Məhkəmə qərarları › İş №2-1(114)-468/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-468/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-468/2024 23.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında xx.xx.1995-ci il tarixli 05 nömrəli akt qeydinə və xx.xx.1995-ci il tarixli Vİ-ЖГ 418285 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuş İddiaçı ilə xx.xx.1977-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş X5 nikaha daxil olmuşlar, nikahdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir.

2. Doğum haqqında xx.xx.1996-cı il tarixli XİX-ЖГ 353426 nömrəli şəhadətnamədən məlum olur ki, xx.xx.1996-cı il təvəllüdlü X7 atası İddiaçı, anası isə X3r.

3. Doğum haqqında xx.xx.1997-ci il tarixli XX-ЖГ 324027 nömrəli şəhadətnamədən məlum olur ki, xx.xx.1997-ci il təvəllüdlü X10 atası İddiaçı, anası isə X3r.

4. Doğum haqqında xx.xx.2004-cü il tarixli AZ-İ 524446 nömrəli şəhadətnamədən məlum olur ki, xx.xx.2000-ci il təvəllüdlü X7 atası İddiaçı, anası isə X3r.

5. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-37-42/2-198/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 1991-ci ildən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı kəndində yaşayır və sağlamdır.

6. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-37-42/2-199/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 1991-ci ildən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı kəndində yaşayır və aşağıdakı ailə tərkibi var: Arvadı – X6 – 1997; Oğlu – X12 – 1996; Oğlu – X15 – 1997; Oğlu – X8 – 2000.

7. Məhkəmənin sorğusuna Beyləqan rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 44/3-13-67/2-4562/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barəsində rayon Polis şöbəsinin X2 Qrupunun arxivində heç bir məlumat yoxdur.

8. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin həmin orqanın xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1210 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən «Yetkinlik yaşma çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər». Ərizədə yetkinlik yaşına çatdığını, Azərbaycan Respublikasının vətəndaşı olmağını təsdiq edəcək şəxsiyyət vəsiqəsinin olmamasını və bu səbəbdən də şəxsiyyətini təsdiq edən sənədi qeydiyyat şöbəsinə təqdim edə bilmədiyini göstərmişdir. Göstərilən hallar olmadığından doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi mümkün olmamışdır. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, şəxsiyyət vəsiqəsi tələb etmədən doğum haqqında şəhadətnamənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 dekabr 1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1 1983-cü ildə 53 yaşında rəhmətə getmişdir. Həmin vaxt onun 17 yaşı var idi. Həm 9 nömrəli Peşə Məktəbində oxuyurdu, həm də işləyirdi, fəhləlik edirdi. Anasının qəbrinin üstünü də o vaxt gücü çatan şəkildə özü düzəltdrimişdir. Bildiyinə görə atası o körpə olanda avtoqəza nəticəsində rəhmətə getmişdir. Anası rəhmətə gedəndən sonra bir müddət nənəsi ilə qalmışdır. X17 Yanğınsöndürmə idarəsində işləyirdi. Daha sonra 1986-cı ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini bitirənə yaxın ona xəbər vermişlər ki, nənəsi Yetər rəhmətə gedib, Qazaxda dəfn ediblər, əslləri Qazaxdandır. Dayısı Çapay hazırda Rusiyadadır. 1988-ci ildə hərbi xidmətdən qayıtmış və Beyləqanlı Valeh adlı şəxsin yanında işləməyə başlamışdır. Sonra onun təklifi ilə onlar Beyləqana getmişlər. X9 adlı həmin şəxsin yanında Çəmənli kəndində yaşamışdır. Valeh onu himayə edirdi, ona kömək edirdi. 02 may 1995-cil ildə Valeh onu qonşu kənd olan Qaradağlı kəndindən tanışı olan bir ailənin qızı ilə evləndirmişdir. Bu nikahdan üç oğlu var: Abbas, Oruc və Ramazan. Bu müddət ərzində ancaq kənddə yaşamış, heç yerə getməmiş, savadsız olduğuna görə kimlik almamış, səhlənkarlıq etmişdir. Lakin artıq ağır işdə işləyə bilmir, taqətdən düşmüşdür. Sürücülük vəsiqəsi alıb nəsə yüngül bir işlə məşğul olmaql istəyir. Bunun üçün şəxsiyyət vəsiqəsi, şəxsiyyət vəsiqəsi üçün isə doğum şəhadətnaməsi tələb olunur. Qeydiyyat şöbəsi isə şəhadətnaməni verməkdən imtina edir. Halbuki, o şəkilli arayış təqdim etmişdir və cavabdehin də qanunla öhdəliyi var.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında xx.xx.1995-ci il tarixli 05 nömrəli akt qeydi; - Nikahın bağlanması haqqında xx.xx.1995-ci il tarixli Vİ-ЖГ 418285 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.1996-cı il tarixli XİX-ЖГ 353426 nömrəli, xx.xx.1997-ci il tarixli XX-ЖГ 324027 nömrəli və xx.xx.2004-cü il tarixli AZ-İ 524446 nömrəli şəhadətnamələr; - Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-37-42/2-198/2023 nömrəli 5-37-42/2- 199/2023 nömrəli arayışları; - Məhkəmənin sorğusuna Beyləqan rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 44/3-13-67/2-4562/2024 nömrəli cavab məktubu; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1210 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən olunur ki, Nikahın bağlanması haqqında xx.xx.1995-ci il tarixli 05 nömrəli akt qeydinə və xx.xx.1995-ci il tarixli Vİ-ЖГ 418285 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuş İddiaçı ilə xx.xx.1977-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş X5 nikaha daxil olmuşlar, nikahdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir.

25. İddiaçı oğlu doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin həmin orqanın xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1210 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən «Yetkinlik yaşma çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər». Ərizədə yetkinlik yaşına çatdığını, Azərbaycan Respublikasının vətəndaşı olmağını təsdiq edəcək şəxsiyyət vəsiqəsinin olmamasını və bu səbəbdən də şəxsiyyətini təsdiq edən sənədi qeydiyyat şöbəsinə təqdim edə bilmədiyini göstərmişdir. Göstərilən hallar olmadığından doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi mümkün olmamışdı.

26. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya doğum haqqında təkrar şəhadətnaməni verməkdən imtinası əsassız və qanunsuz olmuşdur.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

28. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

30. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na görə:

32. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir.

34. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Cavabdeh iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.

35. Məhkəmə qeyd edir ki, iddiaçının nikaha daxil olması barədə xx.xx.1995-ci il tarixli 05 nömrəli akt qeydi və xx.xx.1995-ci il tarixli Vİ-ЖГ 418285 nömrəli şəhadətnamə mövcuddur. Həmin akt qeydindən və şəhadətnamədən məlum olur ki, xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində doğulmuş İddiaçı ilə xx.xx.1977-ci il tarixdə Beyləqan rayonunda doğulmuş X5 nikaha daxil olmuşlar. Cavabdeh həmin akt qeydinin surətini məhkəməyə müvafiq sorğu əsasında təqdim etmişdir.

36. Həmçinin, iddiaçı xx.xx.2024-cü il tarixdə keçilmiş məhkəmə iclasında verdiyi izahatında sovet pasportunun olduğunu və itirdiyini bildirmişdir.

37. Göründüyü kimi, iddiaçının xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində doğulması işin mübahisəsiz halıdır.

38. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1966-cı il tarixdə anadan olmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. xx.xx.1966-cı il tarixdə doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar