Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4718/2025 29.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli elektrik xəttinin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Qazax rayon İslahat komissiyasının 17 yanvar 1998-ci il tarixli, 10/AK protokolu, Kosalar İslahat Komissiyasının 11 mart 1998-ci il tarixli 65 nömrəli protokolu ilə verilmiş dəyəri ******* manat olan şüşəbənddən ibarət sahəsi 99 kv.m olmaqla yeməkxana binası olan əmlak payının yanından keçən 10000 voltluq yüksək gərginlikli elektrik xəttinin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, ona Qazax rayon İslahat komisyasının 17 yanvar 1998-ci il tarixli 10/AK protokolu, Kosalar İslahat komissiyasının 11 mart 1998-ci il tarixli 65 nömrəli protokolu ilə dəyəri ******* manat olan şüşəbənddən ibarət olan sahəsi 99 kv.m olmaqla yeməkxana binası olan əmlak payı verilmişdir. İddiaçı həmin binanı sənədləşdirmək üçün Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə məktub ünvanlamışdır. Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, qeyri yaşayış binasının 5 metr məsafəsindən artezian quyusu üçün 10000 voltluq yüksək gərginlikli elektrik xətti keçir. Ona görə də həmin səbəbdən sənədləşdirmə mümkün olmamışdır. İddiaçı xəttin götürülməsi üçün Azər İşıq ASC-ə müraciət etmiş və bildirilmişdir ki, 1986-cı ildə 10 kv-lıq hava elektrik verilmiş xəttindən budaqlanma götürülməklə artezan quyusunun elektrik təhcizatı üçün elektrik xətti quraşdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, həmin xətt Azərişəq yaradılmamışdan qabaq Azər enerji tərəfindən quraşdırılmışdır. Sonradan bildirmişlər ki, həmin xəttin yerinin dəyişdirilməsini iddiaçı yalnız öz hesabına edə bilər. Həmin bina 1976-cı il tarixdə inşa edilmişdir və o vaxtdanda fəaliyyətdədir. Artezian quyusuna isə elektrik xətti 1986-cı il tarixdən çəkilmişdir. Görünür ki, "xxxx" xətti çəkərkən binanı nəzərə almamışdır. İddiaçı hesab edir ki, bu səhlənkarlıq vətəndaşın günahı deyil və elektrik xəttinin götürülməsi Azərişıq ASC-nin hesabına olmalıdır. Cavabdeh orqanın hərəkətləri qanuna uyğun deyil və AR Konstitusiyası və digər qanuvericilik aktlarına ziddir. İşin halları "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1986-cı ildə 10 kv-luq “Kosalar” hava elektrik veriliş xəttindən budaqlanma götürülməklə artezian quyusunun elektrik təchizatı üçün elektrik veriliş xətti quraşdırılmışdır. Qeyd olunan elektrik veriliş xətti "xxxx" ASC yaranmamışdan əvvəlki dövürdə "xxxx" ASC tərəfindən quraşdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, müvafiq qanunvericiliyə əsasən, 10 kv-luq hava elektrik veriliş xəttinin müraciətdə qeyd olunan hissədə trassası, onun hesabına dəyişdirilə bilər. Belə ki, ilk növbədə yerli bələdiyyə orqanı tərəfindən həmin ərazidə xəttin trassasının dəyişdirilməsi üçün boş sahə ayrılmalıdır. Bundan sonra isə, İddiaçı tərəfindən bu məsələ ilə bağlı “ASAN xidmət” mərkəzinə müraciət edilməsi tövsiyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir
13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh "xxxx" ASC tərəfindən yüksək gərginlikli elektrik xəttinin götürülməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, elektrik enerjisi təchizatını həyata keçirən səhmdar cəmiyyətində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı tərəfindən təyin olunmasına, habelə həmin müəssisənin bazarda inhisarçı statusa malik olmasına baxmayaraq, o inzibati orqan sayılmır. Həmin cəmiyyətlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati hüquq münasibətləri tərəflər arasında yaranan ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, xüsusi hüquq subyektləri arasında yaranan mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli elektrik xəttinin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, hazırkı iddia tələbi ilə müvafiq cavabdehə qarşı müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli elektrik xəttinin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva