Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-471/2022 18.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Rayon Qeydiyyat Şöbəsinə qarşı nikah haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə Rayon Qeydiyyat Şöbəsinə qarşı 15.12.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum X5 ilə arasında olan 2001-ci il tarixli nikah qeydinin dövlət qeydiyyatına alınması və ona nikah haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə 2001-ci il tarixdə nikaha daxil olmuş, lakin nikahını rəsmiləşdirməmişdir. Birgə yaşadıqları müddətdə 26.07.2003-cü il tarixdə X6 və 14.11.2005-ci il tarixdə X4 anadan olmuşdur. X5 03.02.2012-ci il tarixdə beyninə qansızma nəticəsində vəfat etmişdir. Övladları ailə başçısını itirməyə görə pensiya alır. Bərdə Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(021)-2375/2021 nömrəli qiyabi qətnaməsinə əsasən X5 ilə arasında olan nikah faktı müəyyən edilmiş, qətnamənin icrası Bərdə Rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi qətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(021) 2375/2021 nömrəli qərardadına əsasən nikahda olma faktını müəyyən edilməsi barədə ərizə baxılmamış saxlanılmışdır. Cavabdehə nikah aktının qeydiyyata alınması üçün müraciət etmiş, cavabdeh bundan imtina etməsi səbəbilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 22.11.2021-ci il tarixli, 737-05/15 nömrəli məktubda bildirmişdir ki, nikah haqqında qeydi bərpa etmək səlahiyyətləri xaricində olduğundan iddiaçının məhkəməyə müraciət etməsi məsləhət görülür. Məhkəmənin 21.12.2021-ci il tarixli sərəncamı ilə iddiaya dair yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunsa da, cavabdeh iddiaya münasibət bildirməmiş, şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına mərhum X2 aid AZ ******* nömrəli doğum haqqında şəhadətnamə; X1 məxsus AZ 783232 nömrəli doğum haqqında şəhadətnamə; X3 məxsus AZ-lll 655514 nömrəli doğum haqqında şəhadətnamə; X2 aid AZ-l 488722 nömrəli ölüm haqqında şəhadətnamə ; cavabdehin 22.11.2021-ci il tarixli, 737-05/15 nömrəli imtinası əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.5-ci bəndində qeyd olunmuşdur ki, Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. X10 5.1-ci bəndində isə, məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X12 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Yuxarıda şərh olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Bərdə Rayon Qeydiyyat Şöbəsinə qarşı mərhum X5 ilə arasında olan 2001-ci il tarixli nikah qeydinin dövlət qeydiyyatına alınması və ona nikah haqqında şəhadətnamə verilməsi cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-471/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-471/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver