Məhkəmə qərarları › İş №2-1(114)-468/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-468/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-468/2022 05.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Tərtər rayonu sabiq “Özbəkistan” adına kolxozda 1990-cı ildən 1998-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1963-cü il tarixdə Tərtər rayonun Cəmilli kəndində anadan olmuşdur. İddiaçı 1981-ci ildə Azərbaycan SSRİ Ali və Orta ixtisas Təhsili Nazirliyinin Bakı Politexnik Texnikumuna daxil olmuş, oxuduğu müddət ərzində hərbi xidmətə gedərək xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuş, daha sonra təhsilini davam etdirərək xx.xx.1987-ci il tarixdə Bakı Politexnik Texnikumunu bitirmişdir. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək 183 nömrəli orta texniki peşə məktəbində elektrik qaynaqçısı qrupu istehsalatında birinci dərəcəli usta vəzifəsində, 1990-1998-ci illərdə isə Tərtər rayonu sabiq “Özbəkistan” adına kolxozda işləmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə “Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ Terminal (V-beş)m proqramlı Hemodealiz. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya. Toksiki anemiya. Böyrəyindən digər zədələnmələrinə görə ikinci dərəcəli hipertenziya. Nefrogen hipertenziya” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına sənədləri ilə birlikdə müraciət etmişdir. Həmin ərizəyə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialında (bundan sonra mətndə - cavabdeh) baxılmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1986-cı il tarixində tərtib edilmiş AT-V- ******* nömrəli əmək kitabçası və hərbi biletin surətlərinə əsasən 5 il 3 ay sığorta stajı tələb olunan sığorta stajından (14 ildən) azdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndinin tələblərinə əsasən təqdim etdiyi Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 148 nömrəli arxiv arayışında 1990-cı ildən 1998-ci ilədək “Özbəkistan” adına kolxozda işləməsi faktı xx.xx.1986-cı il tarixində tərtib edilmiş AT-V- ******* nömrəli əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alınaraq İ dərəcəli əlilliyə görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1990-cı ildən 1998-ci ilə kimi pensiyanın hesablanaraq verilməsinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını, xx.xx.2022-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə məhkəmədən Tərtər rayon sabiq “Özbəkistan” adına kolxozda 1990-cı ildən 1998-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hər iki ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur, birinci qrup əlildir, dializ xəstəsidir. 1990-cı ildən 1998-ci ilədək “Özbəkistan” adına kolxozda işləmişdir. Bu barədə Tərtər rayon Dövlət Arxivinin 148 nömrəli arxiv arayışı da verilmişdir. Naməlum səbəbdən həmin əmək stajı əmək kitabçasına yazılmamışdır. Ancaq qanuna əsasən ona müvafiq qaydada pensiya verilməlidir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 1981-1987-ci ildə texnikumda oxumuş, həmin dövr ərzində hərbi xidmətdə olmuşdur. Texnikumu bitirdikdən sonra isə 183 nömrəli orta texniki peşə məktəbində xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək işləmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyək bildirmişdir ki, iddiaçıya qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya birinci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 14 il sosial sığorta stajı tələb olunur. Hüquqlarını müdafiə etdiyi qurum tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək təhsil aldığı və hərbi xidmətdə olduğu 05 il 08 ay 04 gün müddət, habelə əmək kitabçasında qeyd edilən xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 03 il 10 gün iş stajı, cəmi 08 il 09 ay 10 gün sosial sığorta stajı mübahisələndirilmir. Arxiv arayışında qeyd edilən 08 il 02 müddət isə əmək kitabçasında qeyd edilmədiyi üçün nəzərə alınmamışdır. Məhkəmə araşdırmasının predmetini Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 148 nömrəli arayışının surəti, Tibbi-Sosial Ekspert Komissiyasınada sonuncu müayinə dair məlumatın surəti, iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtinası, xx.xx.1987-ci il tarixdə verilmiş 017096 nömrəli diplomun surəti, AT-V ******* nömrəli əmək kitabçasının surəti, iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, ona xx.xx.2021-ci il tarixdə birinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı birinci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh quruma müraciət etmiş, sonuncu isə bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunan xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.3.2-ci bəndində qeyd edilmişdir ki, Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən 58 yaşında birinci dərəcə əlilliyi müəyyən edilən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (58 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 43il) x 4 ay = 172 ay/12 = 14 il 4 ay) sığorta stajı tələb olunur. Cavabdeh qurum əvvəl imtinasında iddiaçının yalnız xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu və xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək işlədiyi dövr üzrə 05 il 03 ay (hesablama ilə 05 il 20 gün edir halbuki) qəbul etdiyini bildirsə də, məhkəmə iclasında cavabdehin nümayəndəsi xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək təhsil və hərbi xidmət (həmin dövrlər üst-üstə düşdüyü üçün), əmək kitabçasında qeyd edilən xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək işlədiyi dövrlər üzrə 08 il 08 ay 14 gün müddəti qəbul etdiklərini bildirmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının xx.xx.1990-cı ilədək 08 il 08 ay 14 gün sığorta stajı mübahisələndirilmir. Mübahisə edilən dövr edilən dövr arxiv arayışında qeyd edilən 1990-1998-ci illərdir. Cavabdeh orqanın həmin dövrlərin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. İddiaçı 1990-1998-ci illərdə Tərtər rayonu sabiq “Özbəkistan” adına kolxozda işləmişdir. Arxiv sənədlərində iddiaçının kolxozda işlədiyi hər bir il üzrə həm faktiki iş norması (1990-cı ildə 70 gün, 1991-ci ildə 303 gün, 1992-ci ildə 347 gün, 1993-cü ildə 284 gün, 1994-cü ildə 350 gün, 1996-cı ildə 360 gün, 1997-ci ildə 189 gün, 1998-ci ildə 350 gün), həm də minimum əmək (adam) iştirakı (günü) (180 gün) norması qeyd edilmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Arxiv arayışından görünür ki, iddiaçı tərəfindən 1991-1997- ci illərdə əmək iştirakı norması tam ödənilmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. Arxiv arayışında qeyd edilən 1990 və 1998-ci illərə gəldikdə iddiaçı minimum əmək iştirakı norması tam ödənilməmişdir. Bu səbəbdən də, həmin illərə dair iddiaçının iş stajı tam formada deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (70+150)x12ay:180minimum adam günü=01 il 02 ay Odur ki iddiaçının kolxozda işlədiyi minimum əmək iştirakı normasına əməl olunduğu illəri tam il kimi (1991-1997-ci illər üzrə 07 il), minimum əmək iştirakı normasına əməl olunmadığı illəri isə faktik müddət üzrə (1990 və 1998-ci illər üzrə (70+150)x12ay:180minimum adam günü=01 il 02 ay) nəzərə alınmaqla kolxozdakı ümumi iş stajı 08 il 02 ay müəyyən edilməlidir. Beləliklə, iddiaçı 16 il 10 ay 14 gün sosial sığorta stajı toplamışdır. Məhkəmə hesab edir ki, iddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Habelə, məhkəmə onu da vurğulayır ki, məhkəmə gedişi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 4.1.1-ci bəndinin 1-ci hissəsinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Yəni, artıq hazırda qüvvədə olan qaydalara əsasən inzibati orqan dövlət arxivinin arayışı əsasında sosial sığorta stajını nəzərə alaraq iddiaçıya pensiya təyin etməli idi. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının kolxozda 1990-cı ildən 1998-ci ilə kimi minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi 08 il 02 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququ yarandığı xx.xx.2021-ci il tarixdən birinci dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Tərtər rayonu sabiq “Özbəkistan” adına kolxozda 1990-1998-ci illərdə minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi 08 il 02 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququ yarandığı xx.xx.2021-ci il tarixdən birinci dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar