Məhkəmə qərarları › İş №2-1(114)-4769/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4769/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4769/2024 23.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı məcburi buraxılmış günlərə görə hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 331-K nömrəli əmri ilə ədliyyə orqanlarında qulluqla bir araya sığmayan və onun nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyinə görə Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə nazirinin 04 iyun 2024-cü il tarixli 331-K nömrəli əmrinə əsasən onun ədliyyə orqanlarından xaric edilməyinin qanunsuz hesab edilərək ləğv edilməsi və onun yenidən işə bərpa edilməyi barədə inzibati aktı qəbul etmək vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə Daşkəsən rayon İcra Qrupunda icra məmuru (stajor vəzifəsi üzrə) başlamış, 2012-2015-ci illərdə Göygöl rayon İcra Şöbəsində icra məmuru, 2015-2022-ci illərdə Gəncə Regional Ədliyyə İdarəsində məsləhətçi və 15 fevral 2022-ci ildən 04 iyun 2024-cü il tarixədək Göyçay Rayon İcra və Probasiya Şöbəsində böyük icra məmuru (probasiya üzrə) vəzifəsində çalışmışdır. Ümumilikdə ədliyyə orqanlarında 13 ildən artıq əmək fəaliyyəti var və İ dərəcəli ədliyyə qulluqçusudur. Fəaliyyəti dövründə qanunun əliliyinin qorunması xidmətdə nümunəvi ədliyyə işçisi olaraq fəaliyyətinin əsasını təşkil etmişdir. Ədliyyə nazirinin qeyd etdiyi 04 iyun 2024-cü il tarixli 331-K nömrəli əmrində əvvəllər barəsində tətbiq olunmuş intizam icraatından nəticə çıxarmadığı, etik davranış qaydalarının kobud şəkildə pozaraq ədliyyə orqanlarında qulluqla bir araya sığmayan və onun nüfuzunu salan hərəkətlərə yol verərərək,icraatımda olan iş üzrə məhkumla qeyri-rosesual münasibətlər qurmaqla avtomobillərin alqı-satqısı ilə məşğul olmağı,ona elektron nəzarət vasitəsi tətbiq etməməyi və digər qanuna müvafiq tədbirlər görməməklə cəzanın icrasından boyun qaçırmasına şərait yaratmağı qeyd olunmuşdur.Ədliyyə nazirinin 04 iyun 2024-cü il tarixli 331-K nömrəli əmrində onun qeyri prosesual münasibətlər qurararaq avtomobil alqı-satqısı ilə məşğul olmağı və Ağsu Rayon İcra və Probasiya Şöbəsinin probasiya üzrə icra məmuru Məqsəd Cavadlıdan avtomobillərin alqı-satqısı ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitləri almağıda həqiqəti əks etdirmir.Belə ki, Məqsəd Cavadlı ona yox pulu onun qardaşının avtomobil aldığı Arif Hacalıyevə vermişdir.Əmrdə qeyd olunan məhkuma elektron nəzarət vasitəsi tətbiq edilməmişdir və məhkumun barəsində qanunamüvafiq tədbirlər görülməmişdir ifadəsidə həqiqəti əks etdirmir.Belə ki, həmin məhkuma onun tərəfindən elektron nəzarət vasitəsi tətbiq edilmiş,elektron nəzarət vasitə tətbiq edilməsi barədə tərəfindən protokol yazılmış və eyni zamanda da həmin tətbiq edilmiş elektron nəzarət vasitəsinin tətbiq edilməsi Probasiya Xidmətinin Monitorinq İdarəsində qeydiyyata da alınmişdir.Bir neçə aydan sonra elektron nəzarət vasitəsindən siqnal gəlmədiyi barədə Monitorinq İdarəsindən məlumat daxil olmuşdur.Bundan sonra məhkum tərəfindən şöbəyə dəvət olunmuş və baxış zamanı həqiqətəndə mobil qurğunun sönməsi və enerji yığmaması müəyyən olunmuşdur.Tərəfindən bu barədə də protokol yazılmış və məhkuma hökm üzrə üzərinə qoyulmuş vəzifələr izah edilmişdir.Həmin məhkuma və dəyişdirilməsinə ehtiyyac olan digər məhkumlara yeni elekton nəzarət vasitələrinin ayrılması barədə dəfələrlə Probasiya Xidmətinə müraciətlər etməsinə baxmayaraq elektron nəzarət vasitəsi ayrılmamışdır. Buna baxmayaraq məhkum tərəfindən mütəmadi olaraq şöbəyə çağrılmış onunla proflaktik söhbətlər aparılmış,eyni zamanda müxtəlif tarix və saatlarda məhkumun yaşadığı evə baş çəkərək hökm üzrə üzərinə qoyulmuş vəzifələrə əməl edib-etməməsi yoxlanılmışdır.Məhkum çağırışlara gəlmədiyi vaxt barəsində məcburi gətirilmə barədə qərar qəbul edilərək Göyçay Rayon Polis Şöbəsinə göndərilmiş,gəlməkdən boyun qaçırdığı üçün ona tərəfindən töhmət verilmişdir. Əlavə olaraq onuda qeyd edir ki, ailədə işləyən yeganə şəxs o olmuş və başqa gəliri yoxdur,atası ağır əməlliyyat keçirmiş xəsdədir,anası şəkər xəstəsidir,arvadı İİİ qrup əlildir və öhdəsində üç azyaşlı uşaq vardır. Cavabdeh orqan iddiaya qarşı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, sabiq ədliyyə işçisi İddiaçı Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 331-K nömrəli əmrə əsasən ədliyyə oranlarından xaric edilməyinin qanunsuz hesab edilərək ləğv edilməsi və yenidən işə bərpa edilməsi barədə inzibati aktı qəbul etmək vəzifəsinin Ədliyyə Nazirliyinin üzərinə qoyulması tələbinə dair 2-1(114)- 4769/2024 saylı inzibati iş vardır.Məlumat üçün qeyd edirik ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Ədliyyə orqanlarına işə qəbul edilmiş, Daşkəsən və Göygöl rayon icra qurumlarında icra məmuru işləmiş, xx.xx.2015-ci il tarixdə Gəncə regional ədliyyə idarəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. O, həmin vəzifədə işləyərəkən fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2022-ci il tarixdə intizam qaydasında aşağı vəzifəyə keçirilərək Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) təyin edilmişdir.Həmin vəzifədə işləyərkən iddiaçının fəaliyyəti ilə bağlı Probasiya xidmətinə daxil olmuş vətəndaş müraciətinin araşdırılması zamanı iddiaçı tərəfindən ədliyyə orqanlarında qulluqla bir araya sığmayan və orqanın nüfuzunu aşağı salan hərəkətlərə yol verilməsi halları aşkar edilmiş və iddiaçı xx.xx.2024-cü il tarixli 331- K nömrəli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. Hazırkı iddia ərizəsində göstərilənləri aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edirik.İddia qeyri-mümkün sayılmalıdır. Belə ki, iddiaçı barəsində olan xx.xx.2024- cü il tarixli əmr ona 1 gün sonra xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və əmri imzalayaraq tanış olmuşdur. Lakin Bakı İnzibati Məhkəməsinə təqdim edilən iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Beləliklə iddiaçı iddia qaldırılması üçün qanunla müəyyən edilən müddəti ötürmüşdür.Bilindiyi kimi, mövcud qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən edir.İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, İddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü üçün, onun iddiası qeyri-mümkün sayılmalıdır.İddiaçı, Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) işləmiş İddiaçı həmin vəzifədə işləyərkən fəaliyyəti ilə bağlı Probasiya Xidmətinə daxil olmuş məlumatların araşdırılması zamanı onun tərəfindən qanun pozuntularına, kobud nöqsan və çatışmazlıqlara yol verilməsi halları aşkar edilmişdir. Belə ki, vətəndaş Müşfiq Ağayev şikayətində Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) vəzifəsində işləyən, hazırkı İddiaçı və şöbənin qeydiyyatında olan məhkum Arif Hacalıyev tərəfindən aldadıldığını, sonuncunun ondan aldığı "Mercedes” markalı avtomobilin pulunu vermədiyini, həmin şəxslərin onun ümumilikdə 15500 manat məbləğində pul vəsaitini ələ keçirdiklərini bildirərək avtomobilin və pulunun geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir.Şikayət araşdırılarkən müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən X1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur.Məhkəmənin hökmü və hakimin göstərişi xx.xx.2022-ci il tarixdə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə daxil olaraq icrası böyük icra məmuru (probasiya üzrə), hazırda İddiaçı həvalə edilmiş, həmin tarixdə məhkum qeydiyyata alınaraq ona “Attenti” markalı elektron qolbaq tətbiq edilməsi barədə protokol tərtib edilsə də, həmin elektron qolbaq məhkuma faktiki olaraq 9 ay müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə tətbiq edilmişdir.X2 üzərində elektron monitorinq aparılarkən onun xx.xx.2023-cü il tarixdən araşdırma dövrünədək “aktivlik və izləmə məlumatlarının gəlməməsi barədə daxil olmuş siqnallar İddiaçı tərəfindən araşdırılmamış, digər tədbirlər görülməmiş və nəticədə uzun müddət ərzində məhkum tərəfindən cəzanın icrası qaydasının pozulmasına şərait yaradılmışdır.X2 nəzarətsiz qalması ilə əlaqədar Göyçay rayonunun ərazi hüdudlarını tərk edərək əsasən Bakı şəhərində olduğu müəyyən olunmuşdur ki, bununla əlaqədar verilmiş təqdimata əsasən Göyçay rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun cəzası dəyişdirilərək 1 ay 25 gün müddətində azadlıqdan məhrum edimə cəzası ilə əvəz edilmişdir. Araşdırma zamanı iddiaçının məhkumla birgə avtomobil alqı-satqısı ilə məşğul olması halı (adına etibarnamə verilmiş, alqı-satqı üçün borc pul almış və s.) öz təsdiqini tapmış, barəsində olan şikayətin haqlı olduğu müəyyən edilmişdir.Beləliklə İddiaçı etik davranış qaydalarının tələblərini kobud şəkildə pozaraq ədliyyə orqanlarında qulluqla bir araya sığmayan və onun nüfuzunu aşağı salan hərəkətlərə yol verəsi, icraatında olan iş üzrə məhkumla qeyriprosessual münasibətlər qurmaqla avtomobillərin alqı-satqısı ilə məşğul olması, ona elektron nəzarət vasitəsini tətbiq etməməsi və digər qanunamüvafıq tədbirlər görməməklə cəzanın icrasından boyun qaçırmasına şərait yaratması (məhkum bu halı izahatı ilə təsdiq edir) öz təsdiqini tapmışdır. Araşdırma zamanı məhkum izahatında qeyd olunanları ona aid hissədə təsdiq edir.Bundan başqa İddiaçı həmçinin Ağsu rayonu üzrə probasıya məmuru Məqsəd Cavadlıdan avtomobillərin alqı-satqısı ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitləri almış, lakin həmin pulun bir hissəsini qaytarmamış, vədinə əməl etməmişdir.Yuxarıda göstərilənlərə əsasən, ədliyyə orqanlarında qulluqla bir araya sığmayan və onun nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyinə görə Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı 04 iyun 2024-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir.“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun ^11 -ci maddəsi ədliyyə orqanlarında qulluqla bir araya sığmayan aşağıdakı fəaliyyətlər qeyd olunmuşdur;-11.1. Ədliyyə orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz.11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur:-11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməyə;“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.1 -ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:31.1.8. ədliyyə orqanlarından xaric etmə; İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məcburi buraxılmış günlərə görə hesablanmış əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq, iclasda iştirak edə bilməyəcəyini bildirərək etirazda qeyd olunmuş dəlillərə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir və bildirmişdir ki, xidmət etdiyi müddətdə tərəfindən xidməti ilə bir araya sığmayan heç bir pozuntu olmamış, xidmətini layiqincə davam etdirmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur, eyni zamanda iş materialında mövcud olan poçt qəbzindən müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin Bakı İnzibati Məhkəməsinə göndərilməsi üçün poçt xidmətinə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11250/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə poçt xidmətinə təqdim edilmişdir. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, işin hallarında müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 331-K nömrəli əmri ilə ədliyyə orqanlarında qulluqla bir araya sığmayan və onun nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyinə görə Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. Hazırda isə iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli 331-K nömrəli əmrinin ləğv edilməsi və məcburi buraxılmış günlərə görə hesablanmış əmək haqqının ödənilməsindən ibarətdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanuna əsasən: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. M a d d ə 10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 10.0.5. lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. M a d d ə 11. Ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyət 11.1. Ədliyyə orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz. 11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 11.2.4. işlədiyi ədliyyə orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə; 11.2.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 11.2.6. dini təbliğ etmək üçün ədliyyə işçisinin statusundan istifadə etməyə və ədliyyə orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:31.1.8. ədliyyə orqanlarından xaric etmə; Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı ədliyyə qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, ədliyyə orqanlarında qulluqla bir araya sığmayan və onun nüfuzunu aşağı salan hərəkətlərə yol vermiş və 04 iyun 2024-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar