ona qanunvericiliyin müvafiq tələbləri izah edilmiş, lakin göstərilən hüquqi yardımdan yararlanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı sərəncamın ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar