Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-474/2022 17.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 15.12.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 03.02.2021-ci il tarixli **********996100 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 03.02.2021-ci il tarixli **********996100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçı tərəfindən əsas vergi üzrə 5167.82 manat, maliyyə sanksiyası üzrə 0,00 manat, faiz üzrə 1415,98 manat olmaqla ümumilikdə 6583,80 manat məbləğində borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı 03.02.2021-ci il tarixdən icraya yönəldilməsi, 6583.80 manat vergi borcu məbləğinin ondan məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərarın qəbul edilməsindən məlumatı olmamış, eləcə də qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. İddiaçı Bərdə rayonunda fəaliyyət göstərən Kontakt Home mağazasında satıcı işləyir və tutulmalı olan bütün vergilər onun əmək haqqından tutulur. Bu səbəbdən hesab edir ki, cavabdehin qeyd olunan qərarı və onun hüquqi nəticələri ləğv edilməlidir. Həmçinin məhkəmənin 16.02.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “10.06.2020-ci il tarixli, **********632000 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 10 ildir müxtəlif şirkətlərdə işləyib əmək haqqı almış və əmək haqqından 7000-8000 manat pul yığmışdır, qalan məbləği isə ev alması üçün atası vermişdir. Lakin ev almaq təxirə düşdüyündən inflyasiya təhlükəsinə görə manat şəklində olan pulu ABŞ dollarına dəyişmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 36913 manat (21.713,5 USD) məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” 22.05.2020-ci il tarixli **********467100 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və cari vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi üzrə 5167,82 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli **********632000 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin mənbəyinin müəyyən edilmədiyi, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyi, işin faktiki və hüquqi halları ilə bağlı təsdiqedici sənədlərin tam təqdim edilmədiyini, bununla da konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq iddia təmin edilməməlidir. Məhkəmənin 16.02.2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” 22.05.2020-ci il tarixli **********467100 nömrəli məktubundan görünür ki, İddiaçı 2019-cu il üçün gəlir vergisi bəyənnaməsinin və kənarlaşmaların yaranma səbəbləri barədə izahat məktubunun 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. -11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli, **********632000 nömrəli qərarından görünür ki, İddiaçı gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə 5.167.82 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi borcunun tutulması haqqında” **********996100 nömrəli 03.02.2021-ci il tarixli qərarından görünür ki, əsas vergi üzrə 5.167.82 manat, faiz üzrə 1415,98 manat maliyyə sanksiyası üzrə 0,00 manat olmaqla ümumilikdə 6583,80 manat vergi borcu məbləğinin İddiaçı məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən 36913 manat (21.713,5 USD) məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmışdır. Konvertasiya olunmuş vəsaitin mənbəyi barədə vergi orqanına hər-hansı təsdiqedici sənədin təqdim edilməməsi əsası ilə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə müvafiq hesablama aparılmış və hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli, **********632000 nömrəli qərarı ilə iddiaçıya 2019-cu il üçün 5.167,82 manat gəlir vergisi hesablamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İş materiallarından da görünür ki, valyuta mübadiləsi əməliyyatı aparan iddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, Vergi Məcəlləsində 21.713,5 ABŞ dolları dəyərində valyuta mübadiləsi əməliyyatı aparan fiziki şəxsin gəlir vergisi ödəmək öhdəliyi daşıması nəzərdə tutulmamışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə istinad edərək vergi ödəyicisi tərəfindən bəyənnamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim edilmədiyi üçün iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə ediləngəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndinə əsasən xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. Qanunun qeyd olunan normalarının tələbindən də göründüyü kimi iddiaçının valyuta mübadiləsi əməliyyatının aparması qeyri-qanuni gəlir kimi şərh edilə bilməz. Bununla yanaşı iddiaçı konvertasiya olunmuş məbləğin əsas hissəsini 10 il ərzində müxtəlif yerlərdə işlədiyi əmək haqqıdan topladığını, qalan məbləğin isə ev alması üçün atası tərəfindən verildiyini, inflyasiya təhlükəsinə görə manat şəklində olan pulu ABŞ dollarına dəyişdiyini bildirmişdir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçı tərəfindən konvertasiya edilmiş məbləğin vergiyə cəlb edilməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli, **********632000 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli, **********632000 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-474/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-474/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver