Məhkəmə qərarları › İş №2-1(114)-464/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-464/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-464/2020 02.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) vahid aylıq müavinətin dayandırıldığı tarixdən hesablanaraq verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının özünə və qızı X2 vahid aylıq müavinətin ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və aylıq müavinətin ödənilməsinin dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 2004-cü ildə X8 ilə ailə qurmuş və faktiki nikahdan xx xxxxxx 2005-ci ildə övladları X3 doğulmuşdur. xx.xx.2006-cı ildə X8 vəfat etmişdir. Məcburi köçkün statusu əldə etdiyi vaxtdan özünə, X2 isə doğulduğu vaxtdan yemək xərci müavinəti fasiləsiz olaraq verilmişdir. Lakin 2019-cu ildə yemək xərci müavinəti dayandırılmışdır. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli İS-3/3527 saylı məktubunda onlara verilən vahid aylıq müavinətin ödənilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli qərarının 2.4 və 2.6-cı bəndlərinə uyğun olaraq Çəpli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılması bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı məcburi köçkün olmayan şəxslə nikahda olduğuna görə ona ödənilən müavinət dayandırılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələrnin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AZ-İ 694240 nömrəli xx.xx.2005-ci il tarixli «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, İsgəndərova (Mirzəzadə) Rəqsanə Ədalət qızı xx.xx.2005-ci il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında İddiaçı qeyd edilmişdir. -AA seriyalı 184665 nömrəli xx.xx.2008-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. -Goranboy Rayon Məhkəməsinin 2(045)-1006/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuş Rəqsanənin atasının X4 olması faktı müəyyən olunmuşdur. -Cavabdeh xx.xx.2019-cu il tarixli, 1S3/3527 nömrəli məktubunun məzmununda görünür ki, İddiaçı verilən vahid aylıq müavinətin ödənilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli qərarının 2.4 və 2.6-cı bəndlərinə uyğun olaraq Çəpli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı və onun xx.xx.2005-ci il tarixdə anadan olmuş qızı X3 həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti 2019-cu ilədək almışlar. Lakin 2019-cu il tarixdə cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarını əsas gətirərək onlara verilən müavinəti dayandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndinlərinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərəd tutulan aylıq müavinət verilmir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının Ədalət Mirzəyevlə faktiki ərarvad münasibətləri 2005-ci ildə yaranmışdır. Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara müvafiq müavinətin verilməməsi ilə bağlı göstəriş isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə müəyyən edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya və onun qızına məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4.1, 4.4 və 4.6-cı bəndlərində qeyd olunmuşdur ki, "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə, ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara və faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə) yemək xərci üçün aylıq müavinət verilir. Yuxarıda istinad olunan və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarından göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara, eləcə də ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının və onun övladının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya və onun övladına həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin onlara ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı və qızı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya və onun qızına verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya və onun qızına verilən vahid aylıq müavinətin bərpa edilərək dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı və X2 verilən vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar