Məhkəmə qərarları › İş №2-1(114)-473/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-473/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-473/2021 17.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional ərazi filialına ərizəsi ilə müraciət edərək 1970-1974-cü illər ərzində H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldığı -5 il müddətin onun ümumi iş stajına daxil edilməklə hesablanması və bu əsasla hüququ yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, müraciət xx.xx.2020-ci il tarixdə inzibati orqana çatdırılmışdır. Tələbi təmin edilmədiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1970-1974-cü illər ərzində H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldığı -5 il müddətin onun ümumi iş stajına daxil edilməklə hesablanması və bu əsasla hüququ yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə 63 yaşı tamam olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilmiş, lakin ona pensiya təyin edilərkən 1970-1974cü illər ərzində H.B.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı ali təhsil müddəti onun ümumi iş stajına (sığorta stajına) daxil edilməmiş və bununla da onun sosial təminat hüquqları pozulmuşdur. Pozulmuş hüquqlarının bərpası məqsədilə ərizə ilə xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Tərtər rayon Filialına müraciət etmişdir. Lakin ərizənin alınmasından indiyədək keçən 3 (üç) ay 10 gün vaxt ərzində cavabdeh inzibati orqan tərəfindən ona rəsmi qaydada cavab verilməmiş və bununla da cavabdeh tərəfindən ona qarşı hərəkətsizlik edilmiş və onun sosial təminat hüquqları pozulmuşdur. İddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda cavabdeh inzibati orqanda struktur dəyişikliyi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı Regional Ərazi filialı təyinat aparmayan qurumlar qrupuna daxil edilmişdir. Cavabdeh inzibati orqanın hüquqi varisi olan Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibəti olmadığından inzibati işin ərazi aidiyyəti İPM-in 8.1.4-cü maddəsinə əsasən həll edilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun baxılmalı olmadığından və cavabdehin yerləşdiyi yer üzrə baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.1. və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 143 olduğundan və həmin ərazi Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququ yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar