Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-463/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisidir, bu barədə ona məxsus ********** nömrəli VÖEN mövcuddur. Vergi ödəyicisi kimi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi-119C ünvanda yerləşən “Avtotəmir sexi”ndə usta kimi fəaliyyət göstərir və vergi ödəyicisi həmişə vergiləri vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə vergi orqanının əməkdaşları tərəfindən onun barəsində akt tərtib etmiş və həmin akta əsasən xx.xx.2022ci il tarixli, **********4498 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan qərar əsassız olduğundan ləğv edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, vergini kassa aparatı vasitəsilə deyil, mədaxil qəbzlərinə əsasən ödəyir. Vergi orqanının əməkdaşları onu aldadaraq 1 manatlıq çek vuracaqlarını bildirmiş və avtomobilini təmir etdirməyən tanımadığı şəxsi onun üzünə durduraraq, guya həmin şəxsə 10 manatlıq təmir işi görməsi barədə akt tərtib etmişlər. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. Yoxlama tədbiri zamanı vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 012936 nömrəli aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri şəxsən iddiaçının iştirakı ilə aparılmışdır. xx.xx.2022-ci il tarixli DVX seriyalı 012936 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" aktdan göründüyü kimi iddiaçı vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydasını pozmuşdur. Operativ vergi nəzarəti tədbiri zamanı müştəriyə göstərilmiş təmir xidmətinə görə ödənilmiş 10 manat nağd pul vəsaiti müqabilində qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankı iddiaçı tərəfindən yazılaraq müştəriyə təqdim olunmamışdır. Bu xüsusda iddiaçı tərəfindən VM-nin 58.7-ci maddəsində əks olunmuş hüquq pozuntusu tərədildiyi üçün iddiaçı barəsində 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsinə nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur. İddiaçı cavabdehin qanuni səlahiyyətləri daxilində qəbul edilmiş qərarını mübahisələndirməklə tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək, mövcud vergi öhdəliyini yerinə yetirməmək niyyətini ehtiva etdirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********5993 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsininn 58.7.1-ci maddəsinin tələblərini pozduğuna görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********5993 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus olduğu iddia olunan “Avtotəmir sexi”ndə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli DVX seriyalı 012936 nömrəli akt tərtib edilmiş və sözügedən akta əsasında iddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərar ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı qeyd olunan qərarı mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 012936 nömrəli aktın məzmununda qeyd olunmuşdur ki, “Avtotəmir sexi”ndə göstərilmiş xidmətə görə ödənilmiş 10 manat pulun müqabilində qəbz yazılmamış və müştəriyə təqdim olunmamış, bununla da nağd hesablaşma qaydalarının aparılması qaydaları pozulmuşdur. Uçotdan yayındırılmış məbləği bərpa etmək istəyərkən obyektdə ciddi hesabat blankı olan qəbzlərin olmadığı müəyyən edilmiş, beləliklə yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda xidmət göstərilmiş avtomobilin markası, nömrəsi, yaxud digər nişanələri, həmçinin avtomobilin sahibinin adı əks olunmamış, konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyi qeyd edilməmişdir. Həmçinin xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Beləliklə müəyyən olunur ki, vergi orqanı iddiaçının nağd hesablaşma qaydalarının aparılması qaydaları pozmasını iddia etsə də bununla bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu səbəbdən də məhkəmə mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərarı əsassız hesab edir və ləğv edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4498 nömrəli qərar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-463/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-463/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver