Məhkəmə qərarları › İş №2-1(114)-467/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-467/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-467/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1987-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli protokol-qərarı ilə iddiaçıya həyətyanı məqsədi ilə 800 kv.m torpaq sahəsi satılmışdır (2-ci bəndi). xx.xx.2007-ci il tarixdə DT və XK Tovuz rayon şöbəsinin aparıcı məsləhətçisi Ə.Abduləliyev, Tovuz rayon Alakol bələdiyyəsinin sədri B.H.Hüseynov və iddiaçının iştirakı ilə 0,08 ha torpaq sahəsinin ölçülüb verilməsi barədə şəhadətnamə aktı tərtib edilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdə 300 manat bələdiyyənin hesabına ödənilmişdir. xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə 60 nömrə ilə Komitənin Tovuz rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı xx.xx.2014-cü il tarixdə X10 kitabında 2405 nömrə ilə uçota alınmış A480681 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədi 15 saylı Tovuz Ərazi idarəsinin arxivində mövcuddur. İddiaçı Tovuz rayonu, Alakol kəndində yerləşən Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin AZCAD məlumat bazasında düzəliş edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-S-01xx-xx/2023 nömrəli məktubunda bildirmişdir ki, Tovuz rayonu, Alakol kəndində yerləşən iddiaçıya məxsus 0,08 həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə AZCAD məlumat bazası arasında uyğunsuzluq vardır. Bu uyğunsuzluğun araşdırılması üçün qonşu torpaq istifadəçilərinin, yerli icra nümayəndəsinin və bələdiyyənin iştirakı yerində GPS ölçü aləti vasitəsilə çöl-ölçmə işlərinin aparılması zərurəti vardır. Odur ki, iddiaçının, qonşu torpaq istifadəçilərinin, yerli icra nümayəndəsinin və bələdiyyənin iştirakı ilə birlikdə faktiki istifadə vəziyyətində torpaq sahələrinin ölçülməsi üçün vətəndaşların iştirakının təmin ediləcəyi və torpaq sahələrinin yerləri təqdim ediləcəyi təqdirdə müraciətə baxıla bilər. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında bildirmişdir ki, Tovuz rayonu, Alakol kəndində yerləşən, Alakol bələdiyyəsinin 24 fevral 2007-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinə dair A №480681 nömrəli 31 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Eyni zamanda, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına istinad edilərək İddiaçı istifadəsində olan və A №480681 nömrəli torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş torpaq sahəsi elektron baza məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, həyətyanı sahələrin altında olan torpaqlar və Dövlət mülkiyyəti kimi verilmişdir. Sözügedən torpaq sahəsinin üzərindən Un 10 kV elektrik hava ötürücü xətti keçir və hər hansı tikili mövcud deyil, baza məlumatlarına əsasən dövlət mülkiyyəti olduğundan digər şəxslərin hüquqlarına toxunur. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir, lakin, sözügedən torpaq sahəsinin bələdiyyə verilməsi ilə bağlı heç bir məlumat mövcud deyildir. Həmin məsələ ilə bağlı mümkünlük məsələsinə baxılması məqəsədəuyğundur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-1705/2024 nömrəli məktubunda bildirmişdir ki, Tovuz rayon Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı əsasında Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair Sadıqov llqar llyas oğlunun adına tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin arxiv nüsxəsi mövcuddur. in mi Torpaq sahəsinin faktiki istifadə vəziyyətinin konfiqurasiyası və koordinatları ilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanı əsasında hazırlanmış X2 X3 (TEKUİS və AZCAD) olan torpaq sahəsinin koordinatları və konfiqurasiyası arasında uyğunsuzluq vardır. AN480681 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 0.08 ha həyətyanı torpaq sahəsi TEKUİS və AZCAD məlumat bazasına əsasən mülkiyyət növü dövlət, kateqoriyası yaşayış məntəqələri torpaqları, təyinatı, tikinti altında olan torpaqlar (həyətyanı sahə) kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi üzərində hər hansı şəxs və ya şəxslərin və hər hansı orqanın hüquqları dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1811/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iştirakı zəruri olan, Tovuz rayonu Alakol bələdiyyəsi isə iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmədən qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Tovuz rayonu Alakol bələdiyyəsinin sədri X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi kimi satılmışdır. Həmin zaman mübahisəli torpaq sahəsi mülkiyyətində olmuşdur. Ancaq 2016-cı ildə TEKUİS yaradılan zaman xəritədə mülkiyyət forması dəyişmişdir. Həmin torpağın yanındakı torpaqlar da bələdiyyə qərarı ilə satılmışdır. Misal üçün, qonşu X5, X1 da bələdiyyə qərarı ilə torpaq satılmışdır. Alakol kəndində 160 hektar torpaq sahəsi toxumçuluq məqsədi ilə aqrar islahat zamanı dövlət mülkiyyətində saxlanılmışdır. Üçüncü şəxs Tovuz rayonu Alakol bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin və üçüncü şəxs Tovuz rayonu Alakol bələdiyyəsinin nümayəndələrinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: İddiaçının istifadəsində olan və A seriyalı 480681 nömrəli torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş torpaq sahəsi elektron baza məlumatlarına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, həyətyanı sahələrin altında olan torpaqlar və Dövlət mülkiyyəti kimi verilmişdir. X10 kitabında xx.xx.2014-cü il tarixdə 2405 nömrə ilə qeydiyyata alınmış A seriyalı 480681 nömrəli torpaq sahəsi ilə iddiaçının iddia etdiyi ( istifadə etdiyi) torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən üst-üstə düşür. Torpaq sahəsində hər hansı tikil mövcud deyil. leo 4. Torpaq sahəsinin daxilindən Un 10 kV elektrik hava ötürücü xətti keçir. 5. Torpaq sahəsi baza məlumatlarına əsasən hər hansı digər şəxslərin hüquqlarına toxunmur. рыд Qeyd: Rəyin tərtib edilməsi "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin ( TEKUİS) məlumatlarına istinad edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Yerquruluşunun Təşkili şöbəsinin mütəxəssis X8 bildirmişdir ki, mübahisəli torpaq sahəsinin əvvəllər yerquruluşu xəritəsində bələdiyyə mülkiyyətində yararsız torpaq sahəsi kimi əks olunmuşdur. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi tam üst-üstə düşür, kənara çıxma mövcud deyildir. Tətbiq edilən hüquq: Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər.. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Tovuz rayon Alakol Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya 800 kv.m həyətyanı torpaq sahəsinin satılması məqsədəuyğun hesab edilmiş, iddiaçı tərəfindən Tovuz rayonu Alakol Bələdiyyəsinin hesabına 300 manat haqq ödənilmişdir. Hazırda torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə iddiaçıya bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. İddiaçı torpaq sahəsinin adına qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşməsi müəyyən olunduğu üçün imtina etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 800 kv.m torpaq sahəsi Tovuz rayonu Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçıya satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən torpaq sahəsinə dair sənədlər (torpağın alqı-satqısına dair akt, şəhadətnamə aktı, sxematik plan, torpaq sahəsinin qaiməsi) hazırlanmışdır. Eyni zamanda torpaq sahəsinə dair Tovuz rayonu Alakol Bələdiyyəsinin yerquruluşu planından çıxarış da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Başqa sözlə, işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Tovuz rayon şöbəsində 26 fevral 2007-ci il tarixdə 60 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsi tərəfindən verilmiş A 480681 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmuşdur. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab edildiyindən, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Digər tərəfdən, iddiaçıya bələdiyyənin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, Tovuz rayon Alakol bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, bələdiyyənin ona məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin imtina əsaslarına gəldikdə isə məhkəmə qeyd edir ki, Yerquruluşunun Təşkili şöbəsinin mütəxəssis rəyində qeyd etməsə də, məhkəmə iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsinin əvvəllər yerquruluşu xəritəsində bələdiyyə mülkiyyətində yararsız torpaq sahəsi kimi əks olunduğunu etiraf etmişdir. Digər tərəfdən, cavabdehin digər imtina əsası torpaq sahəsinin üzərindən yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin keçməsidir. Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Məhkəmə mübahisəsi başlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”ə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər (1.4). Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Başqa sözlə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud olmadığından, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Tovuz rayonu Alakol Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş və həmin qərar əsasında tərtib edilmiş A 480681 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Tovuz rayonu Alakol kəndində yerləşən 800 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar