Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-461/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Kamil oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdehin xx.xx.2022-ci il tarixli **********4223 nömrəli qərarına əsasən iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov 119Q ünvanda yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Yoxlama KY221748433 nömrəsi ilə vahid məlumat reyestrindən qeydiyyatdan keçmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********4235 nömrəli tələbnamə təqdim edilmişdir. Həmin tarixdə alınan izahatında iddiaçı bildirmişdir ki, satış etdiyi köhnə avtomobil hissələri həmin mağazadadır. Vergi müfəttişlərinə həmin yeri iddiaçı göstərmiş, baxdılar və qeydiyyat apardılar. İddiaçının satış məqsədi üçün aldığı köhnə avtomobillər ehtiyat hissələri olduğu üçün vətəndaşlar iddiaçıya heç bir sənəd təqdim edə bilmirlər. O baxımdan iddiaçıda köhnə avtomobiç hissələrinə heç bir sənəd yoxdur ki, iddiaçı o sənədləri vergi müfəttişlərinə təqdim etsin. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən OVN tədbiri zamanı malların alış və satış qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün X3 "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. İddiaçı həmin tarixdə qərarla tanış olmuşdur. "xxxx" MMC xx.xx.2022-ci il tarixli, MB 15-0695 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus obyektdə cəmi 230.144 manat dəyərində mal aşkar edilmişdir. Cavabdeh qurumun əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən iddiaçıya məxsus obyektdə 18.313,04 manat dəyərində ticarət avadanlıqları (soyuducular), avtomobil ehtiyyat hissələri mağazasında 144.099 manat dəyərində mallar, anbarda isə 86.045 manat dəyərində mal, ümumilikdə 248.457,04 manat dəyərində alışını təsdiq edən rəsmi sənəd olmayan mal aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunan DVX seriyalı 007057 nömrəli “Operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktda xx.xx.2022-ci il tarixdə, saat 17:15-də keçirilən OVN zamanı xx.xx.2022-ci il tarixli **********6594 nömrəli ekspertizanın təyin olunması haqqında qərara əsasən verilmiş xx.xx.2022-ci il tarixli, MB15-0695 nömrəli ekspert rəyinə əsasında obyektdə 144.099 manat dəyərində malların olması və onların alışını təsdiq edən heç bir rəsmi sənədin olmaması halının müəyyən edilməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə iddiaçı Vergi Məcəlləsinin 58.832-cü maddəsinə əsasən 14.409,90 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********7207 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq əaliyyətinin yoxlanılması məqsədi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti qaydasında yoxlama həyata keçirilmişdir. Həmin yoxlama nəticələri haqqında [4.07.2022ci il tarixli, 007057 №-li aktı tərtib olunmuş və həmin aktın əsasında da xx.xx.2022-ci il tarixli, **********77207 №-li qərar qəbul olunaraq 14409,90 manat məbləğində cərimə blunmuşdur. Aşağıda göstəriləcək faktlardan da görüləcəyi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti çərçivəsində ciddi hüquqi pozuntularına yol verilmişdir və bu səbəbdən sözügedən xx.xx.2022-ci il tarixli, **********772077 №-li qərar qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Ekspert rəyinə gəldikdə isə iddiaçı ekspertin gəldiyi nəticəni tam əsassız hesab etmiş, ekspertiza tədqiqatının aparılmadığını, rəyin “MBA” qiymətləndirmə şirkətinin mütəxəssisi tərəfindən tərtib edilmiş qiymət cədvəlinin rəyə kopyalanması şəklində tərtib və təsdiq edildiyini bildirmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, **********775400 nömrəli etirazını təqdim etmişdir. Etirazda yuxarıda qeyd olunan inzibati icraat materiallarına istinad edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Hazırkı mübahisə cavabdehin xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli qərarının ləğvi ilə bağlıdır. Vergi Məcəlləsinin: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. Maddə 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən; 71-1.5.4. malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən. Maddə 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.3-cü, 50.1.7-ci və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmiş, iddiaçının nümayəndəsi operativ vergi nəzarəti tədbiri zamanı yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxslərinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatında yoxlama keçirilən obyektdə malların iddiaçıya məxsus olduğunu, digər ərazidə mal olmadığını bildirmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin qeyd etdiyi fakt təsdiqini tapmış və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə nöqsan aşkar edilərək, nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 007057 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmçinin akta əlavə edilmiş siyahıda Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi olmadan alınmış sənədlərin siyahısı əlavə edilmiş və həmin siyahı vergi ödəyicisinin özü tərəfindən təsdiqlənmişdir. Operativ vergi nəzarətinin nəticələrinə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7207 qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 14.409,90 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana daxil olmaqla müəyyən edilmiş qaydada yoxlamanı həyata keçirmiş, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib etmişlər. Digər tərəfdən, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində də cavabdeh qurumun təqdim edildiyi məbləğlər öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş və vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Bu zaman İPM-in 14.1-ci maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan vergi məsuliyyətinə cəlbetmə haqda qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir Beləliklə, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, bununla da, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı Kamil oğlundan alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X2, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-461/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-461/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver