Məhkəmə qərarları › İş №2-1(114)-4641/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4641/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4641/2023 14.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı qərarın ləğvi, ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Təhsildə X2n xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarın ləğv edilməsi və xarici ali təhsil ixtisasının ölk ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X2nin 02 oktyabr 2023-cü tarixli NA00017630 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi haqqında qərar”-ı ilə xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması barədə ərizəsinin mümkün hesab edilməməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, cavabdehin sözügedən qərarı ləğv edilməli və xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması öhdəliyinin Agentliyin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Belə ki, Agentliyin 02 oktyabr 2023-cü tarixli NA00017630 nömrəli qərarından görünür ki, cavabdeh təşkilat imtinasının hüquqi əsası kimi onun ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq olunmuş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bölməsinə, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasiyalarının tanınması Qaydaları”nın 3.10.1 və 4.1.4-cü bəndlərinə istinad edərək göstərmişdir ki, aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunan qərarın məzmunundan görünür ki, Agentlik sözügedən normativ aktların müddəalarına istinad etməklə ümumi mülahizələr əsasında nəticəyə gəlmişdir. Eyni zamanda cavabdeh təşkilat imtinanın səbəbini sərhəd xidmətinin məlumatı əsasında təhsil aldığı X4 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğunu göstərmişdir. Cavabdeh Agentlik imtinanın səbəbi kimi əsaslandığı bu halın hüquqi əsasını qərarında göstərməmişdir. Agentliyin qərarının məzmununda göstərdiyi normativ hüquqi aktlarda təhsil müəsissəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığının həmin ölkədə olma müddəti ilə müəyyən edən norma əks olunmamışdır. Agentiliyə edilmiş ərizəyə təhsil aldığı X4 Universitetinin tədris normativlərini yerinə yetirdiyini təsdiq edən müvafiq sənədlər də əlavə olunmuşdur. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan normativ aktların tələblərindən görünür ki, cavabdeh Agentlik tərəfindən xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması barədə ərizəsi üzrə qəbul olunmuş 02 oktyabr 2023cü tarixli NA00017630 nömrəli qərar əsassızdır. Odur ki, həmin qərarı inzibati icraat qaydasında məhkəmədə mübahisələndirməkdə haqlıdır və məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X2 tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu (2017/2018-ci tədris ili üzrə - 6 ay 12 gün, 2018/2019-cu tədris ili üzrə - 5 ay 13 gün, 2019/2020-ci tədris ili üzrə 3 ay 6 gün (pandemiya dövrünə təsadüf edən tədris ili), 2020-2021-ci tədris ili üzrə 2 ay 15 gün (pandemiya dövrünə təsadüf edən tədris ili), 2021-2022-ci tədris ili üzrə - 2 ay 8 gün (pandemiya dövrünə təsadüf edən tədris ili) müəyyən etmişdir. Lakin sözügedən müddətin ilk 2 (iki) tədris ili ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 000686 nömrəli, xx.xx.2022-ci il tarixli diplomdan görünür ki, X3 Tədris Univerisiteti MMC-nin Səhiyyə Fakültəsi şurasının xx.xx.2022-ci il tarixli, 02 saylı ilə İddiaçı diplomlu stomatoloq akademik dərəcəsi ilə təltif edilmişdir. -surəti işə əlavə edilmiş 000686 nömrəli diploma əlavədən görünür ki, 360 kreditlik tibb təhsili üzrə İddiaçı təhsil kreditinin sayı 303 olmuşdur. -surəti işə əlavə edilmiş Təhsildə X2nin xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasına görə onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı X3 Tədris Univerisiteti MMC-də “stomatoloq” ixtisası üzrə təhsil almış və ona müvafiq diplom təqdim edilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsini xahiş etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə həmçinin qeyd edir ki, Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikası Prezidentinin 11 may 2004-cü il tarixli, 217 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilmişdir (sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2022-ci il tarixli, 1719 nömrəli Fərmanı ilə təsdiq edilmişdir). Həmin Sazişin 5-ci maddəsinə əsasən, Tərəflər ölkələrin ərazisində qanuni şəkildə fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələri, dövlət təhsil müəssisələri və onların filiallarında öz hesabına təhsil almaq istəyən vətəndaşlar üçün müvafiq kvotalar təyin etmək haqqında razılığa gəldilər. Həmin Sazişin 8-ci maddəsinə əsasən, Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Həmçinin qeyd olunmalıdır ki, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Qeyd olunur ki, iddiaçının təhsil alma müddəti təhsil verən müəssisəni qane etdiyinə görə ona müvafiq diplom təqdim edilmişdir. Müvafiq sahə üzrə Beynəlxalq müqavilələr (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş) də iddiaçının diplomunun tanınmasını istisna etmir. Digər tərəfdən cavabdeh qurum iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlamadan formal əsaslara görə təhsil səviyyəsini qiymətləndirmişdir. Həmçinin diploma əlavə edilmiş əlavədən görünür ki, müəssisədə 303 tədris krediti üzrə təhsil almışdır. Həmçinin Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının: -3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehin xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli Qərarı ləğv edilməli və iddiaçıya məxsus diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Təhsildə X2nin xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli qərarı ləğv edilsin və İddiaçı X3 Tədris Univerisiteti MMC tərəfindən verilmiş 000686 nömrəli, xx.xx.2022-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə X2nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar