Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4752/2023 30.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh X2 Təhlükəsizlik İdarəsinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh X2 Təhlükəsizlik İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.04-cü maddəsi ilə 1500 manat cərimə olunmağı barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinin tələblərinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələblərinə əsasən isə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Hazırkı iddia tələbi üzrə X2 Təhlükəsizlik İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu anlamında inzibati akt olmadığından həmin iddia ərizəsinə inzibati məhkəmələr tərəfindən baxıla bilməz. Bundan başqa, tərəflər arasında olan mübahisə də inzibati hüquq münasibətləri ilə bağlı deyildir. Həmin mübahisə inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə əsasən tənzimlənməlidir ki, hazırki halda bu işlərə ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06 oktyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. İnzibati xətalardan irəli gələn və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (bundan sonra – İXM) ilə tənzimlənən münasibətlər də publik hüququn bir hissəsidir. Bu göndərici normanın İPM-in 2.1-ci maddəsində əks olunmadığı təqdirdə inzibati xətalarla bağlı işlər inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalı olardı. Lakin inzibati xətalar ilə əlaqədar münasibətlər repressiv xarakterli olduğundan “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlərdən fərqlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati xətalar haqqında işlər üzrə icraat özündə icraatın iştirakçıları, sübutlar, protokolun tərtib edilməsi, icraatın başlanması, işlərə baxılması, qəbul edilmiş qərarlara yenidən baxılması və s. məsələləri özündə ehtiva edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya işlərin qaldırılması üsulu iddianın verilməsi ilə yox, şikayətin təqdim edilməsi yolu ilə mübahisələndirilməsi müəyyən edilir. Məhkəmə tərəfindən aidiyyatı olmayan mübahisələrə əsassız baxılması qanunsuz qərarların çıxarılmasına səbəb olur. Məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun mübahisəni həll etməlidir. Qeyd edilən prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçıya izah edir ki, hazırki tələb ilə iddiaçı, yaşadığı yer üzrə ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, İddiaçı cavabdeh X2 Təhlükəsizlik İdarəsinə qarşı cavabdehin xx.xx.2023cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə iddianın mümkün sayılmaması, və iddiaçıya hazırki tələblə ümumi (rayon) məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-cı maddələrinin tələblərinə əsasən q ə r a r a a l d ı m: İddiaçı cavabdeh X2 Təhlükəsizlik İdarəsinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya hazırki tələblə ümumi (rayon) məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-4752/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4752/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver