Məhkəmə qərarları › İş №2-1(114)-467/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-467/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-467/2024 13.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 01 avqust 1980-ci ildən başlamış, onun güzəştli zərərli stajı 29 ildən, ümumi stajı isə 34 ildən artıqdır. İddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə 393 manat 28 qəpik məbləğində pensiya təyin edilmiş, bundan başqa 29 iyun 2022-ci ildən indiyə kimi hər ay üçün geriyə 1 il üçün əlavə 367 manat təyin edilmişdir. İddiaçının hesablamasına görə ona aşağıdakı kimi pensiya geri ödənilməlidir. 1) 2021-ci il üçün 259 manat x 12 ay =3108 manat; 2) 2022-ci il üçün 285 manat x 12 ay = 3400 manat; 3) 2023-cü il üçün 326 manat x 5 ay = 1630 manat 3108+3400+1680=8138 manat. Lakin Mərkəzi filal tərəfindən ona geriyə 2022-ci ilin iyul ayında 1 il 367 manat ödəmə təyin edilib. Bu 4047 manat təşkil edir. 2021-ci ilin yanvar ayında 2022-ci ilin iyun ayına kimi isə təxminən 4000 manat pul hesablanmayıb. İddiaçı 30 iyun 2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək, hansı səbəbdən ona xx.xx.2021-ci il tarixindən yox, məhz 29 iyun 2022-ci il tarixdən pensiya təyin edilməsinin səbəbini soruşmuş, DSMFnin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filalının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 173107/2023 saylı məktubunda güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanılmasının mümkün olmaması haqqında imtina verilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, “NN” kiçik müəssisəsində işləyərkən əmək haqqı almışdır. Həmçinin, ona xx.xx.2022-ci il tarixdə pensiya təyin edilmişdir, lakin pensiya 60 yaşı tamam olan tarixdə, yəni xx.xx.2021-ci il tarixdə təyin edilməli idi. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının qəbul edilən sosial sığorta stajı 20 il 9 ay 9 gündür. Lakin may 1988-ci il tarixdən oktyabr 1996-cı il tarixədək olan illər əmək kitabçasında qeyd edilmədiyinə görə nəzərə alınmadığından "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 60 yaşından pensiya təyin edilməmişdir. Həmçinin iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək işlədiyi müəssisə məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyinə görə həmin dövr də nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “NN” kiçik müəssisəsi DSMF-də qeydiyyatdan keçmədiyinə və məcburi dövlət sosial sığorta haqqını ödəmədiyinə görə iddiaçının 2001-2002-ci illərə dair stajını qəbul etmirik. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -işə əlavə edilmiş "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda qeyd olunmuş vəzifə koduna uyğundur. -işə əlavə edilmiş Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2010 - xx.xx.2013 - Qaynaqçı; xx.xx.2015 xx.xx.2019 - Qaynaqçı: xx.xx.2019 - hal-hazıradək - Qaynaqçı və kəsici işlədiyi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında qeyd olunmuş vəzifə koduna uyğundur. -işə əlavə edilmiş "NN" kiçik müəssisəsinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "NN" kiçik müəssisəsində elektrik qaz qaynaqçısı işləmişdir və əmək haqqı almışdır. -işə əlavə edilmiş X6 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-M-1473//1/2023 nömrəli arxiv arayışından görünür ki, Məmmədov X2 (Gəncə) Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Trestində 1988-1993-cü illərdə 13 saylı, 1994-1996-cı illərdə 7 saylı Mənzil İstismar Kontorunda qaynaqçı vəzifəsində işləmiş və may 1988-dekabr 1990, fevral 1991-dekabr 1995 və yanvar-sentyabr 1996-cı il üzrə əmək haqqı almışdır. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-173107/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin buna baxmayaraq iddiaçı hesab etmişdir ki, həmin pensiya ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilməlidir və bu məqsədlə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan isə iddiaçının Mərkəzi Filiala təqdim edilən 8 avqust 1980-ci il tarixli ИT-1 ******* nömrəli əmək kitabçasının surətinin 6- 7-cı səhifəsinin 7-ci qeydində işdən çıxma əmrinin qeyd olunmadığı müəyyən etdiyindən iddiaçının xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövrünün əmək stajına daxil etməmiş, həmçinin sözügedən əmək kitabçasında xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı "NN" kiçik müəssisəsində qaynaqçı peşəsində işlədiyi qeyd olunsa da, adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edərək yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etməmişdir. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajının 25 ildən az (20 il 9 ay 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər və 2010- 2023-cü il illər üzrə cəmi 13 il 1 ay) illər)) olduğunu bildirərək ona hüququnun yarandığı tarixdən deyil, qanunvericiliyin tələbləri baxımından mümkün olduğu halda pensiya təyinatı aparmışdır. Hazırki tələblə iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Yuxarıda göstərilən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş müvafiq siyahılarda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Belə ki, 1 iyul 2020 – 30 iyun 2021 dövrləri arasında kişilər üzrə pensiya yaşı 65 il nəzərdə tutulduğundan və güzəştli şərtlərlə pensiya yaşı nəzərdə tutulmuş pensiya yaş həddinin 5 il azaldılması ilə hesablandığından, iddiaçı artıq xx.xx.2021-ci il tarixdə güzəştli pensiya yaş həddində olmuşdur. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş etirazın məzmunu ilə müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı dövrləri 25 ildən az (20 il 9 ay 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər və 2010-2023-cü il illər üzrə cəmi 13 il 1 ay) illər)) təşkil edir. Başqa sözlə, cavabdeh orqan tərəfindən iddiaçının yalnız ümumi iş stajı mübahisələndirilərək, onun 25 ildən az, yəni 20 il 9 ay 9 gün olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən qəbul edilməyən iş stajı dövrlərinə münasibətdə qeyd edir ki, işə əlavə edilmiş müvafiq arayışlardan məlum olur ki, iddiaçı həqiqətən 1988-1993-cü illərdə 13 saylı, 1994-1996-cı illərdə 7 saylı Mənzil İstismar Kontorunda qaynaqçı vəzifəsində işləmiş və may 1988-dekabr 1990, fevral 1991-dekabr 1995 və yanvar-sentyabr 1996-cı il üzrə əmək haqqı almış, həmçinin xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "NN" kiçik müəssisəsində elektrik qaz qaynaqçısı işləmiş və həmin müddət üzrə əmək haqqı almışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, əmək kitabçasında olan məlumatlardan, eyni zamanda iddiaçının işlədiyi müəssisə və müvafiq arxiv filialı tərəfindən təqdim edilmiş arxiv arayışlarından da görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Məhkəmə tələbin qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixədək iş illərinin sosial sığorta stajına daxil edilməsini tələb etsə də, müvafiq arayışla müəyyən edilir ki, həmin dövr üzrə iddiaçı yalnız may 1988dekabr 1990, fevral 1991-dekabr 1995 və yanvar-sentyabr 1996-cı il üzrə əmək haqqı almışdır və səbəbdən də iddia onun əmək haqqı aldığı dövrlər üzrə qismən təmin edilə bilər. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında işdən çıxma əmrinin qeyd olunmadığı müəyyən edilsə də, bu səhv iddiaçının ziyanına şərh edilməməlidir, çünki işçinin işdən azad olması barədə məlumatların (tarix, əmr və s) əmək kitabçasında düzgün əks etdirilməsi işəgötürənin vəzifəsidir, bu barədə işə götürən tərəfindən yol verilmiş yanlışlıq iddiaçının hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, iddiaçının yuxarıda qeyd olunan dövrlərdə işləyərək əmək haqqı alması əmək haqqı cədvəlləri ilə öz əksini tapmışdır. Bundan əlavə qeyd edilməlidir ki, tələbin iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "NN" kiçik müəssisəsində işlədiyi dövrlərin onun sosial sığorta stajını daxil edilməsini tələb etməsi də əsaslıdır. Çünki, adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı qeyd olunan müəssisədə işləyərək əmək haqqı almışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının iş stajı ümumilkdə 25 ildən çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçının may 1988-dekabr 1990, fevral 1991dekabr 1995 və yanvar-sentyabr 1996-cı il üzrə əmək haqqı alaraq işlədiyi və xx.xx.2001ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "NN" kiçik müəssisəsində əmək haqqı alaraq işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı (60 yaşının tamam olduğu) xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı may 1988-dekabr 1990, fevral 1991-dekabr 1995 və yanvar-sentyabr 1996-cı il, eləcə də xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "NN" kiçik müəssisəsində əmək haqqı alaraq işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar