Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-464/2022 18.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “JN-154 kod 50805037 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,08 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququna dair qeydiyyatın ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) “Göygöl rayonu, Zurqes qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə” ərizə ilə 24.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh 09.12.2021-ci il tarixli **********76 nömrəli məktubla ərizənin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və yerquruluşu Layihə-X18 Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin ölçü planına əsasən həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı 08.12.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 adına olan 0,08 ha torpaq sahəsi üzrə işlənmiş JN-154 kod 50805037 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN-154 kod 50805037 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,08 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququna dair qeydiyyatın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18.01.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl (Xanlar) rayon İcra Hakimiyyəti Başçısına rayonun Şəhriyar adına sovxozun yerli Aqrar İslahat Komissiyası müraciət edərək, Şəhriyar adına sovxozun bələdiyyə mülkiyyətində saxlanılan kəndin prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən ayrılaraq Gəncə və Zurqes qəsəbələrində yaşayan əksəriyyəti Ermənistan SSR-dən qaçqın düşmüş, şəhid və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evin tikintisi üçün 70 nəfər vətəndaşa hər birinə 0,08 ha verilmişdir. O, həmin torpaq sahəsindən 1998-ci ildən heç bir maneə olmadan istifadə edir, eyni vaxtda sahiblik və istifadə hüquqlarını həyata keçirir. Bu hallar Göygöl rayon Dövlət Arxivinin 20.06.2017-ci il tarixli 359 nömrəli məktubu, eyni vaxtda 70 nəfərlik siyahıda onun adl qeydə alınmaqla ona verilən torpaq sahəsi 0,08 ha göstərilmişdir. Mövcud torpaq sahəsindən istifadə və sahiblik hüquqlarımı həyata keçirərək, əkib becərmiş, hasar çəkərək meyvə ağacları əkmiş, həmçinin torpaq üçün dövlət rüsumunu ödəmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilən torpaq sahəsinin JN-154 kod 50805037 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üçüncü şəxsə verilməsidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 13.01.2022-ci il tarixli **********04 nömrəli etirazını təqdim edərək bildirmişdir ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl rayon, Gəncə qəsəbəsindən yerləşən 0,08 ha torpaq sahəsinə dair Xanlar rayon Aqrar İslahat komissiyasının 31.10.1997-ci il tarixli 15 saylı qərarına əsasən X4 adına JN-154 kod 50805037 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Xanlar rayon dövlət notariat kontorunun 17.04.2006-cı il tarixli 4Ə-1-234 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi Mədətova (Həsənova) Diləfruz Firuddin qızı tərəfindən X2, sonuncunun adına 30.05.2017-ci il tarixli **********00 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göygöl rayon notariat ofisinin 12.07.2019-cu il tarixli 4Ə-240 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi X3, ona 11.12.2019-cu il tarixli **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaçının xalası olduğunu, onun satdığı torpaq sahəsinin hazırda mübahisəli torpaq sahəsinə aid olmadığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə araşdırması zamanı, eləcə də Gəncə İnzibati Məhkəməsinin qüvvədə olan 16.11.2021-ci il tarixli 2-1(114)-1894/2021 nömrəli qərardadı ilə müəyyən olunur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli 15 nömrəli qərarı Göygöl rayonu, Gəncə kəndində yerləşən 0,08 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmiş, bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-154A kod 50805037 nömrəli şəhadətnamə tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsi 17.04.2006-cı il tarixdə X9, sonuncu tərəfindən isə 12.07.2019-cu il tarixdə X1. Habelə, Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (bax 2-1(114)-1894/2021 nömrəli qərardadın 3-cü səhifəsi). Gəncə İnzibati Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-1(114)-1894/2021 nömrəli qərardadına əsasən iddiaçının “Göygöl (Xanlar) Rayon İcra Hakimiyyəti Başçısının 22.05.1998-ci il tarixli 126 saylı sərəncamı ilə “Şəhriyar” adına sovxoza aid torpaq sahəsindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə dair X11 və X12 verilmiş **********00 və **********05 reyestr nömrəli çıxarışların qeydinin ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Gəncə İnzibati Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-1(114)-1894/2021 nömrəli (hakim Fikrət Hüseynov) qərardadında da iddiaçının subyektiv hüququ olmadığı üçün iddiası mümkün sayılmamışdır. Həmin qərardadında məhkəmə bildirmişdir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Qeyd olunan işlə hazırkı iş üzrə tərəflər arasında fərqli tələb olsa da, hazırkı mübahisə eyni torpaq sahəsi ilə bağlıdır və həmin torpaq sahəsi ilə bağlı iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. İddiaçının təqdim etdiyi müvafiq sərəncam əsasında ona torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. 01 noyabr 1991-ci ildən 08 avqust 1999-cu ilə kimi qüvvədə olmuş köhnə redaksiyalı Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir... Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 30. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədlər Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı JN-154 kod 50805037 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,08 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququna dair qeydiyyatın ləğv olunması tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-464/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-464/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver