Məhkəmə qərarları › İş №2-1(114)-4689/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4689/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4689/2025 28.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X8 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «nikah və doğum haqqında akt qeydlərinə düzəliş edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı «nikah və doğum haqqında akt qeydlərinə düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, atasının soyadının nikah haqqında şəhadətnamədə “Malkiov”-dan “Məlkov” soyadına, doğum haqqında şəhadətnaməsində soyadının “Melkovdan”-dan “Məlkov” düzəliş edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 25.047.1961-cü il tarixdə anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Atasının bütün sənədlərində soyadı “Məlikov” kimi qeyd edilsə də, nikah haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamədə soyad yanlış qeyd edilmişdir. Nəticədə isə atasından miras qalan əmlakı qəbul etməkdə çətinlik çəkir. Qeyd olunan yanlışlıqların aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmiş, lakin düzəliş edilməsi mümkün olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, atasının nikah haqqında akt qeydində soyadının “Malikov”-dan “Məlikov” soyadına, doğum haqqında akt qeydində soyadının “Melkov”-dan “Məlikov” soyadına düzəliş edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair hər hansı etiraz məhkəməyə ünvanlanmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli imtina məktubu, iddiaçının atasına məxsus xx.xx.2025-ci il tarixli AZ-№ 480396 nömrəli ölüm haqqında şəhadətnamə, iddiaçının mərhum atasına məxsus C02079679 nömrəli xarici pasport, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 277 saylı arayış, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 278 saylı arayış, X2 məxsus НЭ № ******* nömrəli hərbi bilet, X2 məxsus sürücülük vəsiqəsi, X2 məxsus V-ЖГ № 356001 nömrəli nikah haqqında şəhadətnamə, X1 doğum və nikah akt qeydlərinin surəti təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbəsləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin yerləşdiyi Bərdə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X3 və X5 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil daxil olmuş, bu barədə xx.xx.1990-cı il tarixdə 52 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Lakin, nikahın bağlanması haqqında xx.xx.1990-cı il tarixli 52 nömrəli akt qeydində atasının soyadı “Malikov” kimi qeyd edilmişdir. Eyni zamanda, iddiaçının atasına məxsus doğum akt qeydində isə soyadı “Melikov” kimi qeyd edilmişdir. İddiaçı nikah və doğum haqqında akt qeydlərinə düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqan iddiaçının ərizəsinin müsbət yöndə icrasından imtina etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq dövlət orqanları tərəfindən iddiaçının mərhum atası X2 verilmiş sənədlərdən (xarici pasport, hərbi bilet, ölüm haqqında şəhadətnamə, sürücülük vəsiqəsi və.s. ) müəyyən edilir ki, iddiaçının mərhum atasının adı İldırım, soyadı Məlikov, ata adı Bəhrəmdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının mərhum atası X2 və X4 aid nikah haqqında akt qeydində atasının soyadının “Malikov” doğum haqqında akt qeydində isə soyadı “Melikov” qeyd olunduğu müəyyən edilsə də, X1 övladının doğum haqqında şəhadətnaməsində və ona təqdim olunan digər sənədlərdə onun soyadı “Məlikov” kimi qeyd olunmuşdur. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının mərhum atasına aid nikah və doğum haqqında akt qeydlərində səhvə yol verilmiş və soyadı düzgün qeyd edilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mərhum atası X1 adına tərtib edilmiş 1961-ci il tarixli, 67 nömrəli doğum haqqında akt qeydində soyadının “Melikov”-dan “Məlikov”-a və X2 məxsus xx.xx.1990-ci ildə tərtib edilmiş 52 nömrəli nikah haqqında akt qeydində soyadının “Malikov”-dan “Məlikov”-a düzəliş edilməsi öhdəliyi cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar