Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-462/2024 05.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-1330 A kod 50801004 nömrəli şəhadətnamə üzrə Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-096C KOD 50800038 nömrəli şəhadətnamə əsasında ona ayrılmış Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0.13 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1934-cü il tarixdə Göygöl (Xanlar) rayonunun Topalhəsənli kəndində anadan olmuş, Göygöl rayonunun Topalhəsənli kəndində ailə qurmuş, həmin vaxtdan sözügedən torpaq sahəsində yaşayış sahəsi inşa edərək ailəsi və uşaqları ilə yaşamışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə əvəzsiz verilməsi nəzərdə tutulmuşdur. Göstərilən Fərmanın və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 01 saylı qərarı ilə Göygöl (Xanlar) rayonun Topalhəsənli kəndinda yerləşən 0,13 ha torpaq sahəsi istifadəçisi kimi onun mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1330 A kod 50801004 saylı Şəhadətnamə işlənmişdir. Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində üzərində sahiblik və istifadə hüquqlarını heç bir mane olmadan həyata keçirmişdir. Göründüyü kimi Göygöl rayonun Topalhəsənli kəndində yerləşən 0,13 ha torpaq sahəsi onun mülkiyyətində olmuşdur. O, cavabdeh Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə müraciət edərək, Göygöl rayonun Topalhəsənli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin qeydə alınaraq çıxarış verilməsini xahiş etmiş. cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-7144/2023 saylı məktubla çıxarış verilməsindən imtina etmiş və göstərilmişdir ki, ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün qeydə alınması mümkün olmamışdır. O və ailəsi bu torpaqdan 60 ildən artıqdır ki, istifadə edir. Bu Topalhəsənli kənd üzrə Təsərrüfat Başına kitabda da onun adına qeydə olunması göstərilir. İddiaçı göstərilən səbədlərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-462/2024 saylı qərardadı ilə iş üzrə iddiaçının "Göygöl rayonu Topalhəsənli Bələdiyyəsinin üçüncü şəxs qismində cəlb edilməsi” barədə ərizəsi təmin edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 iyun 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflər şifahi məhkəmə baxışı iclasında iştirak etmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023cü il tarixli, 3-21-3-33/2-7144/2023 nömrəli məktubdan görünür ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçü və konfiqurasiyada uyğunsuzluğun olduğu və faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icra edilməsi mümkün olmamışdır. -təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-096C KOD50800038 nömrəli Şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilib. -təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, ərizəçinin ümumi istifadəsində olan faktiki torpaq sahəsi şimalşərqdən çay, cənub-qərbdən yol, digər tərəflərdən qonşu torpaq sahələrlə sərhəddir. Sərhədlər metal çəpərlə əhatələnib. JN-096C nömrəli şəhadətnamə adlı siyahıda ərizəçinin adına qeyd olunub. Yeni elektron uçota (AZCAD) əsasən, torpaq sahəsi 178B nömrəli şəhadətnamədə qeyd olunub. JN-096C nömrəli şəhadətnamənin ölçüləri və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin ölçüləri və konfiqurasiyası arasında fərq var. -təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ il İddiaçı məxsusdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2308/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, sözügedən torpaq sahəsi Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və həmin Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı sahədir. Həmin torpaq sahəsi üzərində tikili mövcud deyil. Sözügedən 0.13 ha torpaq sahəsi naturada təqdim edilmiş 0.23 ha torpaq sahəsinin daxilində yerləşir. Həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədinin qeydə alınmadığı müəyyən olunmuşdur. Həmin torpaq sahəsi üzərində tikili yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair təsdiq olunmuş yerquruluşu planı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçü və konfiqurasiyada uyğunsuzluğun olduğu və faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edildiyindən ərizənin icra edilməsindən imtina olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdehin imtinasının əsası isə torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçü və konfiqurasiyada uyğunsuzluğun olduğu və faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. İşə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli kompleks yerquruluşu layihəsinə və həmin Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı sahədir. Həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədinin qeydə alınmadığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə cavabdeh orqanın iddiaçının tələbinin təmin edilməməsinə əsas göstərilən hal təkzib edilir. Beləliklə, həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-462/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-462/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver