Məhkəmə qərarları › İş №2-1(114)-47/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-47/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-47/2023 24.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, ilə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) elektrik xəttinin sökülərək torpaq sahəsinin təhvil verilməsi, əldən çıxmış fayda və qazancların əvəzi olaraq kompensasiya ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun razılığı olmadan, özbaşına 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehlərin üzərinə mülkiyyət hüququ əsasında ona məxsus qeyd olunan torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin öz hesablarına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, habelə həmin 110 kvluq yüksək gərginlikli elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11769/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, MH serialı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində 2014-cü ildə iddiaçının razılığını almadan icazəsiz, özbaşına olaraq cavabdehlər "xxxx"xxxx"xxxx" ASC tərəfindən 110 kvtluq yüksək gərginlikli elektrik xətti çəkilmiş, habelə həmin torpaq sahəsində yarımötürücü stansiyası tikilmişdir. Hər iki halda "xxxx"xxxx"Azərişiq ASC tərəfindən ona məlumat verilməmiş və onun razılığı alınmamış və nəticə etibarı ilə mülkiyyət hüququ pozulması ilə əlaqədar əldən çıxmış gəlir kimi ona təxminən 150000 manat məbləğində maddi ziyan dəymişdir. Buna görə də iddiaçı ərizə ilə cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə çox saylı müraciət edərək, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında mülkiyyətində olan, Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilindən "xxxx" ASC tərəfindən 110 kvt. yüksək gərginlikli elektrik xətti çəkildiyini, eləcə də həmin torpaq sahəsində "xxxx" ASC tərəfindən "yarımötürücü" stansiya tikildiyini, bu barədə ona məlumat verilmədiyini və razılığı alınmadığını qeyd edib, yüksək gərginlikli elektrik xətti çəkilərkən torpaq sahəmin elektrik xəttin altına və ya mühafizə zolağına düşən hissəsinə onunla uzun müddətli icarə müqaviləsi bağlanılmalı olduğunu, ona kompensasiya ödənilməli olduğunu və ya bazar dəyəri ödənilmək yolu ilə satın alınmalı olduğunu bildirmişdir. Lakin, onun həmin müraciətlərinə cavab olaraq "xxxx" ASC tərəfindən ona ünvanlanmış 6-02/06-08/H-386/4395 saylı xx.xx.2020-ci il tarixli məktubda yeni inşa edilən yarımstansiyanın tikintisi üçün müvəqqəti çəkilmiş 0.4 kv-luq hava xətti işlər tamamlandıqdan sonra xəttin sökülməsi nəzərdə tutulduğu və həmin 110 kv.v-luq hava xəttinin "xxxx" ASC tərəfindən ona məxsus torpaq sahəsində 2014-cü ildə inşa edildiyi qeyd edilsə də, cavabdeh "xxxx" ASC tərəfindən mənə sonuncu olaraq ünvanlanmış 02/06/H-546/7462 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda isə tam fərqli şəkildə, yəni əvvəlki verilmiş cavab məktublarına uyğun olmayan məzmunda cavab yazılaraq yarımstansiyanın tikildiyi ərazinin guya iddiaçıya aid torpaq sahəsinə heç bir aidiyyətinin olmadığı, habelə 110 KV-luq hava elektrik verilişi xəttinin isə 2014-cü ildə "xxxx" ASC tərəfindən çəkildiyi qeyd edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən isə iddiaçının müraciətlərinin heç birinə cavab verilməmişdir. Nəticə etibari ilə iddiaçının çox saylı müarciətləri cavabdehlər tərəfindən təmin edilməmiş, "xxxx"xxxx"xxxx" ASC tərəfindən ona məxsus torpaq sahəsində inşa edilən 110 kvt. yüksək gərginlikli elektrik xətti çəkilməsinə və "yarımötürücü" stansiya tikildiyinə görə 2014-cü ildən hazıradək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmədiyinə görə 150000 (yüz əlli min) manat məbləğində gəlirindən və faydadan məhrum olunmuşdur. İddiaçının vəkili Vəkil1 müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mütəxəssis rəyində qeyd edilmiş 3 ədəd dirək 220 volt gərginlikli xəttin dirəkləridir, ona məxsus sahədə əlavə 2 ədəd 110 kv-luq xəttin dirəkləri var. Həmin sahədən yüksək gərginlikli xətt çəkildiyi vaxtdan xəttin mühafizə zolağı təhlükəli olduğuna görə istifadə etməmişdir. Sahənin mühafizə zolağına düşməyən hissəsindən isə yarımçıq olduğuna görə istifadə etməmişdir. 2014-cü ilədək həmin sahədə qohumları kartof əkib satmışlar, sahəni onlara əvəzsiz vermişdir, sadəcə ona yemək üçün kartof və digər kənd təsərrüfatı məhsulları verirdilər. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 3 ədəd dirək ƏMDX-nin mütəxəssisləri baxış keçirdikdən sonra yeri dəyişdirilərək, bələdiyyəyə məxsus torpaq sahəsində basdırılmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti “X5 Şəbəkəsi” MMC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 117/01-1-103 nömrəli məktubda bildirilmişdir ki, iddia ərizəsində göstərilən 110 kV-luq X1 EVX 2014-cü ildə "xxxx" ASC tərəfindən inşa edilmişdir. Həmin EVX 2015-ci ildən "xxxx" ASC tərəfindən istismar edilir. 110 kV-luq X1 EVX-nin trassasının çəkilişi podratçı təşkilatla ("xxxx" ASC) müvafiq İcra Hakimiyyəti orqanları (Şəmkir RİH və Gədəbəy RİH) arasında razılaşdırılmışdır. Bir məsələyə də aydınlıq gətirmək lazımdır. İddiaçı sübut etmək istəyir ki, 7 il ərzində torpaq sahəsindən istifadə edə bilməmişdir. Bizim ölkəmizdə, eləcə də bütün dünyada elektrik şəbəkələrinin mühafizə zonalarında olan torpaqlardan kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndində göstərilir: "Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər." Həmin Qaydaların 7-ci bəndində isə göstərilir ki, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır." Əlavə olaraq bildiririk ki, İddiaçı torpaq sahəsinin yalnız müəyyən bir hissəsi elektrik şəbəkələrinin mühafizəsi zonasına düşür. Şübhəsiz ki, iddiaçıya məxsus olan torpaq sahəsindən EVX-nin mühafizə zonasına düşən hissəsində kənd təsərrüfatı işləri tikinti şirkətinin həmin sahədə işlədiyi günlərdə dayandırıla bilərdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 111 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində 110 kv-luq Paylayıcı qurğusunun tikintisi altına torpaq sahəsi ayrılması barədə Cavabdeh2 ATSC-in 07.03.06 saylı 07-BH /227 saylı məktubu nəzərə alınsın, Düyərli- Zəyəm-Cırdaxan yolunun sol tərəfində, Zəyəm Daş karxanasının cənub hissəsində bələdiyyə mülkiyyətində olan istifadəsiz ərazidən 110 kv-luq paylayıcı qurğunun tikintisi altına 1,0 ha (bir) torpaq sahəsi ayrılsın və daimi istifadəyə verilsin. -surəti işə əlavə edilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-835/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 35 və 110 kv-luq X1 elektrik xətti İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən üfüqi vəziyyətdə mühafizə zolağı 0.4650 ha-dək torpaq sahəsini əhatə etməklə 95 metr uzunluğunda və 0.4 kv-luq elektrik xətti şaquli vəziyyətdə 56.85 kv.m -dək torpaq sahəsini əhatə etməklə (3 ədəd elektrik xətti dirəkləri həmin ərazidə basdırılmışdır) 69.85 metr uzunluğunda məsafədən keçir. Həmin xətt üzrə 110 kv-luq yarımötürücü stansiya İddiaçı mülkiyyətində olan 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-4702/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2- 835/2023 nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmiş 3 ədəd elektrik xətti dirəkləri 0.4 kv-luq gərginlikli hava xəttin daşıyıcısıdır, dirəklərin ölçüləri 360 mm-dir və hal-hazırda İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iddiaçı müvafiq çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun razılığı olmadan 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi ilə əlaqədar hüquqlarının pozulduğunu iddia edərək, həmin torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin cavabdehin öz hesabına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, habelə həmin elektrik xəttinin qanunsuz çəkilməsi və yarımötürücü stansiyasının tikilməsi nəticəsində 2014-cü ildən bugünədək (7 il müddət ərzində) əldən çıxmış gəlir və qazanclarının əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsini tələb etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbinin məzmunundan görünür ki, tələb 2 hissədən -1) iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin sökülərək torpaq sahəsinin təhvil verilməsi; 2) əldən çıxmış fayda və qazancların əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-835/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi 35 və 110 kv-luq X1 elektrik xəttinin mühafizə zolağına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının:- -2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-835/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində sahənin bir hissəsinin mühafizə zolağına düşdüyü qeyd edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Göründüyü kimi, iddiaçı torpaq sahəsidən istifadə imkanından məhrum olmamışdır. Tələbin “əldən çıxmış fayda və qazancların əvəzi olaraq 150000 (yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, yarımötürücü stansiya iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməmişdir və həmin sahədən istifadəyə maneə törətmir. Eyni zamanda, iddiaçı həmin sahədən faktiki olaraq 2014-cü ildən istifadə etmədiyini, həmin vaxtadək isə qohumlarının istifadəsinə verdiyini bildirmişdir. Başqa sözlə iddiaçı həmin sahədən əvvəllər fayda götürməsini təsdiq edən sübut təqdim etmədiyindən əldən çıxmış faydadan söhbət gedə bilməz. Odur ki, tələb həmin hissədə təmin edilə bilməz. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-4702/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, mütəxəssis rəyində qeyd edilmiş 3 ədəd elektrik xətti dirəkləri 0.4 kv-luq gərginlikli hava xəttin daşıyıcısıdır və halhazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının:- -2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. -14-cü bəndinə əsasən əkin sahələrindən keçən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin plana uyğun təmiri və yenidən tikintisi torpaq istifadəçisi və ya mülkiyyətçisi ilə razılaşdırılmaqla, bu yerlərdə kənd təsərrüfatı bitkilərinin əkilmədiyi, həmçinin əkilmiş bitkilərin qorunmasının təmin edilməsi mümkün olduğu vaxtda görülür. Tələbin “iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin sökülərək torpaq sahəsinin təhvil verilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, mütəxəssis rəyindən məlum olur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində 3 ədəd elektrik dirəyi basdırılmışdır və müvafiq naqillər keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 14-cü bəndinə əsasən həmin dirəklər və naqillərin yerləşdirilməsi iddiaçının razılığı olmadan həyata keçirildiyindən həmin dirəklər və naqillər cavabdehin hesabına sökülməlidir. Beləliklə məhkəmə, yuxarıda istinad oluan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, iddia qismən təmin edilməli, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3 ədəd elektrik dirəyinin sökülməsi öhdəliyi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonunun Çənlibel kəndində yerləşən 1.379954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3 ədəd elektrik dirəyinin sökülməsi öhdəliyi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar