Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-466/2024 11.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı kimya fəninnin vakansiyaya çıxarılma sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbində tədris etdiyi kimya fənnini vakansiyaya çıxarma sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbində kimya və biologiya dərslərini tidris edir, özü də hər iki fənnin tədrisi üzrə 36 il təcrübəsi var, Bakı Dövlət Univensitetinin biologiya və kimya fakültəsini 1987-ci ildə bitirmişdir. Həmin zamandan da müəllim işləyir və qeyd edilən fənnləri tədris edir. Kimya və biologiya ixtisası üzrə məktəbdə iki müəllim var, birinin dərs saatı 10, digərinin isə 9dur. Bu fənnlərin 9 saatı kimyadır. Kimya fənni vakansiyaya çıxarılarkən onun 5 saat dərs yükü olur. Bu da dözülməzdir. Məktəbin direktoru 9 saat kimya dərsini vakansiyaya çıxarmış, səbəbini onun kimyadan diaqnostikada iştirak etməməsi ilə izah etmişdir. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirinin qərarına əsasən onda qoşa fənn olduğu üçün onlardan biri (biologiya) üzrə diaqnostikada iştirak etmiş, 42 bal toplamışdır. Sertifikasiya başladığı üçün indi hər iki fəndən imtahan verməyə hazırdır. Odur ki, kimya dərsi yersiz, yəni əsassız olaraq vakansiyaya çıxarılmışdır. Bu özbaşnalığın nəticəsində həm ona maddi zərər dəyir, həm də də şagirdlərin normal təhsil almalarına əngəl yaradılır, Azərbaycan Respublikası Təhsil Nazirinin qərarı inkar edilir. İxtisasca əmək müəllimi olan məktəb direktoru qeyd edilən vəziyyətdə kimya dərsini vakansiyaya çıxarmaqla haqsızlığa yol verir. O, kimya dərsinin vakansiyaya çıxarılmasından QazaxTovuz Regional Təhsil İdarəsinə müraciət etmişdir. Cavab verilmişir ki, məktəbdə kimya ixisaslı müəllim olmadığı, habelə o, kimya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etmədiyi üçün kimya fənninin dərs saatları vakant elan edilmişdir. Habelə, məktəbdə kimya fənni üzrə müəllim təyinatı olmazsa, kimya fənninin tədrisi ona əvəzçilik qaydasında verilə bilər. O da bu cavabla razı deyil. İş üzrə şifahi məhkəmə baxışı iclası 11 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin iddiaçı gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kimya fəninnin vakansiyaya çıxarılma sərəncamının ləğv edilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi, İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı iddia qaldıraraq Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbində kimya fənni üzrə dərs saatlarının vakansiyaya çıxarılmasına dair sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia qaldırmaqda hüquqi marağı Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbində kimya fənni üzrə dərs saatlarının vakansiyaya çıxarılmasına dair sərəncamın ləğv edilməsidir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən sərəncamın verilməsinə əsas Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbi tərəfindən Qazax- Tovuz Regional Təhsil İdarəsinə təqdim edilmiş kimya fənni üzrə dərs saatlarının vakansiyaya çıxarılmasına dair məlumatlar olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə cavabdehi düzgün müəyyən etməmişdir. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsi deyil, Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbi olmalıdır. Belə olan halda Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbi inzibati orqan olmadığından işə inzibati məhkəmədə deyil, müvafiq rayon(şəhər) məhkəməsində mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, inzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında qeyd edilmişdir. Hazırki iddia tələbində cavabdeh qismində göstərilməli olan Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında inzibati orqanların siyahısında inzibati orqan kimi qeyd olunmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı kimya fəninnin vakansiyaya çıxarılma sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Qazax-Tovuz Regional Təhsil İdarəsinə qarşı kimya fəninnin vakansiyaya çıxarılma sərəncamının ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-466/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-466/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver