Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-470/2022 07.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Qapanlı Bələdiyyəsinə qarşı torpağın ona icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəmkir rayon Qapanlı Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək Şəmkir rayonu Qapanlı kəndində yerləşən, Qapanlı Bələdiyyəsinin mülkiyyətində olan örüş kateqoriyalı torpaq sahəsinin 5 hektarının və əkin üçün yararlı olan torpaq sahəsinin 2 hektarının onun icarəsinə verilməsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yeganə oğlu vətən müharibəsində şəhid olmuş, dövlət tərəfindən orden və medallarla təltif olunmuşdur. Bundan sonra şəhid ailəsi olduğu üçün Azərbaycan Respublikasının prezidentinin şəhid ailələrinin iş yerləri, istifadə etmələri üçün torpaq sahələri ilə təmin edilmələri barədə fərmanına müvafiq olaraq aidiyyəti üzrə cavabdehə mülkiyyətində olan torpaq sahəsinin örüş üçün nəzərdə tutulan hisəsindən 5 hektarının örüş təyinatı ilə 2 hektarının isə əkin məqsədi ilə ona verilməsi üçün müraciət etsə də, cavabadeh mülkiyyətində boş torpaq sahəsinin olmadığını bildirmişdir. Lakin iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin “Dağdağanlıq” adlanan ərazisində 3 hektar əkin sahəsinin, örüş üçün isə kəndin əksər sahələrində olmaqla “Cahan bulağı”nın aşağı hissəsində 100 hektardan çox boş torpaq sahəsinin olduğunu qeyd etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaçıya ünvanladığı 28.07.2021-ci il tarixli, 42 nömrəli bildirişdə bildirmişdir ki, 2020-ci ilə yeni seçilmiş bələdiyyənin təhvil-təslim zamanı bələdiyyəyə torpaq sahəsi verilmədiyinə görə bələdiyyənin mülkiyyətində torpaq sahəsi yoxdur. Bu səbəbdən də iddiaçıya torpaq sahəsinin ayrılması mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə,istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22 və 23-cü bəndlərinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərrac (müsabiqə) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin 12.08.2021-ci il tarixli, 08/7-586/2 nömrəli məktubundan görünür ki, Qapanlı bələdiyyəsinin 06.08.2021-ci il tarixli, 08 nömrəli iclas qərarı ilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması üçün aidiyyatı oraqnlardan rəylərin alınması barədə qərar qəbul edilmiş və müvafiq prosedur başa çatdıqdan sonra şəhid ailəsi olması nəzərə alınaraq iddiaçının mülkiyyətinə pulsuz həyətyanı torpaq sahəsi ayrılacaqdır. Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaqla da təmin edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Qapanlı bələdiyyəsi ərazisində sərbəst torpaq sahəsinin müəyyən edilməsi üçün Layihə Tədqiqat İdarəsinə müraciət olunmuşdur. İddiaçının ona icarəyə verilməsini tələb etdiyi torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan təqdirdə, cavabdehin həmin torpaq sahəsini “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22 və 23-cü bəndlərinə əsasən hərraca çıxarılması barədə qərar qəbul etməsi mümkün deyildir. Çünki həmin maddələrin tələbinə görə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərarı birlikdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərrac (müsabiqə) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyətə və icarəyə verilməsi mülkiyyətçinin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfındən tələb və təklifdən asılı olaraq keçirilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyətə və icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri təşkilatçı - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur. Bununla yanaşı həmin “Qaydalar”ın İİ bölməsinə görə müsabiqə və hərrac təşkilatçısı, yəni Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən etməklə alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır və müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb, onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Həmin “Qaydalar”a müvafiq olaraq Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı bütün təşkilati məsələləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 05.02.2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi” haqqında Əsasnaməsi təsdiq edilmiş və həmin Əsasnamənin 3.0.7-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə bağlı işləri təşkil etmək həmin Agentliyin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh torpaq sahəsinə dair müsabiqə və hərracların keçirilməsi səlahiyyətinə malik olmadığından və iddiaçının tələbi səlahiyyətli inzibati orqana yönəlmədiyindən bu məcburetmə barədə iddia mümkünlük şərtlərinə cavab vermir. Beləliklə, iddia tələbi üzrə xüsusi mümkünlük şərti mövcud olmadığından mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayon Qapanlı Bələdiyyəsinə qarşı Şəmkir rayonu Qapanlı kəndində yerləşən, Qapanlı Bələdiyyəsinin mülkiyyətində olan örüş kateqoriyalı torpaq sahəsinin 5 hektarının və əkin üçün yararlı olan torpaq sahəsinin 2 hektarının onun icarəsinə verilməsinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçılara izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-470/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-470/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver