Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-472/2021 19.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 22 saylı Məşğulluq Mərkəzinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 22 saylı Məşğulluq Mərkəzinə (bundan sonra mətndə cavabdeh) qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 2020-ÖM/027 saylı müqavilə üzrə verilmiş 21 baş xırda buynuzlu heyvanlardan (qoyunlardan) tələf olmuş 9 baş xırda buynuzlu heyvanların yenisi ilə əvəz olunması və vurulmuş ziyana görə 322.50 (üç yüz iyirmi iki manat 50 qəpik) manatın alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə ərizə ilə 22 saylı Məşğulluq Mərkəzinə müraciət edərək ailəsində işləyənin olmamasını, heç bir yerdən gəlirlərinin olmadığını və iş taparaq ailəsini dolandırmaq istədiyini bildirmiş, Dövlət Məşğulluq Agentliyinin 22 saylı Məşğulluq Mərkəzi tərəfindən ailə vəziyyəti nəzərə alınaraq onu özünüməşğulluğa cəlb etmişlər və xx.xx.2020-ci il tarixli 2020- ÖM/027 saylı özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə və ona əlavə edilmiş təhvil-təslim aktına (1 saylı əlavə) əsasən cavabdeh tərəfindən ona 20 (iyirmi) baş xırda buynuzlu heyvan (qoyun), 1 (bir) baş qoç və 400 (dörd yüz) kq yem verilmişdir. O, heyvanları təhvil aldıqdan sonra müqavilənin 3-cü bəndində göstərilən və ona aid olan bütün öhdəlikləri tam və qüsursuz yerinə yetirmiş, lakin bir müddət sonra heyvanlar xəstələndiyi üçün baytar həkiminə müraciət etmiş və baytar həkiminin yazdığı resept əsasında Tovuz rayonu Qovlar şəhəri ərazisində fəaliyyət göstərən baytarlıq aptekindən 322.50 (üç yüz iyirmi iki manat 50 qəpik) manat dəyərində dərman almışdır. Göstərdiyi bütün cəhdlərinə baxmayaraq həmin heyvanlardan 9 başı ölmüş və bundan sonra onun müraciəti əsasında heyvanlara baxış keçirilərək bu barədə akt tərtib edilmişdir. Hər iki aktla təsdiq edilmişdir ki, ona verilmiş heyvanlardan 1 baş qoç inventar nömrəsi 57573 olan və inventar nömrəsi 58403, 57433, 57850, 57769, 57486, 57140, 57411 və 55255 olan qoyunlar olmüşdür. Ölmüş heyvanlar yarılan zaman məlum olmuşdur ki, ağ ciyərinin hər iki payı irinlidir, qara ciyərləri serrozdur. Ölüm səbəbi isə pnevmaniya, plevrit və serroz olmuşdur. O, müqavilənin tələblərinə uyğun olaraq bu barədə cavabdehlə danışıqlar aparmış, lakin heç bir nəticəsi olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Mübahisənin predmentindən göründüyü kimi iddiaçı cavabdehdən özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2020-ci il tarixli 2020-ÖM/027 nömrəli müqavilə əsasında ona verilmiş və təhvil aldıqdan sonra ölmüş 9 baş xırda buynuzlu heyvanların yenisi ilə əvəz olunmasını və vurulmuş ziyana görə 322.50 manat zərərin alınaraq ona verilməsini tələb edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində qeyd edilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. “Azərbaycan Respublikasının MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015ci il tarixli 4 nömrəli qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır (Qərarın 1-ci bəndi). Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (Qərarın 2-ci bəndi). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (Qərarın 3.1-ci bəndi). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (Qərarın 5.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (Qərarın 15.3-cü bəndi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Bu mənada, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli 2020-ÖM/027 nömrəli müqavilənin 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən «təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində mərkəzə təqdim etmək; Əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal mərkəzə məlumat vermək, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) mərkəzə təqdim etmək» tərəflər arasında bağlanmış müqavilə üzrə tərəflərin vəzifələri olduğundan və həmin hallar müqavilə ilə tənzimləndiyindən iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə hazırki işin tərəfləri arasında mülki mübahisə olub, inzibati hüquq münasibətləri ilə bağlı mübahisə mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1, 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 22 saylı Məşğulluq Mərkəzinə qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 2020-ÖM/027 saylı müqavilə üzrə verilmiş 21 baş xırda buynuzlu heyvanlardan (qoyunlardan) tələf olmuş 9 baş xırda buynuzlu heyvanların yenisi ilə əvəz olunması və vurulmuş ziyana görə 322.50 (üç yüz iyirmi iki manat 50 qəpik) manatın alınaraq ona verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-472/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-472/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver