Məhkəmə qərarları › İş №2-1(114)-4724/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4724/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4724/2024 28.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 və üçüncü şəxsin nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı “istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024-cü il tarixli 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X13 X17 Ərazi şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi və Şəmkir Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir Bələdiyyəsi və Hərracların Təşkil üzrə X12 Ərazi şöbəsi tərəfindən onun 50 illik faktiki istifadəsində olan torpaq sahəsinin qanunsuz satılması ilə bağlı inzibati aktın və bu inzibati akt nəticəsində verilən çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1954-cü ildən Şəmkir şəhərində yaşayır və həmin ildən bugünə kimi istifadəsində olan ünvan 1 ünvanında və onun həyətyanı sahəsində yerləşən torpaqlarda məişət təsərrüfatı ilə məşğul olur. Həmin torpaqlar iddiaçıya həyat yoldaşı X5 ulu babalarından (Şəmkirli Qədim ağa və onun oğlu Xəlil ağa) miras qalmışdır. İddiaçı yaşlılığı ilə əlaqədar olaraq müstəqilliyin bərpasından sonrakı illərdə zəbt olunmuş torpaqların sənədləşdirilməsi ilə məşğul olmamış, özəlləşdirmə üçün müraciət etməmiş və bu barədə ona nəsə deyilməmişdir. 2024-cü ilin sentyabr ayının əvvəlində iddiaçının yarım əsr faktiki istifadəsində olan zəbt olunmuş torpaqların özəlləşdirilməsi ilə bağlı Şəmkir Bələdiyyəsinə ərizə ilə müraciət edəndən sonra ona aydın olmuşdur ki, istifadəsində olan zəbt olunmuş torpaqlar X13 X17 Ərazi şöbəsində ümumiyyətlə Şəmkir rayonu ərazisində qeydiyyata malik olmayan və ikili vətəndaşlığı olan, həmçinin iddiaçının məhkəmə mübahisəsinin olduğu bir şəxsə özgəninkiləşdirilmişdir. İddiaçı bununla bağlı etiraz etmiş, cavabdeh orqan məhkəməyə müraciət etməsini bildirmişdir. Satılma barədə məlumat xx.xx.2024-cü il tarixli Şəmkir Bələdiyyəsinin rəsmi cavab məktubunda qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-2270A/KOD 50401004 saylı xx.xx.1999-cu il tarixli şəhadətnaməyə əsasən 0.12 hektar torpaq sahəsi iddiaçının adına qeyd olunmuşdur. Həmin vaxt məsul qurum olan Şəmkir Rayon Aqrar İslahat Komissiyasının rəhbərliyi qanunsuzluğa yol verərək hələ xx.xx.1985-ci il tarixdə vəfat etmiş iddiaçının həyat yoldaşının və onun Azərbaycan Respublikası vətəndaşı olmayan oğlu və ailəsinin adını torpaqlara salmışdır. İddiaçı Bu məsələni illər sonra öyrəndikdən sonra məhkəməyə müraciət etsə də, müddəti ötürmək məsələnin həllinə maneə oldu (Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli/ 2-1(114)-1665/2020 saylı işi). Daha sonra onun oğlu etibarından sui-istifadə edərək Şəmkir Rayon 1 saylı notariat ofisinin xüsusi notariusu ilə əl bir olub iddiaçını aldadaraq etibarnamə alıb onun yaşadığı evi qızının adına özkəniləşdirmişdir. Bu məsələnin davamı kimi Şəmkir Bələdiyyəsi ilə əlbir olaraq iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaqları yenə qızının adına özkəninkiləşdirilmişdir. Hazırda Şəmkir Rayon Məhkəməsinin icraatında bu halların mübahisələndirilməsi və müvafiq çıxarışların ləğvi ilə bağlı (2(076)-3767/2024 nömrəli) iş gedir. Bu şəxslərin hamısı Rusiya Federasiyasında yaşayır və bu torpaqlarda heç yaşamayıblar. İddiaçı Şəmkir Rayon Aqrar İslahat Komissiyası rəhbərliyi, Şəmkir Bələdiyyəsi və X13 X17 Ərazi şöbəsinin yol verdiyi qanun pozuntusunun qurbanı olduğunu qeyd etmişdir. Bu qeyd edilənlərdən bir daha aydın olur ki, yarıməsr İddiaçı faktiki istifadəsində olan və bilavasitə istifadə edib dolanışığını saxladığı torpaqlar ona heç bir xəbərdarlıq edilmədən və bildirilmədən açıq həracda Şəmkir Bələdiyyəsinin və X13 X17 Ərazi şöbəsinin marağı səbəbindən Şəmkir rayonunda qeydiyyatda olmayan və ikili vətəndaşlığa malik olan birinə özkənkiləşdirilmiş və qanunsuz çıxarışlar verilmişdir. Bunun nəticəsinə İddiaçı həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçı illərdir, çalışıb yaratdığı bağ sahəsi və məişət təsərrüfatını itirməklə üz-üzə qalmış və bu əsasda ona xüsusilə külli miqdarda ziyan dəymişdir. Onun tərəfindən Şəmkir Bələdiyyəsinə xx.xx.2024-cü il tarixdə hüquqlarının bərpası məqsədi ilə edilən müraciət cavabsız qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4724/2024 nömrəli qərardadı ilə X14 üçüncü şəxs kimi məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4724/2024 nomrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, cavabdehlər əsl cavabdeh Şəmkir Bələdiyyəsi ilə əvəz edilmiş, iddia tələbi “istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024cü il tarixli 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Şəmkir Bələdiyyəsi tərəfindən məhkəməyə iddiaya qarşı münasibətlər daxil olmuş və iddia olunan torpaq sahəsinə dair iddiaçının heç bir hüquqi sənədi olmadığı üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Münasibətlər belə əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması ve razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik huquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Şəmkir Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınmış 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinin müsabiqəyə çıxarılması barədə Şəmkir bələdiyyəsi xx.xx.2024-cü il tarixdə 14 saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X2 publik hüquqi şəxsin Qazax Ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən Şəmkir bələdiyyəsinin aid 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinin satılması məqsədi ilə 04 iyul 2024-cü il tarixdə keçirilmiş müsabiqədə iştirak edən X14 müsabiqənin qalibi hesab olunmuşdur. Şəmkir Bələdiyyəsi müsabiqənin qalibi olmuş X7 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinin satılması barədə xx.xx.2024cu il tarixdə 20 nömrəli qərar qəbul etmişdir. Göstərilən torpaq sahələrinə dair Şəmkir Bələdiyyəsi ilə müsabiqənin qalibi olmuş X14 arasında notarial qaydada alqı satqı müqaviləsi imzalanmışdır. Şəmkir Bələdiyyəsinin mülkiyyətinə aid olan 472 kv.m və 480 kv.m həyətyanı torpaq sahələrinə dair sənədlər mövcud qanununvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Torpaq sahələri sənədləşdirilən zaman heç bir iddia və mübahisə qeydə alınmamışdır. Həmin torpaq sahələri üzərində İddiaçı dair hər hansı hüquqmüəyyənedici sənədin olması barədə məlumat yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatı İş üzrə üçüncü şəxs məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunsa da, özü iştirak etməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi-vəkil Nümayəndə iddiaya etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İşin halları Şəmkir Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 4/Q-26 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə X14 ərizə ilə bələdiyyəyə müraciət edərək xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin zəbt edilməsi qeyd edilmiş 952 m2 torpaq sahəsinin sənədləşdirilərək ona satılmasına köməklik edilməsini xahiş etmişdir. Şəmkir Bələdiyyəsi tərəfindən sənədləşdirmə işlərinə başlanılmış xx.xx.2024-cü il tarixli 20 saylı qərarla hərracın qalibi X7 torpaq sahəsinin dəyərini ödədiyi üçün ona satılmışdır. JN-2270A KOD 50401004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi Şəmkir rayonu Morul kənd sakinləri X15, İddiaçı, X8, X11, X16, X9 və X1 mülkiyyətinə verilmişdir. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhəri ev 189 (Yeni Qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəmkir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli Protokoldan çıxarışlardan görünür ki, Şəmkir Bələdiyyəsinin alqı-satqı və icarə predmeti olan torpaq sahələrinin satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, Şəmkir Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınmış 472 kv.m və 480 kv.m torpaq sahələri həyətyanı məqsədilə müsabiqəyə çıxarılmışdır. “X2” publik hüquqi şəxsinin Qazax Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 04 iyul 2024-cü il tarixli 485 və 486 nömrəli iclas Protokollarında görünür ki, Şəmkir rayonu ərazisində yerləşən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan 472 kv.m və 480 kv.m torpaq sahələrinin müsabiqəsinin qalibi X4. Şəmkir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 20 nömrəli Protokoldan çıxarışlardan görünür ki, Şəmkir Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınmış 472 kv.m və 480 kv.m torpaq sahələrinin müsabiqəsinin qalibi X7 satılması qərara alınmışdır. Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqavilələrinə əsasən, Şəmkir şəhərində yerləşən ümumi sahəsi 0.048 ha olan torpaq sahəsi və Şəmkir şəhərində (Yeni Qaydalarla: Şəmkir rayonu, Şəmkir şəhəri, Ayxan Qədimov küçəsi, giriş 13) yerləşən 0.0472 ha torpaq sahələri Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən X7 (onun əvəzinə Gadımova Sabına) satılmışdır. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********7 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhərində yerləşən 0.0480 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********8 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir şəhərində (Yeni Qaydalarla: Şəmkir rayonu, Şəmkir şəhəri, Ayxan Qədimov küçəsi, giriş 13) yerləşən 0.0472 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. DƏDKR publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “əmlaka dair məlumatın verilməsi haqqında” məktubda göstərilmişdir ki, İddiaçı adına mübahisə olunan torpaq sahələrinə dair qeydiyyat aparılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli qərarı ilə Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayon ərazisində yerləşən 472 kv.m və 480 kv.m torpaq sahələri həyətyanı məqsədilə müsabiqəyə çıxarılmışdır. Qeyd olunan torpaq sahələri üzrə keçirilmiş müsabiqəsinin qalibi X6muşdur. Daha sonra Şəmkir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 20 nömrəli qərarı ilə həmin torpaq sahələrinin müsabiqənin qalibi X7 satılması qərara alınmış, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən, Şəmkir şəhərində yerləşən 472 kv.m və 480 kv.m torpaq sahələri Şəmkir Bələdiyyəsi tərəfindən X7 satılmışdır. Torpaq sahələri mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı qeyd olunan torpaq sahələrinin onun istifadəsində olmasına əsaslanaraq torpaq sahələrinin müsabiqəyə çıxarılmasına dair cavabdehin xx.xx.2024-cü il tarixli 14 nömrəli protokol qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə tərəfindən iddianın əsaslılığının yoxlanılmasından əvvəl həmin iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia üzrə subyektiv hüququnun mövcud olmasıdır. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olduğunu iddia etdiyi mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, məhkəmə sorğusu əsasında müvafiq orqanlar tərəfindən qeyd olunan torpaq sahələrinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədinin olmadığı bildirilmiş, iddiaçının özü də həmin torpaq sahələri ilə bağlı hüquqi sənəd təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçının JN-2270A KOD 50401004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə istinad edərək həmin şəhadətnamədə qeyd olunan 0.12 ha torpaq sahəsinin onun mülkiyyətində olduğunu, bu baxımdan həmin torpaq sahəsinin yanında yerləşən hazırda mübahisəli torpaq sahələrinin onun xəbəri olmadan müsabiqəyə çıxarılmasının qanunsuz olduğunu qeyd etsə də, müəyyən edilmişdir ki, qeyd olunan 0.12 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının zəbt etdiyi və uzun illər onun istifadəsində olmasına əsaslanaraq torpaq sahələrinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadan hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Ona görə də İddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı “istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024-cü il tarixli 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı “istifadəsində olan 952 kv.m torpaq sahəsinin müsabiqəyə çıxarılmasına dair xx.xx.2024-cü il tarixli 14 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar