Məhkəmə qərarları › İş №2-1(114)-4698/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4698/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4698/2023 18.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X11, X9 və X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ********** qeydiyyat nömrəli **********84-10301 reyestr nömrəli çıxarışa və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2007-ci il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışa və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X1 şəhəri, Nizami küçəsi, ev 116 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı X11, X9 və X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Gəncə İnzibati Məhkəməsinin 2-1(14)-1645/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı və xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X10, X5, X12, X13, Qanuni nümayəndə2, X14, X4, X17 və X8 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.

5. Məhkəmənin sorğusuna AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-35659/23 nömrəli cavab məktubundan məlum olur ki, X6 xx.xx.2015-ci il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsi verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. X11 və X9 isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq ilk dəfə valideynlərinin yaşayış üzrə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş azyaşlıdırlar.

6. Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 100 nömrəli cavab məktubundan məlum olur ki, ünvan 6 ünvanında qeydiyyatda olan X11, X9 və X6 adlı şəxslər həmin ünvanda yaşamırlar.

7. Məhkəmənin sorğusuna Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müəyyən edilir ki, X6 İddiaçı nəvəsidir (iddiaçının oğlu olan X3 oğludur). II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Gəncə Şəhə Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X9 və X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. X11, X9 və X2 onun mülkiyyətində olan evdə pasport qeydiyyatındadırlar. O, həmin şəxsləri tanımır və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi mövcud deyil. Həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, bundan imtina edilmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

12. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdehnə (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdehnə yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11, X9 və X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. Üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanlarına göndərilmiş məhkəmə bildirişinin üzərinə “Bu ünvanda yaşamır” yazılaraq geri qaytarılmış, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə üçüncü şəxslərə sms-xəbərdarlığın göndərilməsi mümkün olmamışdır.

22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər isə gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

23. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, üçüncü şəxslərdən X6 onun oğlu Hamletin oğlu, yəni nəvəsidir. Lakin xeyli müddət əvvəl Nicatın anası ilə oğlu Hamlet arasında nikah pozulmuş, uşaqlar da ananın himayəsində qalmışlar. Hazırda nəvəsi Nicatın harada yaşamasından məlumatı yoxdur. Təxmini bilir ki, neçə illərdir Bakıda yaşayırlar. Digər üçüncü şəxsləri isə tanımır və onlarla hər hansı qohumluq əlaqələri mövcud deyil.

26. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 180700188 qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışı; - Cavabdehnə xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 4769/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 100 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-35659/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxslər xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X6 iddiaçıya məxsus sözügedən evdə qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

30. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

32. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

34. Göründüyü kimi, üçüncü şəxslərdən X11, X9 və X6 hazırkı mülkiyyətçinin ailə üzvü olmadıqlarından onların iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.

35. Məhkəmə onu da qeyd edir ki, iş üzrə üçüncü şəxslərin ikisi - xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X9 azyaşlıdırlar və onlara şəxsiyyət vəsiqəsi verilərkən ataları Qanuni nümayəndə2 yaşayış yeri üzrə qeydiyyata alınmışlar, hansı ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(14)-1645/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı və xx.xx.2023-cü il tarixli qərardadı ilə Qanuni nümayəndə2 və digər şəxslərin ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur.

36. Azyaşlı kateqoriyasına aid şəxsin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququnun olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

37. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.

38. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X11, X9 və X2 ünvan 9 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdehnə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar