Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-466/2023 09.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına(üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına(üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Keçmiş Xanlar rayon Mexaniki zavodda, yəni hazırki Mexanikləşdirmə ASC-də çətin və zərərli iş şəraitində tam iş günü 17 il 3 ay 4-cü dərəcə misgər və 5-ci dərəcə elektrik qaynaqçısı – misgər işləməyi ilə bağlı iş stajının nəzərə alınıb xüsusi və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci il tarixdə hərbi xidmətə getmiş və 1982-ci il tarixdən əmək fəaliyyətinə Azərbaycan SSR-də başlamışdır. O, 1982-ci ildən sonra, yəni hərbi xidmətdən sonra Göygöl rayonunda məskunlaşmışdır. Göygöl şəhərində yaşadığı müddətdə iddiaçı Xanlar rayon Mexaniki zavodda uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, Xanlar rayon Mexaniki zavodunda xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1988-ci ildən xx.xx.1991-ci il tarixinədək tam iş günü ərzində “metal emalı üzrə misgər” 4-cü dərəcə üzrə, xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixinədək müxtəlif metal məmulatlarının emalı üzrə tam iş günü ərzində 5-ci dərəcəli “elektrik qaynaqçısı-misgər” peşəsində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.2005-ci illər ərzində 17 il 03 ay müxtəlif tökmə və qaynaq metal məmulatlarının emalı üzrə zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə-ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168 – xx.xx.1991 - xx.xx.2005) elektrik qaynaqçı-misgər vəzifələrində 17 il 03 ay ərzində tam iş günləri ərzində işləməyi faktdır. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1992-ci il tarixdən 2005-ci il tarixədək sosial sığorta stajına daxil edilməmiş illərin, eyni zamanda 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 09 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən ümumi sığorta stajı ümumilikdə 22 il 1 ay 24 gün (25 ildən az) təşkil edir. Mübahisəsiz qəbul edilən ümumi sığorta stajı xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər, xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər, 1992-ci il üzrə 11 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 11 ay, 1999-cu il üzrə 11 ay, 2001-ci il üzrə 11 ay, 2002-ci il üzrə 11 ay, 2003-cü il üzrə 10 ay, 2004-cü il üzrə 8 ay, 2005-ci il üzrə 10 ay, 2021-2022-ci illər üzrə cəmi 5 aydır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1983-xx.xx.2005-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçıya 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 6 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 1 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 1 ay, 2002-ci il üzrə 1 ay, 2003-cü il üzrə 2 ay, 2004-cü il üzrə 4 ay, 2005-ci il üzrə isə 2 ay olmaqla ümumilikdə 30 ay əməkhaqqı ödənilmədiyi aşkar edilmişdir. Bu fakt Gəncə-Daşkəsən regional filialın 18 avqust 2022-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (240 AZN) aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19679,34 manat təşkil edir. Beləliklə qeyd olunanlardan göründüyü kimi iddiaçının ümumi stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, ümumi stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir; - işə əlavə edilmiş xx.xx.1984-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur; - işə əlavə edilmiş Göygöl rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 13 nömrəli aydınlaşdırıcı arayışında qeyd edilmişdir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixinədək Xanlar rayon (indiki Göygöl rayon) Mexanikləşdirmə zavodunda müxtəlif vəzifələrdə işləmişdir. Yuxarıda qeyd olunan dövrlər ərzində xx.xx.1988-ci ildən xx.xx.1991-ci il tarixinədək tam iş günü ərzində “metal emalı üzrə misgər” (4-cü dərəcə), xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixinədək müxtəlif metal məmulatlarının emali üzrə tam iş günü ərzində 5-ci dərəcəli “elektrik qaynaqçısı-misgər” peşəsində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.2005-ci illər ərzində 17 il 03 ay İddiaçı isti iş şəraitində müxtəlif tökmə və qaynaq metal məmulatlarının emalı üzrə zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə-ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168-xx.xx.1991- xx.xx.2005) elektrik qaynaqçısı-misgər vəzifələrində 17 il 03 ay ərzində tam iş günləri ərzində işləməsi faktdır; - işə əlavə edilmiş Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 91 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin əmək haqqı cədvəlləri və əmr kitabları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir; - Xanlar Mexanikləşdirmə» ASC-nin əmək haqqı cədvəlləri və əmrlərinin təsdiq edilmiş surətləri ; - işə əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 766 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir; - işə əlavə edilmiş fərdi şəxsi hesab haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 2022-ci ilin dekabr ayınadək işləyərək əmək haqqı almışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən verilmiş imtinada əmək haqq cədvəllərinin arxivə təhvil verilmədiyindən iddiaçının "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı 30 ay əmək haqqı ödənilməsi müəyyən edilməmiş və həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmişdir. Nəticədə iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulan müddətdən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının "xxxx" ASC-də işlədiyi müxtəlif vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunmasını mübahisələndirməmişdir. Odur ki, məhkəmə hazırda mübahisələndirilən dövlərin sosial sığorta stajına daxil edilib-edilməməli olduğunu araşdırmalıdır. Belə ki, iddiaçının xx.xx.1983-xx.xx.2005-ci tarixədək "xxxx" ASC-də işlədiyi dövr iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Həmçinin iddiaçının əmək kitabçasından sonuncunun xx.xx.2021-ci il tarixdən Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapır. xx.xx.2023-cü il tarixli arayışla isə iddiaçının noyabr 2021-ci il tarixdən 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyərək əmək haqqı alması öz təsdiqini tapır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının fasiləsiz olaraq xx.xx.1983-xx.xx.2005-ci tarixədək "xxxx" ASC-də və 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyinə dair iş materiallarında (əmək kitabçası və arayışda) göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər tam şəkildə iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Məhkəmə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müədəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Məhkəmə iddiaçıya münasibətdə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün birinci şərtlə bağlı qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərdə azı 12 il 6 ay əmək fəaliyyəti ilə məşğul olması mübahisələndirilməmişdir. İkinci şərtlə bağlı isə qeyd edilməlidir ki, iddiaçının fasiləsiz olaraq xx.xx.1983xx.xx.2005-ci tarixədək "xxxx" ASC-də və 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi müddətin tam şəkildə sosial sığorta stajına daxil edildiyi təqdirdə ümumi sığorta stajı da qanunvericiliklə nəzərdə tutulmuş tələbi ödəyəcəkdir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının 60 yaşından (08 may 2022-ci il tarixdən) əmək pensiyası hüququ yarandığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, İddiaçı xx.xx.1983-xx.xx.2005-ci tarixədək "xxxx" ASC-də və 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1983-xx.xx.2005-ci tarixədək "xxxx" ASC-də və 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyi illərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-466/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-466/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver