Məhkəmə qərarları › İş №2-1(114)-463/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-463/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-463/2022 15.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin qismən ləğvi, işə bərpa və hərbi biletdə düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 030əç nömrəli əmrinin ləğv edilməsi, öz xidməti vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 030əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd edilən əmr əsassız və qanuna zidd olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində olarkən həm həqiqi hərbi xidmət dövründə həm də müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu olduğu dövrdə vətəninə və xalqına şərəf və ləyaqətlə xidmət etmiş və silahlı qüvvələrin tərkibindən ehtiyata buraxılması ilə bağlı ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə hərbi hissə komandirinin adına raport yazmışdır. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Naxçıvanda yerləşən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, həmin dövr ərzində Çünnüt kəndinin erməni işğalından azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət müddəti başa çatdığı üçün N nömrəli hərbi hissədən ehtiyata buraxılaraq, xx.xx.2018-ci ildə SHXÇDX-nin Samux RB-də qeydiyyata alınmışdır. Daha sonra yenidən 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Qüvvələri tərkibinə müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi qəbul olunmaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0128əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin dağatıcı taboruna manqa komandiri vəzifəsinə təyin edilmişdir. 44 günlük Vətən müharibəsi dövründə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrək komandirlərin verdiyi əmr və göstərişləri yüksək səviyyədə yerinə yetirmişdir. Düşmənə qalib gələrək zəfər qazandıqdan təqribən 10 gün sonra, yəni 2020-ci ilin noyabr ayında xidmətini erməni işğalından azad edilmiş Kəlbəcər rayonunda davam etdirmişdir. 2020-ci ilin aprel ayının ilk on günlüyündə anasının səhhətində problemlər yaranığı üçün və ona qulluq edəcək başqa kimsənin olmadığı üçün hərbi hissə rəhbərliyinə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibindən ailə vəziyyəti ilə əlaqədar onu öz xahişi ilə ehtiyyata buraxmalarını xahiş etmişdir. İddiaçı müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi müddət ərzində heç bir xidməti pozuntu törətməmiş və barəsində heç bir cinayət və ya intizam tənbeh tədbiri görülməmişdir. Lakin çox təssüf ki, N nömrəli hərbi hissə komandiri əsassız olaraq onu Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxmışdır. Bunun da nəticəsində onun hüquqları pozulmuşdur. Belə ki, hazırda hərbi biletində ordudan təxris olunma səbəbi xidməti uyğunsuzluq kimi qeyd olunduğu üçün heç bir hüquq mühafizə sistemində işə girə bilmir. Buna görə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 030əç nömrəli əmri əsassız hesab olunmalı və qeyd olunan əmr iddiaçıya aid hissədə ləğv olunmalıdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 030əç nömrəli əmrinin ləğv edilməsi, hərbi biletdə düzəliş edilərək “e” bəndinə sözləri “a” bəndinə sözləri ilə əvəz edilməsi və N nömrəli hərbi hissənin manqa komandiri vəzifəsinə təyin edilməsi”nə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi iş üzrə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı 13 aprel 2017-ci il tarixdə Samux rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə xidmət etmiş, xx.xx.2020-ci il tarixdən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N nömrəli hərbi hissənin 1-ci tabor, 3-cü bölük, 2-ci taqım, 1-ci manqanın komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 bəndi (xidməti uyğunsuzluğa gorə) ilə ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. Onun raportla yuxarı komandanlığa müraciətini, vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini, xidməti yerini özbaşına tərk etdiyini nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant X3 vəsatəti əsasında “Hərbi xidmətkəçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahli Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də qeyd olunan əmr qanunidir, ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 3-cü bölüyün komandirinə ünvanlanmış raportdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 bəndi (xidməti uyğunsuzluğa gorə) ilə ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 106 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 030əç nömrəli əmri ilə “Hərbi xidmətkəçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə göndərilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli SX ******* nömrəli hərbi biletdın görünür ki, İddiaçı “Hərbi xidmətkəçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, X5 xx.xx.2021-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək ordu sıralarından ehtiyata buraxılmasını xahiş etdiyinə görə N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında “Hərbi xidmətkəçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahli Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmiş və N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 12 aprel 2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı qeyd olunan əmrin onun hüquqlarına toxunduğunu hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 12 aprel 2021-ci il tarixli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. 41.0.-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı ailə vəziyyətinə görə ehtiyata buraxılmasını xahiş etdiyini bildirsə də, mövcud qanunvericiliyin tələblərinə əsasən ailə vəziyyətinə görə yalnız qadınların və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 bəndi (xidməti uyğunsuzluğa gorə) ilə ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. Bu səbəbdən də iddiaçının ailə vəziyyətinə görə ehtiyata buraxılmasını xahiş etməsi ilə bağlı arqumentləri əsassızdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xidmətdə olarkən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətə buraxılmış və o, xx.xx.2021-ci il tarixdə məzuniyyətdən qayıtmalı olduğu halda gecikərək xx.xx.2021-ci il tarixdə qayıtmışdır. Həmçinin, İddiaçı xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə hospitaldan qayıtmalı olduğu halda heç bir üzrlü səbəblər olmadan gecikərək xx.xx.2021-ci il tarixdə qayıtmışdır. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır, peşekar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil, işinə tənqidi yanaşma qabiliyyətinə malik deyil, iradlardan nəticə çıxarmağa çalışsa da qismən nail olur. Göründüyü kimi, iddiaçı raportla yuxarı komandanlığa müraciət edərək Azərbaycan Respublikası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi (xidməti uyğunsuzluğa görə) ilə ordu sıralarından ehtiyata buraxılmasını xahiş etməsi, vəzifə borclarını layiqincə yerinə yetirə bilməməsi, xidməti yerini özbaşına tərk etməsi nəzərə alınaraq N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında “Hərbi xidmətkəçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahli Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2021-ci il tarixli 030əç nömrəli saylı əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən də qeyd olunan əmr qanunidir, ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin qismən ləğvi, işə bərpa və hərbi biletdə düzəliş edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar