Məhkəmə qərarları › İş №2-1(114)-474/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-474/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-474/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli 10/14 nömrəli protokol qərarının qismən ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 nömrəli ptorokol qərarı ilə borclu İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 140,94 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi üçün müraciət olunması qərara alınmışdır.

2. Goranboy rayonu Xoylu bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 62 nömrəli xəbərdarlıq məktubunda mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahəsinin ötən dövlərdən vergi borclarının ödənilmədiyi, vergi borclarının ödənilməsinin 10 gün müddətində təmin etməsi tövsiyyə olunmuş, əks halda Gpranboy rayon İcra və Probasiya şöbəsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

3. Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 nömrəli protokol qərarı ilə borclu İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 140,94 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi haqqında Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10/14 nömrəli qərarının icraya yönəldilməsi qərara alınmışdır. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Goranboy rayonu Xoylu bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu Xoylu bələdiyyəsinin barəsində tərtib etdiyi 154,99 manat vəsaitin tutulması haqqındakı qanunsuz inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1942-cl il tarixdə Goranboy rayonu, Xoylu kəndində doğulmuşdur. Hazırda da həmin kənddə yaşayır. Torpaq islahatı ilə əlaqədar olaraq ailələrinə ümumilikdə 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-136 KOD 50921018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ayrılmışdır. Torpaq islahatı ilə əlaqədar olaraq hazırda mülkiyyətində 1,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Yaşlanmışdır, ürək damar, hərəkət-dayaq sitemi xəstəliyindən əziyyət çəkir. xx.xx.2023-cü il tarixdə əmək pensiyasını alarkən az olduğunu görmüş, pensiya idarəsinə müraciət edərək məbləğin az olma səbəbini soruşmuş və öyrənmişdir ki, Goranboy rayonu Xoylu bələdiyyəsinin tərtib etdiyi inzibati akt əsasında pensiyasından 154,99 manat tutulma aparılmışdır. Hansı ki, nə o, nə də ailə üzvləri bələdiyyə tərəfindən xəbərdar edilib.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2023cü il tarixli 10/14 nömrəli qərarının qismən ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İİ. Prosessual məsələlər

8. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

9. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, inzibati aktdan onun mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahəsi hansı sənədlərə əsasən müəyyənləşdirildiyi göstərilməyib. Bu fikirlərini iddiaçı onunla əsaslandırıb ki, yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və çıxarışı yoxdur. Bununla bağlı qeyd etmək istəyir ki, iddiçının yaşadığı ev onun özü tərəfindən inşa edilib və onun sahibliyində və istifadəsindədir. Bələdiyyədə təsərrüfütbaşına kitablar var və həmin kitablarda sakinlərin mülkiyyətində, sahibliyində və istifadəsində olan həm həyətyanı, həm də pay torpaqları qeydə alınıb. Həmin təsərrüfatbaşına kitablarda olan məlumatlara əsasən inzibati akt tərtib edilmişdir. İnzibati aktın özündə isə belə məlumatların göstərilməsinə lüzum yoxdur. İddiaçının deməyindən belə çıxır ki, iddiaçı yaşayış evini adına qeydiyyata aldırmayanadək bələdiyyə torpaq vergisini almamalıdır. Halbuki, Azərbaycan Respublikasının vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli 406-VİDQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən mülkiyyətlə yanaşı icarədə və ya digər əsaslarla istifadədə olan torpaq sahələrinə görə də torpaq vergisi ödənilməlidir. Bundan başqa iddiaçı qeyd edir ki, inzibati aktdan əmlak və torpaq sahəsinə görə hesablanmış borcun hansı dövrü əhatə etdiyi görünmür. Bununla bağlı qeyd etmək istəyir ki, qeyd edilən inzibati akt qəbul edilməmişdən əvvəl iddiaçıya bələdiyyə tərəfindən bir neçə dəfə borc barədə yazılı xəbərdarlıq göndərilib və həmin xəbərdarlıqda iddiaçıya borcunun 2020, 2021, 2022 və 2023-cü illlər üçün yarandığı qeyd edilmişdir. Həmçinin, vətəndaşın borcunun məhz hansı dövrü əhatə etməsi ilə bağlı baza məlumatları vətəndaş tərəfindən tələb edildiyi halda ona tərəflərindən təqdim olunur. İddiaçı bu barədə olan baza mlumatlarını Azərbaycan Respublikası bələdiyyədən tələb etməyib. Bundan başqa iddiaçı qeyd edir ki, inzibati akt qəbul edilərkən onun və ya nümayəndəsinin iştirakı təmin olunmayıb. Bununla bağlı qeyd etmək istəyir ki, bu cür inzibati aktların qəbul edilməsi prosesində vətəndaş iştirak etmir. Yuxarıda qeyd etdiyi kimi vətəndaşa borc barədə xəbərdarlıq göndərilir və könüllü olaraq ödənilməsi təklif olunur. Vətəndaş borcunu könüllü ödəmədiyi halda hazırki inzibati akt tərtib olunur. Onu da qeyd etmək istəyir ki, tədiyyə bildirişi tərtib olunduqdan sonra bələdiyyə sədrinin müavini Mühəddin Axundov iddiaçının ünvanına gedib orada bildirişi iddiaçıya təqdim edib, lakin iddiaçı qəbul etməkdən və imzalamaqdan imtina edib. Buna görə iddiaçı inzibati aktın qəbul edilməsində iştirak etmədiyinə istinad edə bilməz.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

13. İş materiallarından görünür ki, Goranboy rayonu Xoylu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10/14 nömrəli qərarı ilə (iclas protokolundan çıxarış) borclu İddiaçı Xoylu kəndinin Xoylu bələdiyyəsi ərazisində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 140,94 manat vergi borcunun tutularaq Xoylu bələdiyyəsinin büdcəsinə ödənilməsi üçün müraciət olunması qərara alınmışdır.

14. Hazırda iddiaçı həmin qərarın qanunsuz olduğunu bildirməklə, onu mübahisələndirərək, qərarın ona aid hissədə ləğv edilməsini xahiş edir.

15. Məhkəmə qeyd edir ki, həmin qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və iddianın mümkün sayılması üçün bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

16. Bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

19. Cavabdeh tərəfindən təqdim olunmuş poçt reyestr jurnalı ilə müəyyən olunur ki, mübahisələndirilən qərar Goranboy rayonu Xoylu bələdiyyəsi tərəfindən poçt rabitəsi vasitəsilə İddiaçı göndərilmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

21. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

22. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli sərəncamla iddianın verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü iddiaçının nəzərinə çatdrılmış və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermək hüququnun mövcudluğu bildirilmiş, lakin iddiaçı müddətin bərpasına dair ərizə verməmişdir.

23. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

24. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar