Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-462/2022 27.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Şəmkir rayon Çinarlı bələdiyyəsinin nümayəndəsi (sədri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Çinarlı bələdiyyəsinə qarşı faktiki istifadədə olan torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Şəmkir rayon Çinarlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun faktiki istifadəsində olan torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması üçün əlaqədar təşkilata müraciət etməsi və həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 1997-ci ildə “H.Aslanov” adına sovxoz tərəfindən 01.03.1997-ci il tarixli 05 nömrəli əmrlə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçıya verilən gündən indiyədək onun tərəfindən istifadə edilməkdədir. Lakin digər şəxslərlə məhkəmə mübahisələri olduğu üçün iddiaçı həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər ala bilməmişdir. Bu məqsədlə iddiaçı Şəmkir rayon Çinarlı bələdiyyəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsində tikili yoxdur, yalnız əkin üçün istifadə edir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi mübahisəlidir, yəni Xədicə Bayramova adlı şəxs və onun nümayəndəsi həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Bundan əlavə, bələdiyyənin iddiaçının tələb etdiyi qaydada fəaliyyət istiqaməti qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş X2 Filialının 31.03.2011-ci il tarixli 409 nömrəli arxiv arayışında bildirilir ki, “H.Aslanov” adına sovxozun 1997-ci ilə dair qaytanlanmış torpaq kitabında 228-ci sıra nömrəsində İddiaçı adına 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. -Şəmkir rayon Çinarlı bələdiyyəsinin 2021-ci il tarixli 93 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, “H.Aslanov” adına sovxozun 1997-ci ilə dair qaytanlanmış torpaq kitabında 228-ci sıra nömrəsində İddiaçı adına 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilsə də, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Şəmkir rayon Çinarlı bələdiyyəsinin ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı müvafiq sənədlər əsasında ona Şəmkir rayon Çinarlı bələdiyyəsinin ərazisindən 0.08 ha torpaq sahəsinin ona verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Bundan əlavə tələbin “faktiki istifadədə olan torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması üçün əlaqədar təşkilata müraciət etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edilməlidir ki, bələdiyyənin üzərinə hər hansı orqana müraciət etməklə bağlı öhdəlik qoyula bilməz. Başqa sözlə mövcud qanunvericiliklə belə bir prosedur qaydası müəyyən edilməmişdir. Ona görə də bələdiyyənin üzərinə məhkəmə qərarı ilə belə bir öhdəliyin qoyulması məhkəmə icraatının predmeti deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı İddiaçı cavabdeh Şəmkir rayon Çinarlı bələdiyyəsinə qarşı faktiki istifadədə olan torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-462/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-462/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver