Məhkəmə qərarları › İş №2-1(114)-4758/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4758/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4758/2025 16.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:

1. İddiaçının anası X9 xx.xx.1980-ci il tarixdə Bərdə rayonu, Muğanlı kəndində anadan olmuş, xx.xx.2007-ci il tarixdən Bərdə rayonu, Muğanlı kəndində qeydiyyatdadır.

2. İddiaçının atası Qanuni nümayəndə xx.xx.1986-cı il tarixdə Laçın rayonun Mirik kəndində anadan olmuş, hazırda Laçın rayonun Mirik kəndində qeydiyyatdadır.

3. Laçın rayonun Mirik kəndi 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

4. Qanuni nümayəndə ilə X9 xx.xx.2008-ci il tarixdə nikahlarını bağlanmış, bu barədə nikahın bağlanması haqqındaakt qeydləri kitabında 04 nömrə ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Nikahın bağlanması faktı Bərdə rayonu Kələntərli kənd icra nümayəndəliyində qeyd edilmiş, bu barədə xx.xx.2008-ci il tarixdə AZ-İ №377754 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir.

5. İddiaçı xx.xx.2007-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 16 nömrə ilə qeyd aparılmış, ata qrafasında Qanuni nümayəndə, ana qrafasında X10 göstərilmişdir.

6. İddiaçıya xx.xx.2023-cü il tarixdə ASAN-Bərdə tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir.

7. Dövlətqaçqınkomun xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının atası Qanuni nümayəndə AA seriyalı 359331 nömrəli məcburi köçkün vəsiqəsi verilmiş, sonuncu xx.xx.2016-cı il tarixdən Bərdə RİH-də qeydiyyata alınmışdır. Hazırda Bərdə rayonu, Kələntərli qəsəbəsində məskunlaşmışdır. Bu barədə ona Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsi tərəfindən xx.xx.2025ci il tarixlİ, 434 nömrəli arayış verilmişdir.

Məhkəmə prosesi:

8. İddiaçının atası Qanuni nümayəndə ərizə ilə cavabdehə müraciət edərək, övladına – iddiaçıya və bacısı X8 məcburi köçkün statusunun verilməsini xahiş etmişdir.

9. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-36-3/2-M-60xx-xx/2025/6301 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2007-ci il təvəllüdlü iddiaçı və xx.xx.2009-cu il təvəllüdlü X5 anası X4 qeydiyyatı Bərdə rayonu, Muğanlı kəndindən olduğundan məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

10. Qanuni nümayəndə cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək övladları İddiaçı, X8 məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə erməni təcavüzü ilə əlaqədar Laçın rayonu Mirik kəndindən 18 may 1992-ci tarixdə ailəsi ilə məcburi köçkün düşmüş, Bərdə rayonun ərazisində müxtəlif ünvanlarda köçkünlük həyatını yaşamışdır. O, xx.xx.2008-ci ii tarixdə X10 ilə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü qızı İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü X13 anadan olmuşdur. Qanuni nümayəndə iki övladı və ailə üzvləri atası, anası, hamısına məcburi köçkün statusunun təsdiq edən vəsiqə verilmiş və aylıq çörək pulu müavinəti alırlar. Hər iki övladı hazırki vaxta qədər aylıq çörək pulu müavinəti təmin olunurlar. Bütün bunlara baxmayaq Qanuni nümayəndə övladlarına məcburi köçkün statusunun təsdiq edən vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş və Komitədən cavab olaraq bildirmişdilər ki, xx.xx.2007-ci il təvəlllüdlü İddiaçı və xx.xx.2009-ci il təvəllüdlü X5 anası X4 qeydiyyatı Bərdə rayonu Muğanlı kəndində olduğundan övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin vəsiqə verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət reyestriində qeydiyyatda keçmiş ""Azərbaycan Respublikasında məcburi köçkünlərə "Məcburi Köçkün" statusu və onun təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6. bəndinə əsasən valideyinlərdən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyinin qediyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon, şəhər olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Hansı ki, Qanuni nümayəndə məcburi köçkün statusu daşıyır və Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş köçkün vəsiqəsi var və iki övladları ilə birlikdə aylıq yemək xərci müvinəti alırlar. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Bərdə rayon üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli 1434 nömrəli arayışdanda göründüyü kimi hazırda Qanuni nümayəndə və xx.xx.1980-ci il təvəllüdlü həyat yoldaşı X10 və uşaqları xx.xx.2007-ci il təvəllüdlü qızı İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü X13 ilə birlikdə Bərdə rayon Kələntərli köçkün qəsəbəsində köçkünlük həyatını yaşayırlar. Bununla da, xx.xx.2007-ci il təvəllüdlü qızı İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü X8 məcburi köçkün statusunun təsdiq edən vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi zərurəti yaranmışdır.

13. 15.08.2025-ci il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

15. İddiaçı və qanuni nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər.

16. İddiaçı və qanuni nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

17. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın rədd olunmasını xahiş etmişdir.

18. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci il tarixli, 3-36-3/2- 3575/2025 nömrəli məktubunda bildirmişdir ki, Qanuni nümayəndə, X11 və X1 rayonundan məcburi köçkündürlər. Komitə tərəfindən onlara məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir.

19. Məhkəmə sorğusuna cavab olaraq Laçın Rayon İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-64/2-707/2025 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü Qanuni nümayəndə Laçın rayonunun Mirik kənd ərazi dairəsinin Mirik kəndində daimi pasport qeydiyyatında olmaqla, hazırda Bərdə rayonu, Kələntərli köçkün qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmışdır. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən vahid aylıq müavinət alır. Qanuni nümayəndə övladları xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü X3 rayonunun Mirik kənd ərazi dairəsinin Mirik kəndində daimi pasport qeydiyyatında olmaqla, hazırda Bərdə rayonu, Kələntərli köçkün qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmışdır. Onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən vahid aylıq müavinət almır. Qanuni nümayəndə arvadı, X10 isə Laçın rayonu üzrə daimi pasport qeydiyyatında deyil, məcburi köçkün statusu yoxdur. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən vahid aylıq müavinət almır.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsinə nail olmaqdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtin ödənilməsi mübahisəsizdir (Qərarın 6-cı və 7-ci bəndləri) və həmin halları cavabdeh də mübahisələndirmir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının atası Qanuni nümayəndə Laçın rayonu, Mirik kəndində qeydiyyatda olsa da, anası X2 rayonu, Muğanlı kəndində qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının anasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Bərdə rayonu, Muğanlı kəndi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-880/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur Yuxarıda qeyd edilən məhkəmə qərarından görünür ki, Ali Məhkəmə müvafiq kateqoriyadan olan mübahisələrə dair formalaşdırdığı hüquqi mövqedə ifadə etmişdir ki, əgər şəxsin hər iki valideyninin yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş əraziyə aid deyilsə, həmin halda Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmiş hesab olunur və bu səbəbdən məcburi köçkün statusunun verilməsindən imtina hüquqi əsaslıdır Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar