Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4632/2023 23.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 2023-cü ilin may ayının 4dən 2023-cü ilin iyul 20-nə qədər hesablanmaqla ödənilməmiş əmək haqqını və ona dəymiş ziyana görə 50000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində qeyd edilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. “Azərbaycan Respublikasının MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində qeyd olunur ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ətraf mühitin qorunması, vergi, inzibati və ya digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 5.2 bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu mənada, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ müzakirə olunmalıdır. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8.1 və 8.1.3-cü madddələrinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3 inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi iddiaçı tələbində əmək haqqının ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı dövlət qulluqçusu hesab edilmədiyinə və tərəflər arasında olan mübahisə əmək hüquq münasibətlərindən irəli gəldiyinə görə, hazırkı ərizə üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Həmin mübahisələrə isə müvafiq ümumi məhkəmələr tərəfindən baxıldığından, iddiaçı hazırkı tələblə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə isə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan məhkəmə nəzərdə tutulur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı ödənilməmiş əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-4632/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4632/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver