Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-462/2020 22.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən rayon Çanaxçı kənd bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma, zəbt edilən torpaq sahəsinə dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşkəsən rayon Çanaxçı kənd bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, islahat zamanı ona və ailə üzvlərinə ayrılıb verilmiş torpaq sahəsindən çıxarılaraq zəbt etdiyi 35 il istifadəsində olan 10 sot torpaq sahəsinə dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Daşkəsən rayonu Çanaxçı kəndində 6 nəfər ailə üzvü nəzərə alınmaqla, 1998-ci ildə kənddə İslahat keçirilən zaman Çanaxçı kənd Bələdiyyəsi tərəfindən 12 nəfər Komissiya üzlərinin iştirakı ilə tərtib edilmiş püşk siyahı üzrə 22-ci adam olmuşdur. Həmin vaxtı ona və ailə üzvlərinə 96 sot torpaq sahəsi verilməli olduğu halda 84 sot torpaq sahəsi ayrılıb verilmişdir.Torpaq verilən zaman 10 sotu zəbt etdiyi 35 il idarə etdiyi ərazidən 10 sot ayrılaraq verilmiş, əvəzində ailə üzvlərinə verilməli olan torpaq sahəsindən 12 sot azaldılmışdır. Bu barədə bələdiyyə tərəfindən iclas da keçirilmişdir. iddiaçı həmin vaxtdan bu günə kimi qanunla ona və ailə üzvlərinə verilmiş, istifadəsində olan, zəbt edilmiş torpaq sahəsinə rəsmi sənədini tələb etsə də, bələdiyyə tərəfindən heç bir rəsmi sənəd verilməmişdir. Ona yalnız 84 sot torpaq sahəsi üçün JN- 0022 saylı ( kod 50611018) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı bu günə kimi cavabdeh təşkilatın hərəkətləri üzündən həmin torpağa görə Dövlət aktı ala bilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdır. Cavabdeh Daşkəsən rayon Çanaxçı kənd bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşkəsən rayon Çanaxçı kənd bələdiyyəsi iddiaya münasibətində bildirmişdir ki, İddiaçı 1998-ci il tarixdə Dövlət Aktında 3.35 ha pay torpağı sahəsi verilmişdir. Bu torpaqdan 0.84 ha əkin sahəsi kimi verilmiş və həmin sahə heç bir torpaq sahəsi ilə əvəzləşdirilməyib və ya zəbt edilməyib, necə verilibsə eləcədə yerindədir. Torpaq kateqoriyasına uyğun olaraq 0.14, 0.15, 0.16 ha fərqli torpaq bölgüləri aparılmışdır. İddia olunan 0.10 ha zəbt torpaq sahəsi həyətyanı torpaq sahəsinə bitişik olan 0.14 ha sahəsidir. Həmin sahə zəbt torpaq sahəsi olub. xx.xx.2004-cü ildə 0.10 ha Dövlət torpaq Kadastırı Monitorinqi və İnformasiya mərkəzinin mütəxəsisləri tərəfindən ölçülərək, iddiyaçının özünə məxsus 0.12 ha torpaq sahəsinə əlavə edilərək verilmişdir. İddiyaçının faktiki olaraq 0.22 ha həyətyanı torpaq sahəsi vardır. 0.14 ha torpaqdan yerdə qalan 0.04 ha torpaq sahəsi isə bələdiyyənin mülkiyyətinə verilmişdir. Hal-hazırda isə 0.04 ha bələdiyyənin mülkiyyətinə verilən torpaq sahəsini də İddiaçı hasarlayaraq zəbt edib, halhazırda Dövlət tərəfindən verilən pay mülkiyyət torpağından və həyətyanı sahəsindən istifadə etmir. İddiaçı tərəfindən zəbt edilməsinə baxmayaraq nə bələdiyyə nədə nədə özü həmin torpaqlardan 15 ildir ki, istifadə etmir. Torpaqlardan istifadə etməməsinin səbəbi 15 ildir ki, ailəlikcə Gəncə şəhərində daimi yaşamasıdır. İddiyaçının özü təyinatı üzrə istifadə etmədiyindən kənd sakinləri biçənək kimi istifadə edirlər, bu da torpağın neçə illərdir təyinatını dəyişmək deməkdir. Son 5 ildə heç bir torpaq vergisini ödəməmişdir, iddiyaçı indiyədək bələdiyyəyə və adiyyəti üzrə qurumlara zəbt torpağı ilə bağlı müraciət etməmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən məhkəmə tərəfindən iddiaçıya iddia tələbini dəqiqləşdirilməli olduğu, qeyd edilən iddianın mümkünlük şərtlərinə riayət edilmədiyi və dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim olunmasına dair hüquqlarının olması barədə sərəncam göndərilmiş, həmçinin qeyd olunanlar məhkəmə prosesində ona izah olunmuş, lakin iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Bununla yanaşı məhkəmə hazırki tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı islahat zamanı ona və ailə üzvlərinə verilmiş torpaq sahəsindən çıxarılaraq zəbt etdiyi 0.10 ha torpaq sahəsinə dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sözügedən tələblə bağlı məhkəmə qeyd edir ki, iddia ümumi mümkünlük şərtlərinə əməl olunmadan verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olsa da, iddia düzgün cavabdehə qarşı verilməmiş, iddianın predmet aidiyyəti düzgün müəyyən edilməmişdir. Belə ki, tələbin birinci hissəsi olan “torpaq sahəsindən çıxarılma” inzibati məhkəmə icraatının predmeti deyil, həmçinin torpaq sahəsindən çıxarılması nəzərdə tutulan subyektlərin dairəsi müəyyən edilməmişdir. Bundan başqa tələbin digər hissəsində zəbt edilən torpaq sahəsinə dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia edilsə də, nəzərə alınmamışdır ki, bələdiyə dövlət aktını verən orqan deyil, ümumiyyətlə hazırda bu cür aktın verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından bələdiyyənin üzərinə də belə bir öhdəlik qoyula bilməz. Odur ki, hazırki halda qeyd olunan iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşkəsən rayon Çanaxçı kənd bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma, zəbt edilən torpaq sahəsinə dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-462/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-462/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver