Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-467/2020 17.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə (bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi) qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2018-ci il tarixli, 2(61)-2418/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun “Xalça” kolxozunda üzvlük əsasında işlədiyi iş illərinin, eləcə də Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən Tərtər rayonu “Bəyimsarov” kolxozunda üzvlük əsasında işlədiyi 1989-1995 və 1997-ci iş illərinin ona pensiya hüququ verən iş (sosial sığorta) stajı kimi hesablanması və bu əsasla pensiyasının yenidən hesablanaraq pensiya hüququnun yarandığı 1997-ci il tarixdən indiyədək yaranmış pensiya fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1949-cu ildə Ermənistan Respublikasının Ararat rayonunun Xalça kəndində anadan olmuşdur. 6 (altı) uşaq doğub onları 8 (səkkiz) yaşınadək tərbiyə etmişdir. Ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Tərtər rayonun Bəyimsarov kəndində yaşamağa başlamışlar və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayırlar. 6 (altı) uşaq doğub onları 8 (səkkiz) yaşınadək tərbiyə etdiyinə görə 1997-ci ildə 48 yaşında əmək pensiyasına çıxmışdır. Lakin pensiyaya çıxarkən həmin vaxt onun əmək kitabçasında 1964-1989-cu və 1989-1995 və 1997-ci illərdə işləməyinə dair müvafiq qeydlər olmadığına görə onun iş stajı ona pensiya hüququ verən iş stajına əlavə edilməmiş və beləliklə onun pensiya hüquqları pozulmuşdur. Bundan sonra o, pozulmuş pensiya hüquqlarının bərpası məqsədilə 1964-1989-cu və 1989- 1995 və 1997-ci illərdə işləməyinə dair faktın müəyyən edilməsi üçün ərizə ilə məhkəmələrə müraciət etməli olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(61)-2418/2018 nömrəli qətnaməsinə əsasən ərizənin təmin edilməsi, ərizəçi İddiaçı 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun “Xalça” kolxozunda üzvlük əsasında işlədiyi illərin, eləcə də Tərtər rayonu “Bəyimsarov ” kolxozunda üzvlük əsasında işlədiyi 1989-1995 və 1997-ci iş illərin ona sosial sığorta stajı kimi müəyyən edilməsi qət edilmişdir. Bundan sonra işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(61)-2418/2018 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4896/2019 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddiaçının Tərtər rayonu “Bəyimsarov” kolxozunda üzvlük əsasında işlədiyi 1989-1995 və 1997-ci iş illərin ona sosial sığorta stajı kimi müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Başqa sözlə Ali Məhkəmənin qərarı ilə onun 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun “Xalça” kolxozunda üzvlük əsasında işlədiyi iş illəri ona pensiya hüququ verən iş (sığorta) stajı kimi müəyyən edilmiş, eləcə də Tərtər rayonu “Bəyimsarov ” kolxozunda üzvlük əsasında işlədiyi 1989-1995 və 1997-ci iş illəri ona iş (sosial sığorta) stajı kimi müəyyən edilməsi məhkəmə qətnaməsi ilə deyil, iş materiallarında olan dövlət arxiv arayışları ilə müəyyən edildiyi birbaşa qərara alınmışdır. Belə olan halda 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun “Xalça” kolxozunda üzvlük əsasında işlədiyi iş illəri məhkəmə qətnaməsi ilə ona pensiya hüququ verən iş (sığorta) stajı kimi, Tərtər rayonu “Bəyimsarov ” kolxozunda üzvlük əsasında işlədiyi 1989- 1995 və 1997-ci iş illəri isə dövlət arxiv arayışı əsasında ona iş (sosial sığorta) stajı kimi hesablanmaqla pensiyası yenidən hesablanmalı və pensiya hüququ yarandığı tarixdən indiyədək verilməmiş pensiyası verilməlidir. Məhz buna görə də müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ərizəsinə xx.xx.2019-cu il tarixli, **********8 nömrəli imtina məktubu verilmişdir İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, vətəndaş İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsindən xx.xx.1998-ci il tarixdən 32 il sığorta stajı ilə əmək pensiyası alır. Vətəndaşın iddia etdiyi illər 32 ildən artıq deyil və həmin illər ona pensiya təyin edilən zaman artıq nəzərə alınmışdır. Belə ki, iddiaçının 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun “Xalça” kolxozunda üzvlük əsasında işlədiyi iş illəri şahidlik protokolu əsasında, Tərtər rayonu “Bəyimsarov ” kolxozunda üzvlük əsasında işlədiyi 1989-1995 və 1997-ci iş illəri isə arxiv arayışı əsasında staj kimi hesablanmışdır. Bu əsaslar vətəndaşın xx.xx.1998-ci il tarixli əmək pensiyası sənədlərində də öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)1248/2018 saylı qətnaməsindən məlum olur ki, ərizə təmin edilmiş İddiaçı 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun «Xalça» kolxozunda üzvlük əsasında işlədiyi illər ona sosial siğorta stajı kimi müəyyən edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)1248/2018 saylı qətnaməsinin qeyd edilən hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin İddiaçı 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun «Xalça» kolxozunda üzvlük əsasında işlədiyi illərin ona sosial siğorta stajı kimi müəyyən edilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə tərəfindən hazırkı iddia tələbinin mümkünlük məsələsi yoxlanarkən inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin-iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının, ümumiyyətlə konkret hüquqlarının pozulub-pozulmaması araşdırılmalıdır. Göründüyü kimi, iddiaçı tələbində Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)1248/2018 saylı qətnaməsi ilə onun 1964-1989-cu illərdə Ermənistanın Ararat rayonunun «Xalça» kolxozunda üzvlük əsasında işlədiyi illərin və Tərtər rayonu “Bəyimsarov ” kolxozunda üzvlük əsasında işlədiyi 1989-1995 və 1997-ci iş illərin (sosial sığorta) staj kimi nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını və pensiya hüququ yarandığı tarixdən indiyədək verilməmiş pensiyanın ödənilməsini tələb etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin xx.xx.1998-ci il tarixli, 81 saylı qərarının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.1998-ci il tarixdən pensiya təyin edilmiş, pensiya təyin edilən zaman 23 il şahidlik protokolu, 09 il isə kolxoz arayışı əsasında olmaqla, cəmi 32 il staj hesablanmaqla pensiya təyin edilmişdir. Pensiya işinə əlavə olunmuş arayışdan məlum olur ki, İddiaçı həqiqətən 1989-cu ildən 1998-ci ilin yanvarın 01-nə kimi «Bəyimsarov» kolxozunda işləmişdir. Məhkəmə qeyd edir ki, pensiya işinə əlavə olunmuş sənədlərin təsdiqlənmiş surətindən görünür ki, iddiaçının hazırda tələb etdiyi illər, xx.xx.1998-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi tərəfindən ona pensiya təyin edilərkən x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununda nəzərdə tutulan qaydada təsdiqlənməklə nəzərə alınmışdır. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1. bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
16. bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.
17. bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçıya pensiya təyin edilən zaman Ermənistanın Ararat rayonunun «Xalça» kolxozunda üzvlük əsasında işlədiyi illər barədə sənəd olmadığından əmək stajı şahidlərin ifadələrinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi tərəfindən müəyyən edilmiş, 1989-cu ildən 1998-ci ilin yanvarın 01-nə kimi «Bəyimsarov» kolxozunda işləməsi isə arxiv arayışı əsasında təsdiqlənmiş və pensiya hüququ yaranan zaman qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən ümumi iş stajı kimi nəzərə alınmaqla ona pensiya təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1, 4.2, 5.1 və 5.2 bəndləri). Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hər hansı bir hüququ pozulmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80. maddələrini rəhbər tutaraq,
Q ə r a r a a l d ı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygül İsgəndərova